FAYDALI MATERİALLAR

Stresi dəf etmək üçün aktiv sinif məşğələləri

29.11.2017

      Bu beyin fasilələri və diqqət dağınıqlığını azaldan məşğələlər şagirdlərə stress və psixoloji travma ilə mübarizə aparmaqda və onları sağlam təlimə yönəltməkdə kömək edir. Şagidlərin özləri ilə birgə sinfə gətirdikləri travma və çətinliklər bəzən müəllimlərin qarşısında tədris üsulunu dəyişmə zərurəti qoyur. Yalnız limbik beyin bölgələrindəki stress reaksiyasına deyil, beynin kök hissəsində hissiyyat və motorika sistemlərinə də təsir edən bəzi məşğələləri diqqətinizə çatdırmaq istəyərdim.

Beyin fasilələri

Beyin fasilələri beynin daha reaktiv və ibtidai sahələrində emosional tənzimləməni oyatmaqla yanaşı, həm də motorika və hissiyyat sistemlərini stimullaşdırır. Sinifdə tətbiq edə biləcəyiniz beyin fasiləsi üçün məşğələlər aşağıdakılardır:

Şən söhbət

Şagirdlərdən dillərini sərt damağa (kəsici dişlərin arxasına) toxunduraraq söhbətə başlamalarını xahiş edin. Hər kəsi cəlb edə biləcəyiniz sinif diskussiyası təşkil edin.

Dil dartınması

Şagirdlərdən təmiz əl və ya salfet ilə dillərini mümkün qədər dartmalarını xahiş edin. Bu, boğaz, damaq, üst boyun və beyin kökünü rahatlaşdırır. Bu məşğələni əyləncəli hala çevirmək üçün daha nələr əlavə edə biləcəyinizi düşünün.

İkitərəfli cızmaqara

Şagirdlərdən hər əlində fərqli bir marker tutaraq 30 saniyə ərzində hər hansı bir mahnınn ritminə uyğun cızmaqara etmələrini xahiş edin. Bitdikdən sonra bu cızmaqaraların nəyəsə bənzərliyini və qəribə cəhətlərini müzakirə edin. Cızmaqaraları siniflə bölüşün və onlara ad qoyun.

Ad cızmaqaraları

Şagirdlərdən ən sevimli sözlərini 4 dəfə sağ əllə, daha sonra isə sol əllə yazmağı xahiş edin. Hansı əl ilə yazmağın daha çətin olduğunu və dominant olmayan əldən istifadə edərkən beyinlərində nə baş verdiyini müzakirə edin.

Diqqət cəlbetmə məşğələləri

Diqqət cəlbetmə məşğələləri  beynin stresə reaksiyasını sakitləşdirir, davamlı diqqət və emosional tənzimləməni stimullaşdırır. Tənzimlənmiş və sakit bir beyin ciddi tədrisə hazır bir beyindir. Aşağıdakı məşğələlər diqqət cəlbetmə üçün uyğun məşğələlərdir:

Buz kubları

Hər bir şagirdə bir buz kubu və onu tutmaq üçün kağız salfet paylayın. Buz kubu əllərində olanda şagirdlərdən nə hiss etdiklərinə diqqət yetirməyi xahiş edin. Onlar sakitcə oturub buz kubunun əriməsini gözləyə bilirlərmi?

Dərin nəfəsalma

Şagirdlərdən ayaqlarını topuqdan bir-birinin üstünə aşırmağı xahiş edin. Daha sonra isə sol əli sağ əlin üzərindən keçirib boynun arxasında əlləri birləşdirməyi istəyin. 30 saniyə içində bu pozada duraraq 5 dəfə dərindən nəfəs almağı tapşırın. Daha sonra isə əlləri və ayaqları başlanğıc halına gətirib 30 saniyə fasilə versinlər. Sonda bu tapşırıq zamanı  nə hiss etdiklərini soruşun.

Hisslərin ifadəsi

Günə başlayarkən, şagirdlərdən öz bədənlərini necə hiss etdiklərini bir şəkil və ya təsvirlə bölüşmələrini xahiş edin. Məsələn: soyuq, isti, yumşaq, gərgin və s. Hissiyyat emosiyalardan fərqlənir.  Çünki o, bədənin fiziki vəziyyətini təsvir edir. Danışa bilməyən uşaqlar belə bədənin hissiyatlı hissələrini işarə edərək nələrsə ifadə edə bilərlər. Hisslərin dərk edilməsi ümumi dərketməni və özünütanımanı inkişaf etdirir. Şagirdlər yalnız öz hissləri ilə tanış olmağa başlayanda neqativ hissləri ayırd edə bilirlər.

Dr. Lori Desautels

Azərbaycan dilinə tərcümə etdi: Zöhrə Tağızadə