FAYDALI MATERİALLAR

Buraxılış siniflərində işləyən müəllimlərə tövsiyələr

05.06.2017

Əziz müəllimlər, əgər siz IV, IX və ya XI siniflərdə dərs deyirsinizsə, 2 həftədən sonra şagirdlərinizlə sağollaşmaq vaxtı çatacaq. Vida prosesini səmərəli və həm də öyrədici etmək sizin əlinizdədir.

1. Fərdi qeydlər və ya kartlar

Hər bir şagirdin  ona xas olan bir xüsusiyyətini  təqdir edən qeyd yazın. Daha maraqlı və yaddaqalan olması üçün qeydə kiçik bir hədiyyə əlavə edin, məsələn, qələm, gül və s. Şagirdinizin gözlərindəki sevinc və məmnuniyyət sizi təəccübləndirəcək.

2. Tövsiyə guşəsi hazırlayın

Sinif otağında bir guşəyə rəngbərəng vərəqlərdə şagirdlərinizə gələcək ömür yollarında kömək edəcək tövsiyələr yazıb asın. Bu tövsiyələrdə şagirdlərə fərdi yanaşmaq lazım deyil,  bütün sinfə faydalı olacaq ümumi məsləhətlər verin.

3. “Şəkil köşkü” yaradın

Sinifdə şagirdlərinizin şəkillərindən ibarət bir köşk yaradın. Köşkə məzun olacaq şagirdlərin məktəbə  gəldiyi gündən ötən  illər ərzində həyatının müxtəlif anlarını əbədiləşdirən şəkilləri yerləşdirin.

4. Şagirdləri ruhlandıran çıxış hazırlayın

Şagirdlər üçün səmimi çıxış hazırlayın və onu oxuyun.  Bu çıxışda sinfə, ayrı-ayrılıqda hər bir fərdə ruhlandırıcı ismarıclar yollayın, çətinliklər  və onların öhdəsindən necə gəlmək barədə danışın. Çıxışınızı bitirdikdən sonra rahat və qeyri-rəsmi mühitdə, məsələn, çay süfrəsində xatirələrinizi bölüşün.

5. Xatirə kitabçası hazırlayın

Siz  məzun olacaq şagirdlərinizə maraqlı və unudulmaz bir hədiyyə etmək istəyirsinizsə, onlara  zərflər paylayın və  siniflə bağlı xoş xatirələrini yazıb zərfə qoymağı xahiş edin. Daha sonra isə bu məktubları bir yerə cəmləyin və çap edib, onlara paylayın. Kitabçanı daha rəngarəng etmək üçün  ona xüsusi dizayn verə, sinfin kollektiv şəkilləri ilə bəzəyə  bilərsiniz.

6.  Qısa video-rolik hazırlayın

Şagirdlərə məzun olduqdan sonra maraqla izləyib məktəb illərini xatırlamaq üçün əyləncəli video-çarx hazırlayın. Bu video-çarxda şagirdlərdən səmimi ürək sözlərini, xatirələrini bölüşmələrini xahiş edin. Video-çarxa ritmik musiqi və məktəbin müxtəlif yerlərində çəkilmiş əyləncəli şəkillər əlavə edin.

7.  Sinifdə müəllim poçtu asın

Sinifdə poçt qutusu asın və şagirdlərinizdən xahiş edin ki, sizə olan iradlarını və  tövsiyələrini yazıb bu qutuya atsınlar. Onlara başa salın ki, bu sizin bir müəllim kimi inkişafınız üçün  olduqca əhəmiyyətlidir. Poçt qutusunu hər gün yoxlayın, bununla onların fikrinə necə hörmətlə yanaşdığınızı nümayiş etdirin.

P.S. Məqalə "Edutopia"nın materialları əsasında hazırlanmışdır.