FAYDALI MATERİALLAR

Mətn və onun tipləri

05.01.2018

Mətn və onun tipləri

Əvvəlcə mətn anlayışının Azərbaycan dili fənninin məzmununda yerini və əhəmiyyətini müəyyənləşdirək. Oxu və yazı məzmun xətləri üzrə standartlar mətn üzrə iş əsasında müəyyənləşdirilmişdir. Çünki şagirdin oxu və yazı vərdişləri  mətn vasitəsilə formalaşdırılır. Sonda da şifahi və yazılı fəaliyyətinin məhsulu  mətn olur.  Bəs mətn nə deməkdir?

Mətn anlayışının ən geniş yayılmış tərifi belədir:

Mətn – eyni fikir və mövzu ətrafında birləşmiş cümlələr məcmusudur. Mətndə cümlələrin leksik bağlılığı olduğu kimi qrammatik bağlılığı da var.

Əlavə olaraq bunları da deyə bilərik:

Mətn ən böyük nitq vahididir.

Mətn – yalnız ünsiyyət prosesində yaranan və mövcud olan nitq vahididir.

Mətn - böyük və ya kiçik həcmdə  bitkin məzmuna və bu məzmunu təqdim edən formaya malik şifahi və ya yazılı işarələr sistemidir.

Mətn anlayışının izahında mübahisəli bir məqam mətnin ən azı neçə cümlədən ibarət olmasıdır. Mütəxəssislərin əksəriyyəti mətnin ən azı iki cümlədən ibarət olduğunu düşünürlər. Lakin yadımıza atalar sözlərini, aforizmləri, şüarları saldıqda, bu geniş yayılmış fikirlə razılaşmaya bilərik. Mətnin bitkin bir məzmuna və müəyyən formaya malik olduğunu nəzərə alaraq bir cümlədən ibarət atalar sözlərini də mətn hesab edirik. Məsələyə başqa bir aspektdən də baxaq. Bədii janrlar daim dəyişməkdə, yeniləri yaranmaqdadır. Bir sətirlik şeir, bir cümləlik hekayənin yazıldığı bu dövrdə mətnin ən azı neçə cümlədən ibarət olması mübahisə obyekti olmamalıdır.

Lakin  şagirdlər hər gün müəyyən həcmdə müxtəlif xarakterli və üsluba malik mətnlər oxuyur, özləri də esse, inşa, hekayə kimi yazı növlərində  mətn tərtib edirlər.  Mətnin əsas əlamətlərini bu baxımdan müəyyənləşdirəcəyik:

Mətnin əlamətləri:

  • Mətndə cümlələr məna və qrammatik cəhətdən bağlı olur.
  • Mətnin başlığı var və yaxud ona başlıq vermək mümkündür.
  • Mətn 3 hissədən ibarətdir: giriş, əsas, nəticə.
  • Mətndə bütün cümlələr eyni mövzuya aiddir.
  • Məzmununa görə mətnin xarakteri olur.

Nədən bəhs olunursa, o, mətnin mövzusunu təşkil edir.

Adətən, mətnin mövzusu onun başlığında öz ifadəsini tapır.

Mətnin mövzusunu müəyyənləşdirmək üçün belə bir sual verilə bilər:

Mətndə nədən bəhs edilir?

Mətnin ideyası – müəllifin bizə demək istədikləridir, bu mətni yazmaqda əsas məqsədidir. Mətnə epiqraf verilmişdirsə, bu, onun ideyasını ifadə edir.

Mətnin ideyasını müəyyənləşdirmək üçün isə şagirdlərə belə bir sual verə bilərsiniz:

Müəllif nəyə çağırır?

Mətn abzas adlanan hissələrə ayrılır. Abzaslar bir mətləbdən digərinə keçid edilən zaman qoyulur. Buna görə də, adətən,  hər bir abzasın öz mikromətni olur.

Xarakterindən asılı olaraq mətn 3 növə ayrılır: nəqli, təsviri, mühakiməvi.

Nəqli mətnlərdə ardıcıl baş vermiş hərəkət və hadisələrdən bəhs edilir. Mətnin nəqli xarakterini müəyyənləşdirmək üçün onun məzmunundan bu suallara cavab axtarmaq olar:

Kim? və ya Nə? Nə zaman? Harada? Necə? Nə edir? (baş vermişdir).

Məktəbdə (harada?) tibbi müayinə zamanı (nə zaman?) həkim (kim?) birinci sinif şagirdindən (kimdən?) soruşur (nə edir?):

— Burun və qulaqlarından şikayətin var?

— Var. Paltarımı geyinəndə mənə mane olur.

Təsviri mətnlərdə nəyinsə, kiminsə, hansı məkanınsa təsviri verilir. Belə mətnləri müəyyənləşdirmək üçün sifətin suallarını verəcəyik:

Necədir? Nə cürdür? Nə qədərdir? (əşya, insan, məkan və s.)

Cənnət quşları (Paradisaeidae)

 Erkək və dişisi arasında böyük (necə?) fərqlər vardır. Erkəkləri çox rəngarəng (necə?) olur. Qəribə uçuşları ilə dişinin diqqətini çəkir.

Növlərin çoxunda quyruq uzun və rənglidir. (necə?)

Mühakimə xarakterli mətnlərdə nə isə izah edilir və ya sübut olunur. Hərəkətlərin, hadisələrin, təzahürlərin səbəblərindən danışılır, hadisələr, hərəkətlər, təzahürlər arasındakı əlaqələr şərh edilir.

Niyə? Nə üçün? (hərəkətlər, hadisələr, təzahürlər)

Başqalarını anlamaq üçün bədii ədəbiyyat oxumaq vacibdir. (nə üçün?) Bədii ədəbiyyat – hərflərdən və bir ovuc durğu işarələrindən yaratdığımız mətnlərdir.  Lakin biz bu mətnləri oxuduqda  təsəvvürümüzdə bir dünya yaradırıq,  orada məskunlaşırıq və ətrafa özgə gözü ilə baxırıq. Əvvəllər anlamadıqlarımızı   dərk edirik.  Dərk edirik ki,  xarici dünya da bizik.  Biz başqa bir insan oluruq.  (niyə?)

Mətnlər qarışıq tipli də olur: nəqli-təsviri, nəqli-mühakiməvi, təsviri-mühakiməvi və s.

Fikrlərimizi belə ümumiləşdirə bilərik:

Nəqli mətnlər  danışır.

Təsviri mətnlər   göstərir.

Mühakimə xarakterli mətnlər  sübut edir.

 

 

Hazırladı: Könül Nəhmətova