Yeni müəllim kimi istədiyim nə idi?
22.09.2017
Təcrübəli müəllim Elena Aguilar yeni fəaliyyətə başlayan müəllimlər və onlara dəstək olan həmkarları üçün önəmli tövsiyələr verir.
İşə ilk başladığım gündən bu günə qədər iyirmi il keçir. Keçmişi xatırlayarkən həmişə “Kaş ki, özüm, şagirdlərim və tədris prosesi haqqında o zaman daha çox bilərdim”, - deyə düşünürəm. İllər ötür. Bu illər ərzində öyrəndiklərimin, həyata keçirdiklərimin bəzilərini başqalarından, məndən daha təcrübəli təhsil işçilərindən aldığım məsləhətlər hesabına mümkün olsa da, bir çoxunu, demək olar ki, böyük bir hissəsini, öz təcrübəmdə öyrənməli olmuşam.
Bu gün öz növbəmdə, yeni fəaliyyətə başlamış müəllimlər üçün təhsil sahəsində çalışdığım illər ərzində əldə etdiklərimə əsaslanaraq, təcrübələrimi paylaşacam. Təhsilin gələcəyi naminə hər bir müəllim işlədiyi tədris müəssisəsinə yeni qədəm basan müəllimə öz köməyini əsirgəməməli, onunla görüşüb təcrübə ilə qazanılmış dəyərli məsləhətlərini bölüşməlidir. Əminəm ki, təcrübəli insan tərəfindən verilmiş tövsiyələr yeni işə başlamış müəllim üçün olduqca vacib və ümidverici olacaq, onda özünəgüvən və inam yaradacaq.
- Tədricən hər şey əvvəlkindən daha yaxşı olacaq. Tədrisin ilk ili bu işə başlayanların hər biri üçün çox çətindir, çünki ürəyiniz, ağılınız və vücudunuz heç vaxt indiki qədər yüklənməmişdir. Hər gün minlərlə qərar qəbul edirsiniz, bəzən nə etdiyinizi və nə edəcəyinizi bilmədiyiniz anlar da olur. Buna görə də hər gün qəbul etdiyiniz qərarları özlüyünüzdə mühakimə edirsiniz, onların yaxşı, yaxud pis olduğunu araşdırmağa, ayırd etməyə çalışırsınız və deyim ki, bu bir tərəfdən, yəni lazımlı olanı ayırd etmək baxımından, yaxşıdır. Lakin bu mühakimə sizi yorur. Buna baxmayaraq, inanın ki, hər şey daha yaxşı olacaq. Çünki siz yeni təcrübələr əldə edirsiniz, lakin hələ bunu dərk etmir, bəzən özünüzü qədərindən artıq yükləyirsiniz. Amma inanın, fəaliyyətiniz heç vaxt birinci ildə olduğu kimi çətin olmayacaq.
- Həmişə ürəkdən çalışın. Əgər hərəkətləriniz və sözləriniz ürəkdən gələrsə, səhvetmə ehtimalınız azdır. Özünüzə şagirdlərinizi ürəkdən, səmimi qəlbdən sevməyə icazə verin. Onları çox istəməkdən heç vaxt qorxmayın. Bu, hər bir yeni müəllimin getməli olduğu yoldur. Şagirdlərinizi yaxından tanımağa çalışın, bir insan kimi necə olduqlarını öyrənməyə çalışın, onların daxili aləminə nüfuz edin, gerisi öz axarı ilə davam edəcək.
- Şagirdlər hər şeyi olduğu kimi yadda saxlayacaqlar. Onlar sizin tərəfinizdən nə zaman sevgi və qayğı, xeyirxahlıq və səmimiyyət gördüklərini uzun illər xatırlayacaqlar. Mən ilk dərs dediyim sinfin onlarla şagirdi ilə hələ də səmimi münasibəti davam etdirirəm. Çünki onlar yalnız sevgi, səmimiyyət və nəvaziş dolu anları xatırlayırlar.
- Sürprizlərə hər zaman açıq olun. Belə olduğu halda şagirdlər öz sürprizləri ilə daima sizi sevindirəcək. Şagirdlər sizi təəccübləndirəcəklər – çünki onlar öyrənə bilməyəcəklərini düşündüyünüz şeyləri asanlıqla öyrənəcək, bacarmayacaqlarından qorxduqlarınızı bacaracaqlar, gözləmədiyiniz yollarla gözləriniz önündə böyüyəcəklər. İllər sonra çox zəif olduğunu düşündüyünüz şagirdinizi universitet tələbəsi kimi görmək sizi təəccübləndirəcək.
- Bir kouç (məşqçi) tapın. İnkişafınıza kömək edə biləcək, sizə məsləhətlər verə biləcək, gücünə və bacarığına inandığınız, biliyiinə və təcrübəsinə arxalandığınız, təlim keçmiş bir məşqçi tapın. Çünki işə yeni başlayanda bütün çətinliklərin öhdəsindən özünüz gələ bilməzsiniz, bu sizin üçün olduqca darıxdırıcı və yorucu olar. Ona görə də sizə kömək edə, sizdə özünəinam və güvən yarada biləcək bütün variantlardan istifadə etməlisiniz.
- Əgər kouç tapa bilməsəniz, özünüzü rahat və inamlı hiss etmədiyiniz tədris müəssisəsində qalmayın, məktəbinizi dəyişin. Elə bir yerə gedin ki, kimsə sizə kömək edə bilsin, kiməsə güvənə və etibar edə biləsiniz. Məşqçi olmasa da, sizə kömək edəcək bir iş yoldaşı, dost, təcrübəsinə və ağlına güvəndiyiniz biri mütləq olmalıdır.
Yeni işə başlayan müəllim kimi sizin məsləhətə və köməyə ehtiyacınız var. Bu köməyi, dəstəyi əldə edənə qədər axtarmaqda davam edin. Və günlərin bir günü hiss edəcəksiniz ki, şagirdlərin ehtiyaclarını qarşılaya və onların sevgisini qazana bilirsiniz. Bax bu zaman özünüzü yaxşı hiss edəcəksiniz. Sizə uğurlar!
Sayt üçün hazırladı: Zöhrə Tağızadə