Müəllimlər üçün faydalı kitablar
11.08.2017
TƏFƏKKÜRÜN ALTI PAPAĞI
Edvard de Bono
Biz tez-tez şagirdlərə “Fikirləşin!” deyirik. Bəs “fikirləşmək” necə olur? Biz fikirləşməyi bir proses kimi uşaqlara (və özümüzə) öyrədirikmi? Bu vacib işdə bizə Edvard de Bononun maraqlı ideyaları kömək edə bilər. E.Bono bu kitabda təfəkkür prosesinin təşkil edilməsi sistemini təqdim edir. Lateral təfəkkür nədir? Nə üçün lateral təfəkkürü inkişaf etdirmək bu gün vacibdir? Onu necə inkişaf etdirmək olar? Bu sualların cavabı kitabdadır.
MƏKTƏB KONVEYERİNİN SAZLANMASI
Qrinder Maykl
Janr: Psixologiya
Təhsil sahəsində işləyənlər bu kitabda xeyli qeyri-adi ideyalar tapacaqdır. Tədrisi hansı yolla cəlbedici və anlaşılan etmək olar? Kitabda neyro-linqvistik proqramlaşdırmanın (NLP) təhsilə tətbiqinin innovativ metodlarının tam şərhi verilmişdir. Aktiv və passiv müşahidə texnikaları, şagirdlərin öyrənmə üslublarının xüsusiyyətləri, müəllim-şagird adaptasiyası texnikaları və s. təsvir olunur. Bu əsər həm təhsil işçiləri, həm də valideynlər üçün əla vəsaitdir.
BEYİN GİMNASTİKASI
Pol E.Dennison, Qeyl E. Dennison.
Oyun və hərəkət vasitəsilə öyrənmək uşaqların təbiətinə xasdır. Şən oyunlar düşüncənin formalaşmasına təsir edən və əqli qabiliyyətləri stimullaşdıran böyük və kiçik motorikanı inkişaf etdirir.
Kitabın müəllifləri həm məktəbdə, həm də evdə tətbiqi mümkün olan hərəkət vasitəsilə nadir təlim metodikası hazırlamışdır. Bunun əsasında uşaqların çox sevdikləri 26 tapşırıq durur. Metodika üzrə məşğələlər oxu və yazı bacarıqlarını inkişaf etdirir, eşitməni, yaddaşı gücləndirir, reaksiyanın sürətini artırır, öyrənmə prosesini optimallaşdırır, stress və həyəcanın aradan qaldırılmasına kömək edir, təhsildə, musiqidə və idmanda uğur qazanmağa şərait yaradır. Başlıcası isə uşaqlar təlim prosesindən zövq almağa başlayırlar. Bir neçə məşğələnin tətbiqindən sonra artıq nəticə özünü göstərməyə başlayır, şagirdlər tədris materialını daha yaxşı mənimsəyir, əhəmiyyətli uğurlara nail olurlar.
“Beyin gimnastikası” əsasındakı hərəkətlər sistemi fərdi inkişafın və həyatın müxtəlif sahələrində biliklər əldə etmənin stimullaşdırılması üçün hazırlanıb. Bu sistemə daxil olan sadə hərəkətlər böyüklər üçün də münasibdir. Metodikanın müəllifləri sizə tapşırıqları təcrübədən keçirməyi təklif edirlər ki, onların yararlılığına əmin olasınız və hərəkətlər vasitəsilə öyrənməkdən, öyrətməkdən zövq ala biləsiniz!
İXTİSASA GİRİŞ
Azad Mirzəcanzadə
Bu kitab sizin stolüstü kitablnıza çevriləcəkdir. Müxtəlif elm sahələrini, eləcə də xarici dilləri sürətli öyrənmə texnikaları ilə tanış olmaqla dərslərinizi səmərəli təşkil etməyə kömək edəcək. Buradakı maraqlı məlumatlar təlim prosesinizi zənginləşdirəcəkdir.
Kitabda elmin müxtəlif sahələrinin inteqrasiyası, o cümlədən dəqiq və humanitar elmlərin qarşılıqlı əlaqəsi məsələlərinə toxunulur, öz yaradıcılıq imkanlarını – fiziki, emosional və intellektual qabiliyyətlərini səfərbər etməkdə çətinlik çəkən tələbələrə və gələcək peşə sahiblərinə gərəkli məsləhətlər verilir.
Ali texniki məktəblərin tələbələri üçün nəzərdə tutulmuş vəsait bütün fənn müəllimlərinin mütaləsi üçün tövsiyə olunur.
HƏR ŞEY SƏNİNLƏ BAŞLAYIR
Mümin Sekman
Şəxsi inkişafa hədəflənmiş kitabları ilə tanınan Mümin Sekmanın 10-cu əsəri- “Hər şey səninlə başlayır”, sosial uğura gedən yolları göstərir. Kitabda yerli və dünya təcrübəsindən nümunələrlə uğursuzluğun necə qəbul olunması və uğur qazanmanın yolları haqqında bəhs edilir. Əsərin təməlindəki suallar budur: Nə üçün uğursuzluğa uğrayırıq? Çarəsizlik psixologiyasına necə qalib gəlməliyik? Uğur qazanmağı necə öyrənə bilərik? Uğurlu insanların bildiyi və digərlərinin bilmədiyi nədir?
“Həyatda ya tozu dumana qatarsan, ya da tozu, dumanı udarsan. Seçim sənindir!”- şüari ilə tanınan və uğuru öyrədən bu kitab özünün də uğur tarixçəsini yazıb: Türkiyədə “Ən uğurlu uğur kitabı” adlanmaq haqqını qazanıb.
DAVAMLI ÖYRƏN
Mümin Sekman
Həyatda necə uğur qazanmaq olar? Gənclər necə etməlidirlər ki, özlərinə münasib karyera qursunlar? Uğurun düsturu varmı? Kitabın müəllifi Mümin Sekman hüquqşünas olmasına baxmayaraq, ömrünü bu yöndə araşdırmalara həsr edib, insanlara uğur qazanmağın yollarını öz təcrübəsindən istifadə edərək öyrədir. M.Sekman biliklərə yiyələnməyin, yaddaşı gücləndirməyin yollarını göstərir və biliklərdən istifadəni təlqin edir. Çünki uğur biliklərə yiyələnməkdən daha çox, ondan istifadədən asılıdır.
Bu kitab daha çox gənclər, həyatın başlanğıcında olan yeniyetmələr, tələbələr üçün nəzərdə tutulub. Amma karyerasının müəyyən mərhələsində olan və seçimini dəyişmək istəyən insanların da bu kitabdan öyrənəcəkləri az deyil.
SÜRƏTLİ OXU
Mustafa Ruşen
İnformasiya əsrində sürətli oxu bacarıqları artıq zərurətə çevrilmişdir. Məlumatı başqalarından 6 dəfə daha sürətli əldə etmək imkanı verən oxu texnikaları mövcuddur. 500 səhifəlik bir kitabda təxminən 135 000 söz olur. İnsanın normal oxu sürəti isə təxminən 150 söz/dəqiqədir. Belə bir kitab normal halda 15 saata oxunur. Əgər oxuma sürətinizi müəyyən yollarla 1000 söz/dəqiqəyə çatdıra bilsəniz, bu kitabı 2,5 saata oxuyub-anlaya bilərsiniz. Nəzərə alın ki, texnika sədəcə mexaniki oxunu deyil, oxuyub-anlamanı dəstəkləyir.
Əlbəttə oxunacaq kitablar bununla bitmir. Müəllimlər üçün faydalı kitablar siyahısını genişləndirməkdə siz də bizə kömək edin.
Səmərəli istirahət arzusu ilə,
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu.