FAYDALI MATERİALLAR

Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü münasbətilə ismarıc

12.05.2017

YUNESKO-nun baş direktoru, xanım İrina Bokovadan Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü münasbətilə ismarıc

Təbii müxtəliflik ekosistemlərin təmin olunmasında önəmli rol oynadığı kimi, mədəni müxtəliflik də inkişaf etməkdə olan cəmiyyətin əsas amilidir. Mədəni müxtəliflik həyatımızı sivil yollarla  zənginləşdirən yeni fikir və perspektivlər təqdim edir, hər bir fərdin və toplumun inkişafına imkan yaradır. Sinifdə mədəni müxtəliflik amili şagirdin təhsilində və uğura doğru addımlamasında önəmli rol oynayır. Həmçinin mədəni müxtəlifliyin olduğu iş yeri yalnız yenilikçi deyil, eyni zamanda, daha səmərəli və iqtisadi cəhətdən sərfəlidir.

Bü gün bəşəriyyətin zəngin mənəvi mirası da daxil olmaqla, mədəni müxtəlifliyin saysız-hesabsız faydasını qeyd etmək, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq kimi dəyərlər əsasında qurulmuş daha dinc bir dünya qurmaq öhdəliyinin təkidlə ifadə olunması üçün bir fürsətdir.

Mədəni müxtəlifliyi bayram etməklə yanaşı, həmçinin onun böyük bir təhlükə altında olduğunu da vurğulamaq önəmlidir. Bütün dünyada zorakı ekstremistlər mədəni azlıqları hədəf seçərək, insanlarla  onların tarixləri arasındakı əlaqəni zəiflətmək üçün ortaq mədəni mirası məhv etməyə çalışırlar. Digər tərəfdən, nəzarətsiz şəhərsalma mədəni müxtəlifliyi məhv edərək şəhərləri etalonlaşdırma təhlükəsi altında qoyur.

Dayanıqlı İnkişafın 2030-cu il üçün olan gündəliyi ilə beynəlxalq icma mədəniyyətin yeniləşmə və inkişaf üçün əhəmiyyətli rol oynadığını vurğuladı. Cəmiyyətin bütün üzvlərinin inkişafdan faydalanmasını siğortalamaq məqsədilə davamlı dialoqlar aparmaq, bəşəriyyətin mədəni müxtəlifliyinin gücünə və kreativliyinə müraciət etmək vacib şərtlərdən biridir, əks halda nəzərdə tutulmuş 17 hədəfə çatmaq mümkünsüzdür.

Martin Lüter vurğulamışdır: “Haradasa baş  vermiş ədalətsizlik, hər yerdə ədaləti təhdid edir.  Biz yaxa qurtarmaq mümkün olmayan birgəlik içindəyik və bir taledə birləşmişik”. Buna görə də mən inanıram ki, XXI əsrdə biz ədalətdən olan gözləntilərimizi, həmçinin bütün qadınları və kişiləri istiqamətləndirəcək qarşılıqlı anlayış və ləyaqəti təzələmək üçün yeni humanizm anlayışına ehtiyac duyuruq.

YUNESKO insan haqlarına əsaslanaraq fərqliliyin və müxtəlifliyin bizi daha da gücləndirəcəyinə, həmçinin mədəni müxtəlifliyə hörmətlə yanaşmağın mədəniyyətlərarası dialoqa, sülhə və dayanıqlı inkişafa önəmli təsiri olacağına inanır. 2030-cu il üçün nəzərdə tutulan gündəliyi reallaşdırmaq üçün birlikdə çalışdığımıza və mədəni müxtəlifliyin təhlükə altında olduğunu bildiyimizə görə gəlin, bu gün münasibətilə mədəni müxtəliflikləri bağrımıza basaq və daha parlaq “tale birgəliyi” yarada biləcəyimizi dərk edək.

YUNESKO-nun baş direktoru, xanım İrina Bokova 

 12 may 2017-ci il