FAYDALI MATERİALLAR

Münasibətlər qaydalardan vacibdir

26.09.2017

Sinifdə əlaqələrin qurulması ilk gündən başlayır. Güclü əlaqələr qurmağa başlamaq üçün bu strategiyalardan istifadə edin.

Öyrənmə münasibətsiz baş vermir. Sinif otağında qaydalar vacibdir, amma illərin təcrübəsi göstərir ki, münasibətlər daha böyük əhəmiyyət kəsb edir. Şagirdlər ilə münasibətlərimizin dərinləşdirilməsi yollarından biri onlara özümüz haqqında danışmaqdır: bu, onlara bizimlə və öz aralarında bölüşmə imkanı yaradacaq.

Əlbəttə ki, qaydalar, prosedurlar və qanunlar vacibdir ki, şagirdlərdə ilk gündən nə gözləyəcəkləri barədə təsəvvür yaransın. Məlumdur ki, sinif gözləntiləri barədə əvvəldən aydın və dəqiq olan müəllimlər bütün il boyu vəziyyətə nəzarət edə bilir.

Qayda və gözləntiləri paylaşdıqdan sonra şagirdlərə özünüz haqqınızda məlumat verən bir neçə slayd və artefaktlar göstərin. Ümumi məlumatlar paylaşa bilərsiniz (ailəniz, getdiyiniz məktəb, müəllimlikdən öncəki işləriniz və s.), lakin həyatınıza bir neçə həssas baxış əlavə edə bilərsiniz:

  • Məktəb illərində hansı problemləriniz olub?
  • Nəyə dəyər verirsiniz?
  • Nə ilə məşğul olmağı sevirsiniz?
  • Əgər mümkün olsaydı, dünyada nəyi dəyişdirərdiniz?
  • Həyatda hansı risklər edərdiniz?

Niyə özümüz barədə məlumat vermək vacibdir? Şagirdlərlə insani münasibət qurmaqla tək müəllim kimi deyil, həm də insan kimi tanınırıq. Müşahidə və təcrübələr göstərir ki, şagirdlər tərəfindən sevilmək üçün həssaslıq göstərmək, bəzən kim olduğunu, hisslərini, çətinliklərini, ümidlərini, qayğılarını və arzularını meydana çıxarmaq lazımdır. Biz şagirdlərdən öz həssas tərəflərini bölüşməklə inşalar, şeirlər, nitqlər hazırlanmalarını xahiş edirik. Bir müəllim, sinif kollektivinin  üzvü kimi  biz də eynisini etməliyik.

Bir-birini tanıyan şagirdlər

Kim olduğunuz haqqında məlumatları təqdim etdikdən sonra şagirdləri də bu işə dəvət edin. Bir qrup kimi siz sadəcə müəllim və şagirdlərdən ibarət sinif deyil, həm də insanlarsınız.

Aşağıda şagirdlərin bir-birini tanıması, münasibət qurması üçün bir neçə dəyərli fəaliyyət növləri qeyd olunub:

Yaxşı hallar: Şagird cütlərinə onlarla baş verən və ya gözlədikləri yaxşı bir hadisəni paylaşmağı tapşırın. Bu çox vacib bir hadisə olmasa da olar: məsələn,  “Bu gün nənəm bizə qonaq gələcək” kimi çox sadə ola  bilər. Bəlkə kiminsə bacısı təzəcə ailə qurub və ya bu həftə kiminsə ad günü olacaqdır. Hər günü “Yaxşı hallar”la başlayın.  Şagirdlər bunu rahat qəbul etdikcə daha çox ictimai əlaqələr qurmaq üçün qrupları 4 və ya 5 şagirdə qədər genişləndirin.

“Mənim haqqımda hər şey” çantasını hazırlayın. Hər şagirdə tapşırın ki,  kağız  torbanı  xoşladıqları sözlərlə, şəkillərlə bəzəsinlər. Torbada onlar haqqında  bilinməyən məlumatları təqdim edən və ya simvolikləşdirən müxtəlif obyektləri (məsələn, pişiklərinə məxsus oyuncaq, futbol oynadıqları foto və s.) yerləşdirsinlər. Birini özünüz hazırlasanız, onu öz təqdimatınızda istifadə edib nümunə kimi göstərə bilərsiniz. Torbadakıları  kiçik qruplarda bölüşmək üçün vaxt ayırın.

Mənim kimi. Köhnə üsul olsa da, səmərəlidir. Bu münasibət qurma strategiyası şagirdlərə ümumi cəhətləri və ya eyni xasiyyətləri olan yoldaşlarını görməyə imkan verir. Müəllim hər hansı bir fakt qeyd edir, bu faktın aid olduğu şagird ayağa durur. Məsələn, “Pizza mənim sevimli yeməyimdir”, “Məktəbə qayıtdığıma sevinirəm” və ya “Mən ailəmizin kiçiyiyəm”. Əyləşməzdən öncə şagirdlərdən ətrafa baxaraq eyni xüsusiyyətləri olan yoldaşlarını qeyd etmələrini xahiş edin. Bu fəaliyyəti yeni faktlarla və ya daha da dərinləşdirilən məlumatlarla bir neçə gün davamlı olaraq və ya hərdən yerinə yetirə bilərsiniz.

Artefakt paylaşılması. Uşaqlıq və ya gənclik dövrlərinizdən sevdiyiniz kitabları gətirdiyiniz kimi, şagirdlərinizdən də şəkillər, kitablar və ya mükafatlar gətirərək, bir-birinə, kiçik qruplarda və ya bütün qrupa paylaşmalarını xahiş edə bilərsiniz.

Şagirdlərdən məlumat sorğusu. Yaşa və ya fənnə uyğun suallarla sorğular təşkil edin. Şagirdlər onu tamamlasın. Onlara bildirin ki, bu sorğu sizin onları yaxşı tanımağınız üçün lazımdır.  Sorğunu yığmazdan öncə şagirdlərə cavabları digərləri ilə paylaşmalarını təklif edin. Cütlərə və ya qruplara ayrılaraq sevimli musiqi, yemək və ya fənn haqqında məlumatlarını paylaşmaq üçün şagirdlərə vaxt verin.

Qaydalar və prosedurlar sinfin yaxşı idarə olunması üçün vacibdir. Lakin isti münasibətlər qurmağı  öyrənmək də vacibdir.  Şagirdlərin  üzərində nəzarəti gücləndirməkdənsə, ünsiyyət və əlaqələri inkişaf etdirmək faydalı olar.