ELANLAR

UNESCO-nun təhsil hüququ kampaniyası (#RightToEducation)

22.11.2018

Dəyərli ASPnet məktəblərinin əlaqələndiriciləri,

Sizi UNESCO-nun təhsil hüququnu təşviq edən rəqəmsal kampaniyaya qoşulmağa dəvət edirik. Bildiyiniz kimi, təhsil hüququ mütləq prioritetdir və keyfiyyətli təhsilə bərabər çıxış imkanlarını təmin etmək UNESCO-nun qlobal missiyasının əsasını təşkil edir. Kampaniya Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr edilir. O, 2018-ci il dekabr ayının 18-dək davam edəcək və video, animasiya, şəkil və hekayələr vasitəsilə təhsil hüququnun əhəmiyyətini və bu yolda maneə törədən əsas çətinlikləri təhlil edəcəkdir. Bu, bütün dünyada hər bir ölkənin qanuni vəzifə və öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün UNESCO-nun gördüyü işi nümayiş etdirəcək.

UNESCO məktəblərinizi bu kampaniyaya qoşulmağa səsləyir. Kampaniyaya qoşulmaqla siz ideyanın yayılmasına və #RightToEducation fikrinin bütün şagirdlər tərəfindən anlaşılması, tanınması və dəstəklənməsinə şərait yaradırsınız.

Aşağıda şagirdləri kampaniyada iştiraka necə təşviq etmək və materialları müxtəlif yaş qruplarına nə cür uyğunlaşdırmaq barədə təklif və ideyalar tapa bilərsiniz.

Dəstəyiniz üçün təşəkkür edirik.

Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün

  • Səhər görüşündə təhsilin və təhsil hüququnun niyə vacib olması ilə bağlı izahata qısa vaxt ayırın və uşaqlardan soruşun: “Kim məktəbə getməlidir?” “Təhsil hüququ haqqında nəyi bilməliyik?” adlı məqalədən faydalana bilərsiniz.

  • UNESCO-nun Rina adlı bir qız və onun məktəbə getmək istəyi haqqında animasiya filmini izləyin.

  • Uşaqlardan öz gözlərinin şəklini çəkməyi və rəngləməyi xahiş edin. Gözlər kampaniyanın vizual simvoludur. Bundan əlavə, tərbiyəçilər uşaqlara #RightToEducation-nu öz təsvirlərinə daxil etməyə kömək edə bilərlər.

  • Uşaqların təsvirlərini bağçanızın sosial media kanallarına (#RightToEducation və #ASPnet həştəqindən istifadə edərək) göndərin.

  • Bağçanızın kampaniyaya qoşulduğunu göstərmək üçün ASPnet platformasına təsvirlərin foto şəkillərini göndərin.

  • Əgər #RightToEducation kampaniyasında daha fəal iştirak etmək istəyirsinizsə, kampaniyanın vebsaytına müraciət edin.

İbtidai sinif müəllimləri üçün

  • Təhsilin və təhsil hüququnun niyə vacib olduğunu izah edən sessiya təşkil edin və kimlərin məktəbə getməli olduğunu şagirdlərdən soruşun.

Mənbələr:

  • - “Təhsil hüququ haqqında nəyi bilməliyik?” (məqalə)

  • - “Məktəbə getməyə kimlərə icazə verilir?” (video)

  • - “Anam deyir ki, məktəb qızlar üçün deyil” (video)

  • Şagirdlərdən xahiş edin ki, kampaniyanın vizual simvolunu əks etdirərək dostlarının gözlərini çəksinlər.

  • Şagirdlərə təhsil hüququ ilə bağlı ismarıclar fikirləşməyi təklif edin.

  • Şagirdlərin təsvirlərini məktəbin sosial media kanallarına (#RightToEducation və #ASPnet həştəqindən istifadə edərək) göndərin.

  • Məktəbinizin kampaniyaya qoşulduğunu göstərmək üçün şagirdlərin şəkillərini ASP platformasına yükləyin.

  • Əgər #RightToEducation kampaniyasında daha fəal iştirak etmək istəyirsinizsə, kampaniyanın vebsaytına müraciət edin.

Orta və peşə məktəbi müəllimləri üçün

  • Şagirdlərdən təhsilin vacibliyi barədə nə düşündüklərini və kimlərin məktəbə getməli olduğunu soruşun. Təhsil hüququna sahib olmanın əsas səbəblərini şagirdlərlə müzakirə edin.

Mənbələr:

  • - “Təhsil hüququ haqqında nəyi bilməliyik?” (məqalə)

  • - “Sosial ədalət və bərabərlik: Təhsil hüququ üzrə fəaliyyət göstərməyin əsas prinsipləri” (məqalə)

  • - “Həyat məqsədinizə nail olduğunuz an” (video)

  • - “Məktəbə getməyə kimlərə icazə verilir?” (video)

  • -  “Anam deyir ki, məktəb qızlar üçün deyil” (video)

  • UNESCO-nun Təhsil Hüququnu Müşahidə Mərkəzini araşdıraraq ölkənizdə təhsil hüququnun necə təmin edildiyini yoxlayın.

  • Təhsil hüququnun hamı üçün gerçəkləşməsi məqsədi ilə müxtəlif insanların nələr edə biləcəyini müzakirə edin.

  • Şagirdləri gözlərinin şəklini çəkməklə Instagram üzərindən UNESCO kampaniyasına qoşulmağa təşviq edin və @UNESCO, #RightToEducation, #ASPnet həştəqindən  istifadə etdiklərindən əmin olun.

  • Əgər #RightToEducation kampaniyasında daha fəal iştirak etmək istəyirsinizsə, kampaniyanın vebsaytına müraciət edin.