Böyük dəyişikliklər edən kiçik nüanslar
05.10.2017
Əziz müəllimlər, bu başlıq altında sinifdə tətbiq edə biləcəyiniz sadə, lakin səmərəli fəaliyyət üsullarını və tövsiyələrimizi sizə təqdim edirik:
- Yerdəyişmə
Şagirdlər partalardan durur və rahat hərəkət üçün stulları içəri çəkirlər. Bir xüsusiyyət deyin və bu xüsusiyyətə sahib olan hər kəs yerlərini başqası ilə dəyişdirməlidir (o xüsusiyyət olmayan şagirdlər yerlərində durmalıdır!!!). Nümunələr: "Qıvrım saçlılar" "Səhər yeməyinə sıyıq yeyənlər" "Qırmızı çantası olanlar" "Pomidoru sevənlər" "Bant bağlayanlar!" və s.
Bu fəaliyyət əqli yorğunluğu aradan qaldırmaq, passivlik və durğunluq müşahidə edildikdə sinfə dinamika gətirmək, müxtəlifliklər içində eyniliklərin olduğu fikrini dəstəkləmək, “kim hansı partada oturmalıdır?” münaqişəsinə təsadüfi seçmə yolu ilə son qoymaq üçün və s. istifadə edilə bilər.
- Qarışdırın, qarışdırın
Bu oyunda uşaqlar "qarışdırın,qarışdırın" deyə-deyə sinifdə fırlanırlar. Müəllim yüksək səslə "5 nəfərlik qrup" (istənilən say deyə bilərsiniz) deyən kimi uşaqlar tez 5 nəfərlik qruplarda birləşirlər. Artıq qalan uşaqlar növbəti qrup formalaşana qədər bir ayaq üstə tullanırlar.
Oyunda müxtəlif əmrlər deyilə bilər. Məs., 5 nəfərlik qrup yaradan kimi düz xətt boyunca (üçbucaq formasında, kvadrat formasında və s.) düzülmək. Qrup yaranan kimi barmaqları ilə 5 göstərmək və s.
Bu fəaliyyət bölmə əməlini, həndəsi fiqurları öyrənən zaman, qruplar formalaşdırarkən, şagirdlər arasında ünsiyyəti möhkəmləndirmək məqsədilə, əqli yorğunluğu aradan qaldırmaq üçün və s. istifadə edilə bilər.
- Donma rəqsi
Şən musiqi nümunələri səsləndirin, musiqini tez-tez dayandırın və şagirdlərə izah edin ki, musiqi dayananda donmaq lazımdır. Donmuş vəziyyətdə yalnız müəllimin suallarına cavab vermək olar. Məsələn, "Əlifbamız hansı hərflə başlayır?", "Himnimizin bəstəkarı kimdir?" və s. Xorla cavablar da vermək olar. Düzgün cavab səsləndikdən sonra musiqi davam edir.
Şagirdlər faktoloji suallara cavab verməyi sevmirlər. Lakin bəzi faktları dəqiq bilmək möhkəm akademik zəmin yaradır. Bu səbəbdən analoji sualları verərkən əyləncəli formadan istifadə etmək tövsiyə olunur.
- Topu havada saxlayın
Şagirdlərə bir çimərlik topu (yumşaq və təhlükəsiz) verin və bir-birinə atmağı xahiş edin. Top yerə dəyməməlidir. Daha əyləncəli etmək üçün iki və ya üç top əlavə etmək olar.
Bu fəaliyyət şagirdlərdə böyük motorikanı, koordinasiyanı inkişaf etdirir, sinifdə ruh yüksəkliyi təmin edir, birlik, əməkdaşlıq vərdişləri formalaşdırır.
- Yamsılama
Kiçik yaşlı məktəblilər üçün əyləncəli oyundur. Müxtəlif heyvanları və işləyən cansız əşyaları (otqırxan maşın, tozsoran və s.) yamsılamağı xahiş edin. Sözü bir şagirdin qulağına pıçıldayın və bütün sinfə jestlərlə göstərməsini xahiş edin. Digər uşaqlar tapmalıdırlar.
Bu fəaliyyət şagirdlərdə diqqət, müşahidəçilik, təqlid bacarıqları inkişaf etdirir. Ünsiyyətdə nitqin rolu, kar və lal insanların ünsiyyət problemləri barədə danışanda da bu priyomdan istifadə etmək səmərəlidir. “Yamsılama” oyunu həm də müsbət əhval-ruhiyyə yaradır.
- Tez tapın
Hər hansı bir xüsusiyyət deyin (dəyirmi bir şey, taxtadan bir şey, qırmızı bir şey). Uşaqlar otaqda xüsusiyyətə uyğun əşyanı tez tapıb barmaqlarını ona toxundurmalıdırlar.
Bu fəaliyyətdən əlamət anlayışını öyrədərkən istifadə etmək olar. Kiçik yaşlı məktəblilər əşyalara toxunmaqla daha rahat öyrənirlər.
- Kağız boşqablar
Uşaqlara kağız boşqablar verin. Şagirdlər başlarının üzərinə kağız boşqab yerləşdirib gəzməlidirlər. Boşqab yerə düşərsə, həmin uşaq durduğu vəziyyətdə donmalıdır. Başında boşqab olan başqa uşaq gəlib boşqabı onun başına qoyana qədər dözməlidir. Boşqabı verən şagirdin də boşqabı düşməməlidir.
Bu fəaliyyət böyük motorikanı, koordinasiyanı inkişaf etdirir. Şagirdlərdə qaməti düz saxlamaqla hərəkət etmək, bir-birinə yardım etmək, daha çevik olmaq və s. kimi vərdişlər formalaşdırır. Sinifdə şən əhval-ruhiyyə yaradır.
- Sıraya düzülün
Bir meyar deyin və uşaqlar özü meyara əsasən sıraya düzülsün. Məsələn, doğum günü və ayı, saç uzunluğu, sevdikləri heyvanların adları əlifba sırasına görə və s.
Bu fəaliyyət sıraya düzülmə kimi adı və gündəlik işə yeni rəng qatır. Uşaqlar hər dəfə dəyişən meyarlara əsasən düzüldükcə müxtəlifliyi qəbul etməyə, bir-birilərini yaxından tanımağa başlayırlar.
- 5 dəqiqəlik fəaliyyət
Aşağıdakı vərəqi uşaqlara paylayıb, fərdi və ya qrup şəklində işləməyi təklif edə bilərsiniz.
Bu fəaliyyət uşaqlarda lüğət ehtiyatını, savadlı yazını, düşünməni, təhlil və qruplaşdırma bacarıqlarını inkişaf etdirir, verilmiş vaxt ərzində işi bitirmək vərdişi və s. formalaşdırır.
Tövsiyələr: Diqqət dağınıqlığı
Uşaqlarda diqqət dağınıqlığı müşahidə edirsinizsə, diqqətsiz şagirdlərdən verdiyiniz təlimatı şərh etməyi xahiş edin. Məhz xahiş edin - bu işi cəza kimi deyil, tapşırıq kimi təqdim edin. "Niyə diqqətsizsən?" və ya "Niyə qulaq asmırsan?" tipli səmərəsiz suallar verməkdən çəkinin. Çünki adətən şagirdlər bu suala ya cavab vermir ya da verdikləri cavab problemin həllinə kömək etmir.
Başqa bir nüans: dərs zamanı uşaqlarda nə zaman canlanma yarandığını, diqqətin maksimum konsentrasiya olunduğunu müşahidə edin. Bu canlanmaya nəyin səbəb olduğunu özünüz üçün müəyyənləşdirin. Bunu bilmək növbəti dəfə diqqət dağınıqlığı yarananda sizə kömək edəcək. Siz süni canlanma yaratmaqla diqqəti yenidən öyrənmə obyektinə yönəldə biləcəksiniz.