FAYDALI MATERİALLAR

Böyük dəyişikliklər edən kiçik nüanslar

07.12.2017

    Oxunmuş və ya dinlənilmiş mətnin nəql olunması, suallara cavab  şagirdlərin sifahi nitqini inkişaf etdirmək üçün istifadə etdiyimiz ənənəvi metodlardır. Lakin mətnin nəql olunması kor-təbii şəkildə baş verirsə, tapşırıq səmərə verməyəcək. Şagird hər hansı mətni nəql edərkən müəyyən qaydalara əməl etməli olduğunu bilməlidir.

    Əvvəla: məntiqi ardıcıllıq gözlənilməlidir. Şagird mətni nəql edərkən səbəb-nəticə əlaqəsinə məhəl qoymayıbsa, siz sonda ona yönəldici suallar verməklə, çatdırmadığı informasiyaya diqqət çəkə bilərsiniz.

    İkincisi: xronoloji ardıcıllığa riayət olunmalıdır. Bədii, tarixi  mətnlərin nəqlində xronoloji ardıcıllığı gözləmək xüsusilə vacibdir. Bu, şagirdlərə fikirlərini strukturlaşdırmaqda da kömək edir.

    Üçüncüsü: terminləri, söz və ifadələri düzgün seçmək və yerində istifadə etmək nitqi kamilləşdirir. Əgər şagird düzgün termindən istifadə etmirsə və ya terminin adını təhrif edirsə, yerində müdaxilə edin.

    Dördüncüsü: I şəxsin adından verilən mətnlərin III şəxsin adından nəql olunması, baxış perspektivinin dəyişdirilməsi məsələlərini diqqətdə saxlayın.

    Beşincisi: sözçülük, mətləbi uzatmaq və ya verilmiş suala yayındırıcı cavablar vermək həvəsini azaltmağa çalışın.

    Ən əsası isə - siz danışan şagirdə  diqqətlə qulaq asmalısınız. Sinifdə hamı bunu hiss etməlidir. Sizin nə qədər diqqətli olmağınız isə sonda verdiyiniz dəqiqləşdirici və yönəldici suallarda özünü göstərəcəkdir.