21 fevral Beynəlxalq Ana Dili Günüdür
20.02.2018
21 fevral Beynəlxalq Ana Dili Günüdür
İllər ötdü, yaşa doldum,
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
Doğransam da dilim-dilim.
Mən aşiq dilim-dilim,
Qovun kəs, dilim-dilim,
Öz dilimdən dönmərəm,
Doğransam dilim-dilim.
Ana dilimiz öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və öz ana dilində danışır.
21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
YUNESKO-nun məlumatına görə, dünyada 6000-dən çox dil var. Sizcə, dünyada ən çox danışılan dil hansıdır? Bir çoxunuz bu sualın cavabının “inglis dili” olacağını deyəcəksiniz. Amma əslində belə deyil.
Beynəlxalq statistikaya görə, hazırda dünyada ən çox işlənən dil çin dilidir. Sonra isə ingilis, hind, ispan, rus, ərəb, benqal, portuqal, indoneziya, fransız və türk dilləri göstərilir.
Müasir dünyada ən işlək dillər ingilis, ispan, ərəb, rus, fransız, alman, çin, portuqal dilləri hesab olunur. Dünya ölkələrinin təmsil olunduğu Birləşmiş Millətlər Təşkilatında 6 rəsmi dil var: ingilis, fransız, ərəb, çin, rus və ispan dilləri.
Gələn əsrədək dünya dillərinin bəzilərinin itib-batacağı gözlənilir. Çünki onlardan danışıq dili kimi istifadə olunmur. Bir dilin yaşaması üçün isə həmin dildə ən azı 100 min insan danışmalıdır. Bu gün dünyada 200-ə yaxın dil var ki, onların hər birində cəmi 10 adam danışır. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Beynəlxalq ekspertlərin araşdırmaları göstərib ki, yox olmaq təhlükəsilə üzləşən dillər əsasən, milli azlıqların dilləridir.
2009-cu ilin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Ölkəmizdə yaşayan azsaylı xalqlar və etnik qrupların nümayəndələri Azərbaycan dilini də doğma dil kimi qəbul edirlər. Lakin öz unikal mədəniyyətlərini və doğma dillərini də unutmurlar. Gəlin, Azərbaycandakı bu müxtəlifliyə nəzər salaq.
Avarlar Azərbaycan Respublikasının əsasən Zaqatala və Balakən rayonlarında yaşayan etnik azlıqlardan biridir. Şimali Qafqaz dil ailəsinə məxsus olan avar dilində danışırlar.
Assuriyalılar Azərbaycanda yaşayan etnik qruplardan biridir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında kiçik bir etnik qrup kimi məskunlaşmışlar. Dilləri assuriya dilidir.
Axısqa türkləri. Ölkəmizdə təqribən 38 min nəfər axısqa türkləri yaşayır. Tarixi torpaqları Gürcüstan olan bu xalq həmin ərazidən Qazaxıstanın və Orta Asiyanın çöllərinə sürgün edilib. Onların Azərbaycana kütləvi köçürülməsi XX əsrin 50-ci illərinə təsadüf edir. İlk yaşayış məskənləri Xaçmaz, Quba, Saatlı, Sabirabad və Beyləqan rayonlarında olub. Çox zaman onları Mesxeti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır.
Almanlar. Azərbaycanda yaşayan almanları ruslar 1819-cu ildə Vyutenberq krallığından köçürmüşlər. İlk dəfə Gəncədə (Yelizavetpol), Göygöldə (Yelenendorf), Hacıkənddə, Şəmkirdə (Annenfeld), Bakıda və s. ərazilərdə məskunlaşmışlar. Almanlar Azərbaycanda alman mədəniyyətini, təhsilini yaymış, həmçinin üzümçülüyü, şərabçılığı, tikinti-inşaat işlərini inkişaf etdirmişlər. Böyük Vətən müharibəsindən sonra almanların yüksək inkişafını görən sovet imperiyası onları Sibirə və Qazaxıstana sürgün etmişdir. Dilləri alman dilidir.
Axvaxlar Zaqatalanın Oxoxdərə kəndində yaşayırlar. Axvax dili Liber-Qafqaz dilləri ailəsinin Dağıstan dilləri qrupunda Andi (bəzən Avar-Andi-Didoy) altqrupuna aid olan dillərdən biridir.
İngiloylar əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. I Şah Abbasın dövründə müsəlmanlığı qəbul etmişlər. Bu qrupun nümayəndələri gürcü dilinin cənub dialektində danışırlar.
Kürdlər hazırda Naxçıvan MR-nın Sədərək rayonunda rayon mərkəzində, Culfa rayonunun Teyvaz kəndində və Şərur ayonunun Dərəkənd kəndində yaşayırlar, həmçinin erməni işğalına qədər Laçın (Qarakeçdi, Çıraqlı və Minkənd kəndləri), Kəlbəcər (Ağcakənd, Zar kəndlərində tam şəkildə, digər kəndlərdə isə qarışıq şəkildə), Qubadlı (Zilanlı kəndi) rayonlarında da kürdlər yaşayırdılar. Kürdlər İran dil ailəsinə məxsus kürd dilində danışırlar.
Qaraçılar köçəri xalqlardan biridir. Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya qitəsində rast gəlinir. Azərbaycanda qaraçılar Balakən ərazisinə I Şah Abbasın köçürmə siyasəti dövründə yerli tayfaların qiyamlarının qarşısını almaq məqsədilə köçürülüblər. Əsasən Şambulbinə, Gülüzənbinə, Məlikzadə kəndlərində yaşayırlar. Balakəndəki qaraçılar farsdillidir. Bundan başqa, qaraçılar Şamaxı, Yevlax rayonlarında və Borçalıda yaşayırlar. Roman dili və ya qaraçı dili — qaraçılar danışan dildir. Bu dil Hind-Avropa dillərinə mənsubdur və qaraçılar Hindistan mənşəli olduğu üçün hind dilləri ilə yaxından qohumdur. Dil tədricən unudulur.
Ləzgilər Dağıstan və Azərbaycanda yaşayırlar. Azərbaycanda əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Oğuz, Göyçay rayonlarında yaşayırlar. Onların əksəriyyəti islam dininə etiqad edir. Dilləri ləzgi dilidir.
Lahıclar tatların bir qolunu təşkil edirlər. İsmayıllının Lahıc qəsəbəsində yaşayırlar. Lahıc dili İsmayıllıda yaşayan tatların dilidir. Dəmir üzərində döymə və misgərliklə məşğuldurlar. İslam dininə etiqad edirlər.
Polyaklar. Azərbaycana polyakların gəlməsi XVII əsrin əvvəllərindən başlayır. Hazırda ölkəmizdə 200 nəfərə yaxın polyak yaşayır. Dilləri polyak dilidir. Bu gün Bakıda, Gəncədə, Zaqatalada və Qubada polyaklara məxsus katolik kilsələr mövcuddur.
Ruslar. XIX əsrdə Azərbaycana köçürülən rus əhalisini iki qrupa bölmək olar. Həmin əsrin 70-80-ci illərindən sonra burada məskunlaşan rusların bir qismi müflisləşmiş və yerlərdə torpaqdan məhrum olmuş kəndlilər, digər qrup isə xristian dininin müxtəlif cərəyanlarına məxsus olan təriqətçilər idi (molokanlar). Hazırda Azərbaycanda molokanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar. Onlar öz adət-ənənələrini, dillərini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli azərbaycanlılarla qarşlıqlı ünsiyyət də qurmuşlar. XX əsrin 20-30-cu illərində Azərbaycana rusların miqrasiyası güclü olmuşdur. Onlar təsərrüfatın müxtəlif sahələrinə aid mütəxəssislərdən, alimlərdən, fəhlələrdən ibarət idi. 1989-cu ildən sonra rusların Azərbaycandan kütləvi axını baş verdi.
Rutullar Azərbaycanda və Rusiyada etnik qrupdur. İslam dininə etiqad edirlər. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı səviyyədə bilirlər (müvafiq olaraq Azərbaycan və rus dillərini). Azərbaycanda əsasən Şəki şəhərinin Şin və Qaynarca kəndlərində yaşayırlar.
Saxurlar. Saxur dili Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biridir. Azərbaycanda əsasən Zaqatala və Qax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən saxur kəndlərində işlənilir. Danışanların sayı 22 min nəfərdir. Saxurlar islam dininə etiqad edirlər. Maraqlıdır ki, saxur dilində ismin 18 halı, feilin 7 növü vardır.
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupuna daxil olan etnoslar -Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, ,əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say etibarı ilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bunların da hərəsinin öz dili var və o dildə danışırlar.
Talışlar Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında və eləcə də İranın şimalında yaşayan xalqdır. İran dil ailəsinə mənsub olan talış dilində danışırlar.
Tatlar Azərbaycanın əsasən Quba, Xızı və Xaçmaz rayonlarında və bəzi Bakı kəndlərində yaşayan azsaylı xalqdır. Tat dilində danışırlar.
Tatarlar. Tatar icmasının Azərbaycanda məskunlaşması XX əsrin əvvəllərinə təsadüf edir. O vaxt tatarların bir qismi bu yerlərə çarizm tərəfindən sürgün edilmiş, digər qismi isə Bakının neft sənayesində işləmək məqsədilə gəlmişdi. Onlar türk dillərinin qıpçaq qrupuna aid olan tatar dilində danışırlar. Dini inanclarına görə müsəlmandırlar. Kiçik bir qrupları xristian (pravoslav) dininə sitayiş edir.
Udilər. Dünyanın etnik xəritəsində udi (bəzi mənbələrdə udin) adlı etnos yalnız Azərbaycanın ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olmuş, çoxlu qədim ünsürləri qoruyub saxlaya bilmişlər. Udi dilinin əlifbası yoxdur. Azərbaycanın köklü, aborigen etnoslarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məntəqəsində məskunlaşmışlar. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayon mərkəzində yaşayırlar. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinini saxlamışlar.
Ukraynalılar. Ukraynalılar şərqi slavyanların bir qoludur. Müstəqil etnik birlik kimi ukrayna xalqı XVI əsrdə formalaşmışdır. Azərbaycanda XIX əsrin əvvəllərindən məskunlaşmışlar. Ukrayna dili rus dili ilə xeyli ortaq cəhətlərə malikdir.
Yəhudilər əsrlər öncə İrandan gəlmişlər. Onların yeganə varisləri olan dağ yəhudiləri təkcə Quba rayonundakı Qırmızı Qəsəbədə kompakt halında, Oğuz rayon mərkəzində və Bakıda yaşayırlar. Dilləri ivrit adlanır.
Yunanlar. Azərbaycanda yaşayan yunanlar əsasən Pont yunanlarının törəmələridir. Onlar vaxtı ilə Osmanlı imperiyasını tərk edərək bölgəyə gəlmişlər. Son siyahıya alınmaya görə Azərbaycanda cəmi 535 yunanın yaşadığı məlum olmuşdur. Onlar əsasən Bakıda, az miqdarda Sumqayıtda, Qaxda, Gəncədə, Qubada və Xaçmazda yaşayırlar. Ana dilləri yunan dilidir. Azərbaycan dilində sərbəst danışırlar.
Hazırladı: Aygün Əliyeva
Məzmun standartları və ixtisasartırma proqramları
şöbəsinin baş mütəxəssisi, pedaqoji elmlər namizədi