FAYDALI MATERİALLAR

UŞAQ ÖZÜNƏ VACİB OLANI İRİ ÇƏKİR

14.12.2017

UŞAQ ÖZÜNƏ VACİB OLANI İRİ ÇƏKİR

(Uşaq rəsmlərini necə  anlamalı?)

İstənilən rəsm müəyyən qədər öz müəllifinin daxili aləmini əks etdirir. Eyni peyzajı hər kəs öz düşündüyü kimi çəkir. Hər bir müəllif rəngləri, formaları və cizgiləri öz təəssüratna, əhval-ruhiyyəsinə, daxili aləminə görə seçir.

Bu, xüsusilə uşaq rəsmlərində daha aydın görünür. Əlbəttə ki, yalnız bir rəsm əsasında nəticə çıxarmaq doğru olmaz: “Əgər hər şeyi qara flamasterlə çəkibsə, demək o, depressiyadadır.” Əgər gənc rəssamın durumunun obyektiv təsvirinə nail olmaq istəyirsinizsə, bir və ya iki ay ərzində çəkdiyi rəsmlərdən bir neçəsini müqayisə etməlisiniz.

Hər şeydən əvvəl rəsmlərin süjetinə diqqət edin. Uşaq rəsmlərinin əksəriyyəti heyvanlar və insanlar, günəş və səma, ev və ağaclar, otlar və çiçəklərdir. Rəsmdə insan təsvirinin olmaması ünsiyyət çətinliyindən xəbər verə bilər.

İri dişli, buynuzlu, acıqlı və təhlükəli heyvanlar uşağın gərgin vəziyyətinin göstəricisi ola bilər. Əgər uşaq 6-7 yaşları ərəfəsində müharibə, silah, dinozavr, xərçəng çəkirsə, həyəcanlanmayın, bu, normaldır. Bununla o, özünü kişi, himayəçi, döyüşçü roluna hazırlayır ki, gözlənilməz şəraitdə özünü itirməsin və təhlükəli vəziyyətlərdə  düzgün davrana bilsin.

Əgər 6-8 yaşlı qız şahzadə, gəlin, bant və qızılgüllər çəkirsə, bu, normaldır və o deməkdir ki, özünü ən cəlbedici, məlahətli qız, qadın roluna hazırlayır.

Rənglər emosiya ötürür

Rəsmlərdə rənglərin analizində doğru seçilməmiş və ya qabardılmış rənglərə daha çox diqqət vermək lazımdır. Məsələn, rəsm tamamilə qara cizgilərlə çəkilib, uşaq onu rəngləməkdən imtina edir.  Və ya qırmızı rəngdə olması mümkün olmayan əşyalar qırmızıyla çəkilib.

Göy – inam və sakitlik rəngidir.

Mavi rəngli məktəb binası – tədris prosesinə yaxşı adaptasiyanın əlamətidir.

Yaşıl – etibar, etiraf olunmaq hissini yaradır.

Qırmızı – emosional gərginlik, əsəbilik, konflikt. Misal üçün, ailə üzvlərindən biri qırmızı rənglə çəkilə bilər.

Sarı – fəallıq, yaxşı əhval, pozitiv münasibət.

Çəhrayı – incəlik, həssaslılıq hissi.

Boz – qeyri-müəyyən həyəcanlı vəziyyət.

Qara – əgər rəsmdə çoxdursa, təslim olmaq və ağır iztirablı vəziyyətin göstəricisidir.

Rənglərdən asılı olmayaraq, qarışıq xətlər, rənglərin səliqəsiz yaxıldığı fiqurlar neqativ yaşantılara işarə edir. Qaralanmış obyekt uşaqda həyacan və qorxu yaradır. Bu, ağır xəstələnmiş nənə, əlində iynə olan həkim və ya quduz it rəsmi ola bilər.

Rəsmdə detalların ölçüsü                       

Rəsm çəkilən kağızın ölçüsü qədər, ayrı-ayrı detalların da ölçüsü önəmlidir. Kiçik rəsmlər və xırda fiqurlar gənc rəssamın inamsızlığına, çəkingənliyinə, həyəcanına dəlalət edir. Rəsmin kağızın orta xəttindən yuxarıda yerləşməsi yüksək özünəqiymət və kollektivdə, qrupda öz məqamından məmnunsuzluğu ifadə edir.

Uşaq özü üçün vacib olanları iri çəkir

Lakin önəmsiz hesab etdiklərini – xırda. Öz dostlarını çəkərkən ən hündür olanı deyil, ona təsiri çox olanı böyük çəkir. Əhəmiyyətsiz detalları isə ümumiyyətlə çəkməyə bilər.

Diqqət edin, əgər əllər yanlardadırsa,  bu, ətraf aləmlə, şəxsi ünsiyyətdə çətinlikdən xəbər verir. Normadan böyük baş ölçüsü müəllifin ağlının hissləri üzərində hakim olduğunu bildirir, o, digərlərində də ağıl və iradəni qiymətləndirir. Qulaqların böyüdülmüş ölçüsü uşağın ətrafdakıların fikrinə önəm verdiyini və onun sözəbaxan olmasından xəbər verir.

Başlıcası

Yadda saxlayın ki, rəsmin analizində ən önəmli olan – rəsmdən alınmış ümumi təəssüratdır. Orada hansı hisslər əks olunub? Sevinc, məmnunluq və ya kədər, qorxu, tənhalıq?  Sizin uşağın ürəyində bu dəqiqə nə yaşanır? O, sizə öz rəsmi ilə nə demək istəmişdir?

 

Tərcümə etdi: Könül Nəhmətova

Mənbə: http://psyfor.life/to-chto-dlya-rebenka-vazhno-on-risuet-bolshim-kak-rasshifrovyvat-detskie-risunki/