FAYDALI MATERİALLAR

Prussiya məktəbi

06.11.2017

 

Təhsil sistemini tənqid üçün həmişə bir səbəb (bəhanə) tapılır. Kimsə məktəbi izafi mühafizəkarlıqda, kimsə cədvəlin “klip” şəklində hazırlanmasında (şagird gün ərzində ədəbiyyat, bədən tərbiyəsi və riyaziyyat hüdudlarında ləngər vurur) ittiham edir, kimsə təhsil müəssisələrinin yaradıcı təfəkkürü niyə inkişaf etdirmədiyi haqqında qızğın müzakirələrdə iştirak edir.

Lakin məktəb heç də həmişə belə olmayıb. Bizə tanış olan tədris kanonları hələ XIX əsrdə hakimiyyəti ələ alan Prussiya təhsil modelinin təzahürüdür.

Prussiya məktəbi haqqında nə bilirik və niyə müasir təhsil tədqiqatçıları artıq Prussiya məktəbinin çox köhnəldiyini təkid edirlər?

Dövlət nəzarəti altında olan məktəb

Bəli-bəli, nə vaxtsa nə vahid tədris planı, nə təsbit edilmiş təlim məzmunu, nə Təhsil Nazirliyi var idi, nə də, demək olar ki, oxumaq vacib deyildi. Və bunda elə bir problem də görmürdülər!

Hər şey 3 əsr əvvəl - fəlsəfə, masonluq və, əlbəttə ki, müharibələrlə maraqlanan böyük Kral II Fridrixin əmri ilə dəyişməyə başladı: ibtidadi təhsilin məcburi olması elan edildi. Düzdür, hələlik yalnız nəzəriyyədə: belə cəsarətli addım atan dövlət təhsil müəssisələrinin inkişafına pul ayırmağa tələsmirdi. Buna baxmayaraq, artıq kobud qaydalara əsaslanan, güzəştsiz əzbərləmə ilə qrammatika və antik ədəbiyyatın öyrənilməsinə yönəlmiş latın məktəbləri dəqiq elmləri öyrənməkdən çəkinməyən yeni məktəblər tərəfindən sıxışdırılırdı, müasir dillər isə “ölü” dillərdən daha çox qiymətləndirilirdi.

Peşə məktəblərinin sayı da artmağa başlamışdı: burjuaziya dini postulatlar üzərində düşüncələrə deyil, getdikcə daha çox gündəlik işlərdə zəruri olan bacarıqlar əxz edən təhsilə ehtiyac duyurdu.

Beləliklə, təhsil sistemi tədricən dəyişdi: lakin qəti qərarlara gətirib çıxara biləcək taleyüklü islahatın işə düşməsi üçün geniş miqyaslı hadisələr çatmırdı. Və belə bir hadisə baş verdi: bu, Prussiyanın Napoleona böyük məğlubiyyəti oldu.

Hədsiz təzminat və ərazi itkisi Prussiya hökümətinə nəyinsə düz olmadığını birmənalı şəkildə işarə edirdi.

Nəticələr özunu çox gözlətmədi: vahimə içərisində döyüş meydanlarını tərk edən yox, hərbi rəisin əmrlərinə görə sonadək vuruşan intizamlı əsgər hazırlamaq üçün konveyer yaratmaq qərarı alındı.

Kütlələrə təsir aləti kimi isə məktəb seçildi, amma əvvəlcə onun elitar statusu əlindən alındı. Bunun üçün ölkə əhalisini təhsil müəssələrinə qovub salmaq lazım idi ki, gənc nəsillərdə düzgün dəyərlər tərbiyə edilsin.

Təhsil islahatının ideoloqu Vilhelm fon Humboldt hesab edilir. Buna baxmayaraq, onun təhsil islahatı prinsipləri ”kənar” ideyalarla hamarlandı. Ona görə də ədalət naminə demək lazımdır ki, Prussiya məktəb modeli müxtəlif konsepsiyaların calağından yaranmışdır.

Humboldt müstəqilliyin və tədqiqata marağın tərbiyə edilməsini, elmlərin avtonom qəbul olunmasını müdafiə edirdi, buna baxmayaraq o, elm və təhsili kateqoriyalara bölərək məktəbin dövlət nəzarətində olmasının zəruriliyi ilə razılaşırdı.

Mühafizəkarlar, əlbəttə ki, ənənələrin saxlanması üçün təkid edirdilər: məktəb din və təcrübədən keçirilmiş təlim metodlarını yaddan çıxartmamalıdır - köhnə, yaxşı mühazirələr tamamilə kifayətdir ki, gənc ağıllar lazımınca tərbiyə edilsin. ”Mənfəətpərəstlər” isə təhsili praktiklik (yararlılıq) relsinə yerləşdirməyin zəruriliyini deyirdilər, inandırmağa çalışırdılar ki, konkret bacarıqları olan fəhlələr, dövlət qulluqçuları və hərbçilər hazırlanmalıdır.

Beləliklə, Prussiya təhsil modeli inqilabi islahat məhsulu olsa da, ənənələrdən elə-belə üzülüşmək istəmirdi.

Təhsil sistemindəki dəyişikliklər Böyük Prus islahatının bir hissəsi oldu. Hər şeydən əvvəl hökümət II Fridrixin əmrini xatırlamaq qərarına gəldi: indi o, artıq sadəcə formal kağız deyil, məhz ümumi təhsilin zəruriliyini xatırladan mühüm bir sənəd idi.

Bundan başqa, məktəblərin dövlət büdcəsindən maliyyələşməsi qərara alındı ki, bu da hətta aztəminatlıların belə tam pulsuz təhsil almasına imkan verirdi. Kilsənin qəyyumluğundan çıxıb dövlət tərəfindən övladlığa alınan məktəb dünyəvi oldu: artıq teologiya kursu ancaq dərs cədvəlindəki fənlərdən biri idi.

Hökumət təhsil müəssisələri ilə bağlı hər bir şeyə nəzarəti həyata keçirməyə başladı. Məsələn, müəllim peşəsini “legitim” etmək (qanuniləşdirmək) qərara alındı: dövlət bütün müəllimlərin öz ixtisası üzrə hazırlıq keçməsini izləməyə başladı. Buna qədər isə məktəbdə işləmək üçün ixtisas üzrə peşə təhsili vacib deyildi: kəndlərdə güclə üzündən oxuyanların dərs deməsi heç də nadir bir hadisə deyildi.

Nəzarəti yüngülləşdirmək üçün məktəbi vahid sistemə keçirmək lazım idi: təhsilin vahid tədris planının işlənib hazırlanmasına, buraxılış imtahanlarının tətbiqinə ehtiyac var idi ki, bu da tez bir zamanda həyata keçirildi.

Məhz Prussiya təhsil sistemi siniflərin yaş meyarına görə bölünməsi əsasında sinif-dərs təlimi yaratdı, halbuki latın məktəblərində hazırlıq dərəcələri eyni, yaşları isə müxtəlif olan şagirdlər birlikdə təhsil alırdılar. Nəhayət, islahatın təsiri ilə məktəbin məkanı və vaxtı dəyişdi.

Sinifdə əmrlərə müti icraçılar hazırlanırdı, buna görə də tədris mühiti intizama öyrədilməli idi: şagirdlərin arxasında oturduqları partalar bir neçə düz sıra ilə düzülürdü; intizam rəmzi olan zəng isə şagirdlərə tənəffüsə çıxmağa icazə verib və yenidən onları geriyə, ciddi əhatəyə qaytararaq məktəb gününü hissələrə bölürdü.

Prussiya sisteminin daha bir yeni tətbiqi - bu, şagirdi gün ərzində bir neçə müxtəlif fənlərin gözlədiyini nəzərdə tutan cədvəl idi. Müasir tədqiqatçıların fikrinə görə, riyaziyyat dərsinin tarixlə və sonra yazı ilə əvəzlənməsi fraqmentar, kəsik (qırıq) biliyin mənimsənilməsinə gətirib çıxarır və təlim motivasiyasını məhv edir.

Bütün bu yeniliklər dövləti, Prussiyanın sonuncu kralı Vilhelmin qeyd etdiyi kimi “Gəncləri yunan və romalı kimi deyil, məhz alman kimi tərbiyə etmək vəzifədir”, - məqsədinə yaxınlaşdırmalı idi. Beləliklə, milli identiklik və vətənpərvərlik tərbiyəsi Prussiya təhsil sisteminin flaqmanları oldu.

Konformist istehsalı fabriki

Təbəqə prinsipindən imtina edən kütləvi təhsil öz bəhrələrini verdi; 1890-cı ildə əhalinin 89%-dən az olmayan bir hissəsi artıq savadlı idi.

Kütləvi təhsil ciddi intizam, tabeçilik, vətəndaş məsuliyyəti və məktəbə “yuxarıdan” tapşırılanların düzgünlüyünə inam təbliğ edirdi.

“Şaquli təhsilin” özü tədris prosesinin hər bir iştirakçısı üçün – şagirddən tutmuş təhsil nazirinə qədər – imkan və tapşırıqlarının dəqiq nizamlanması, itaət tonu yaradırdı.

Məktəbə mövcud vəziyyət və doktrinaların hökmranlığının səmərəli konservasiya vasitəsi kimi baxılırdı. Təhsil sistemi şəxsiyyət deyil, dövlət maşınında “vint” hazırlamaq üçün idi.

Bilik verən mənbə müəllim idi, onun dedikləri heç bir şübhə və dolaşıq suallar hücumuna məruz qalmırdı, ona görə də şagirddən tələb olunan müəllimin dediklərini təkrar etmək idi.

İnsana artıq “Xeyir və şər nədir?”, “Mədəniyyət hansı dəyərlərdən ibarətdir?”, “Dövlət şəxsi həyata qarışa bilərmi?” sualları üzərində düşünmək lazım deyildi. Artıq ibtidai məktəbdə şagirdlərə hazır quruluşlu bilik verilirdi ki, bu da normanın nə olduğunu nümayiş etdirirdi – onu ancaq yaxşıca əzbərləmək qalırdı.

Şagirdlər məktəbi tərk edəndə oxumaq, yazmaq və saymağı bacarırdılar. İncildə nə yazıldığını bilirdilər, az-maz tarix fənnindən başları çıxırdı, qızlar isə, əlbəttə ki, yaxşı evdar qadınlar olmalı idilər, əl işləri dərsləri onlara bu sahədə kömək edirdi. Bütün bunlar sənaye dünyasında yaşamaq və uğurla öz peşə vəzifələrinin öhdəsindən gəlmək üçün tamamilə kifayət edirdi. Mahiyyətcə şagirdləri müdirin, daha geniş desək, dövlətin istənilən tapşırıqlarını yerinə yetirməyə hazırlayırdılar. Fikirləşmək lazım deyildi: yuxarıdakının əmrlərini anlamaq və yerinə yetirmək, iqtisadi inkişaf üçün çalışmaq, işğalçı müharibələrdə itaətlə iştirak etmək.

Boris Bim-Bad “Almaniyada xalq təhsili sisteminin tarixinə dair (1933-cü ilə qədər)” essesində qeyd edir ki, məktəbin dövlətə tabe olması “konformist, loyal vətəndaş, vətənpərvər insan tipi, ən başlıcası isə bacarıqlı, çalışqan, icraedici işçi” formalaşdırmağa imkan verir.

Lakin etiraf etmək lazımdır ki, məhz Prussiya təhsil modeli şagirdə öz sosial təbəqəsindən kənara çıxmağa imkan verdi.

Amma burada da bir paradoks var idi: doğrudan da istedad nəticəsində adam olub ortaya çıxmaq mümkün idi, lakin “istedad” düzgün cavab vermək və əlavə suallar soruşmamaq hesab olunurdu.

Bu gün ümumi təhsil lazımdırmı?

Uzun müddət Prussiya sistemi favorit sayılırdı: o, Yaponiya, Rusiya və, əlbəttə ki, Almaniyada və digər ölkələrdə sənaye inqilabının alovunu dəstəkləyib militarist maraqlara xidmət edərək yerini möhkəmlətmişdi.

Lakin müasirlik başqa dəyərləri təbliğ edir. Donuq qiymətlər yazılmış təmiz attestat problemləri yaradıcı həll etmək və ömür boyu öyrənmək bacarığı qarşısında geri çəkilir. Ciddi nizam-intizam buna necə kömək edə bilər? Bəs dərslikdəki materialı əzbərləmək?

Müasir təhsil tədqiqatçıları qeyd edirlər ki, kütləvi təhsil ideyası bitmək üzrədir. Məsələn, Q.Teylor “Marionetkalar fabriki. Məktəb müəlliminin etirafı” kitabında qeyd edir ki, bu gün təhsil - konkret bir şəxsin kapitalıdır, dövlətin deyil. Oxuyaraq insan öz gələcəyi üçün qüvvə sərf edir, özünü maraqlı peşə və layiqli işlə təmin edir (bəzən hətta öz ölkəsindən xaricdə), buna görə də məktəblərin dövlət tərəfindən maliyyələşməsinin artırılması səmərəli deyil.

Teylorun fikrincə, təhsil müəssisəsinin büdcəsini artırmaq yox, prinsiplərin özünü dəyişmək lazımdır: Prussiya modeli zamanın tələbi ilə yaranmışdı, lakin zaman dəyişir. Bu gün müasir dünyanın bizə verdiyi möcüzə və dəhşətlərə uyğunlaşmaq üçün insan təkcə kiminsə əmrlərini itaətlə yerinə yetirmək və dərsliyi əvvəldən axıra qədər əzbərləmək bacarığına deyil, mütləq şəkildə sərbəst, müstəqil tədqiqat azadlığına, tənqidi təfəkkürə malik olmalıdır.

Anastasiya Kovrijkina

Sayt üçün hazırladı: Fatma Sofiyeva