FAYDALI MATERİALLAR

YUNESKO-nun baş direktoru xanım İrina Bokovadan məktub

23.04.2017

Ümumdünya Kitab və Müəllif Hüquqları günü münasibətilə YUNESKO-nun baş direktoru xanım İrina Bokovadan məktub       

Ümumdünya Kitab və Müəlliflik Hüququ gününün qeyd olunmasında məqsəd bütün vətəndaşlar üçün açıq, plüralist, ədalətli,  savadlı cəmiyyətin formalaşdırılmasında  kitabların rolunu vurğulamaqdır.

Cəmiyyətin öz “həssas” təbəqəsinə qarşı münasibəti onun insanlıq göstəricisidir.  Müxtəlif səbəblərdən görmə, öyrənmə və ya fiziki imkanlarına görə fərqli olan şəxsləri kitabla təmin etmək məsələsinə bu nəzər nöqtəsindən baxsaq, qarşılaşdığımız problem “kitab qıtlığı” olacaq.

Ümumdünya Korlar Birliyinin məlumatına əsasən, dünyada təxminən hər 200 şəxsdən biri ‒ 39 milyon insan görmə qabiliyyətinə malik deyil. Digər 246 milyon şəxsin görmə qabiliyyəti kəskin şəkildə azalmışdır. “Görmə qüsurlu” və digər səbəblərdən çap materiallarını oxuya bilməyən şəxslər bütün yazılı məlumatların və çap vəsaitlərinin yalnız 10%-dən istifadə edə bilirlər. Həmçinin adi çap kitabları öyrənmə məhdudiyyəti olan şəxslər üçün əlçatmaz mənbəyə çevrilərək onların oxuma və dərketmə  tələbatlarına cavab vermir. Beynəlxalq Disleksiya Assosiasiyasının məlumatına görə, məktəblilərin 3-5%  xüsusi  köməyə ehtiyacı vardır.

BMT-nin “Məhdud qabiliyyətli şəxslərin hüquqları və davamlı inkişaf hədəfləri” adlı konvensiyası  bu şəxslərin digərləri kimi, kitablardan, biliklərdən istifadəsini və mədəni həyatda iştirakının inkişaf etdirilməsi məsələsini önə çəkmişdir.

Konvensiyanın müddəalarına əsaslanaraq, YUNESKO cəmiyyətin  xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı maarifləndirilməsi,  bu şəxslərin ləyaqətinin və hüquqlarının qorunması, rifahının yüksəldilməsi və onların cəmiyyətə inteqrasiya olunmasına kömək məqsədilə işlər aparır.

2017-ci il “Ümumdünya kitab paytaxtı” təyin olunmuş Qvineyanın paytaxtı Konakridə cəmiyyətin gənc və kimsəsiz təbəqəsi arasında mütaliənin təbliği proqramı qəbul olundu.

Gəlin ideyaları və informasiyanı paylaşmaq, cəmiyyəti tolerantlığa həvəsləndirmək məqsədilə  Konakri şəhəri və başqa beynəlxalq tərəfdaşlarla, Beynəlxalq Naşirlər Assosiasiyası və Beynəlxalq Kitabxana Birliyi Assosiasiyası ilə birgə kitabları təbliğ edək.