FAYDALI MATERİALLAR

Rocer Hartın "nərdivanı"

09.06.2017

“İştirak pillələri” uşaq və gənclərin ictimai həyatda iştirakını qiymətləndirən alətdir. Bu modeli Rocer Hart hazırlamışdır. Hart nərdivanı barədə məlumat müəllimlərə, Uşaq birliyi rəhbərlərinə və digər maraqlı tərəflərə şagirdləri sosial yönümlü layihələrdə fəal iştiraka cəlb etməkdə kömək edə bilər.

İştirak – fərdin yaşadığı cəmiyyətdə həm onun, həm də başqalarının həyatına təsir edən birgə qərarlar qəbul etmək prosesidir.

  • Şagirdlərin təşəbbüsü və birgə qərarlar
  • Şagirdlər hər şeyi özləri edir
  • Böyüklərin təşəbbüsü və birgə qərarlar
  • Məlumatlandırma və müşavirə
  • Məlumatlandırma
  • İmitasiya
  • Dekorasiya (bəzək)
  • Manipulyasiya

Şagirdlərin iştirak səviyyəsi nərdivan şəklində təqdim olunur, çunki yerdən lap hündür pilləyə addım atmaq olmaz. Şagirdlər yeni rolları tədricən mənimsəməlidir. Layihədə ilk dəfə iştirak edən şəxs lider kimi uğursuz ola bilər.

Hartın nərdivanının məntiqini nəzərə alsaq, şagirdləri könüllü köməkçilər qismində müəyyən tədbirlərə və layihələrə cəlb etmək lazımdır. Tədricən şagirdlərlə məsləhətləşmək və onlara baş verənlər barədə düşünməyi öyrətmək lazımdır. Sonrakı mərhələdə şagirdlər qərar qəbul etməyə cəlb olunur: hər kəs birlikdə nə edəcəyini, bu və ya digər hallarda nəyi necə edəcəyini müzakirə edib qərar verir. Bundan sonra uşaqlara imkan yaradılır ki, müstəqil şəkildə fikirləşib nəyisə özləri etsinlər. Bundan sonra - sizdən təşəbbüs, bizdən  dəstək - prinsipi ilə işləmək olar.

Beləliklə,

1-ci pillə manipulyasiya adlanır. Manipulyasiyaya misal ola bilər: müəllimlər hər hansı bir müsabiqədə qalib gəlmək üçün layihə hazırlayırlar. Lakin bu layihəni uşaqların işi  kimi təqdim edirlər.

Hartın nərdivanının 2-ci pilləsi  dekorasiya (bəzək) adlanır. Bu mərhələdə şagirdlər hansısa bir işi yerinə yetirirlər, lakin bunu nə üçün etdiklərini bilmirlər. Məsələn: Şagirdlər müəllimin rəhbərliyi ilə emblemli köynəklər geyinib hər hansı aksiyaya gedirlər, lakin onların bu aksiya haqqında çox az məlumatları olur. Buna baxmayaraq müəllimlər hesabatda bütün sinfin bu aksiyada iştrak etdiyini qeyd edir.

Nərdivanının 3-cü pilləsi imitasiya adlanır. Əvvəlki iki mərhələdən fərqli olaraq, müəllimlər şagirdlərdən öz fikirlərini bildirməyi xahiş edir. Lakin bu, formal xarakter daşıyır. Çünki gənclər onlardan hansı cavablar gözlənildiyini bilirlər. Şagirdlərin nə düşündüklərini deməyə real imkanları yoxdur. Faktiki olaraq müəllim bu prosesi imitasiya edir.

Şagirdlərin əsas iştirakı əslində 4-cü pillədən – məlumatlandırma mərhələsindən başlayır. Layihəyə əvvəlki kimi müəllim rəhbərlik edir, lakin o adekvat şəkildə şagirdləri məlumatlandırır və hər hansı məsuliyyəti öz üzərlərinə götürməyi təklif edir. Bununla da müəllim şagirdlərə layihədə iştrak etmək imkanı yaradır və onlara seçim etmək hüququ verir.

5-ci pillə -– məlumatlandırma və müşavirə adlanır. Bu mərhələdə yeniyetmələr  artıq tək məlumat almırlar, həm də məsləhət verirlər. Qərarı müəllim verir, lakin qərar verməmişdən əvvəl şagirdləri dinləyir və onların fikrini nəzərə alır.

6-ci pillə böyüklərin təşəbbüsü, birgə qərarlar adlanır. Müəllim hər hansı bir layihə fikirləşir, sonra isə şagirdləri bərabər hüquqlara malik olan ortaq kimi bura cəlb edir. Bundan sonra layihədə birgə fəaliyyət göstərir, o cümlədən, qərarları da birgə qəbul edirlər.

7-ci pillə - şagirdlər hər şeyi özləri edir. Bu seçimdə şagirdlər öz səhvləri üzərində öyrənirlər – bu  onlar üçün çox faydalıdır. Lakin burada onlar böyüklərin təcrübəsini öyrənmək və ondan istifadə etmək imkanından məhrumdur. Əgər müəllim layihədə sadəcə məsləhətçi kimi iştrak etsəydi, hər kəs qalib gələrdi.

Nərdivanın ən yüksək mərhələsi 8-ci pillə – şagirdlərin təşəbbüsü, birgə qərarlardır. Uşaqlar hər hansı bir layihə fikrləşirlər və onu müəllimlə birgə yerinə yetirirlər.

Əziz müəllimlər, şagirdlərinizlə həyata keçirdiyiniz müxtəlif səpkili tədbirləri, layihələri R.Hartın “nərdivanına” əsasən qiymətləndirin, hansı pillədə durduğunuzu müəyyənləşdirin, növbəti pilləyə qalxmaq yollarını axtarın.

Uğurlar arzusu ilə,

TİPİİ