Diferensial təlim
08.01.2018
Diferensial təlim barədə
Fərqli qabiliyyət və maraqlara, eləcə də öyrənmə xüsusiyyətlərinə malik şagirdlərə eyni anlayış və bacarıqları necə öyrədirsiniz? Ən əsası isə real sinif otağında, dərs üçün ayrılmış məhdud vaxt çərçivəsində bunun öhdəsindən necə gəlmək olar?
Diferensial təlim bu sualların hərtərəfli araşdırılmış cavablarından biridir. Bu təlim üzrə xüsusi taktikaları təsvir etməmişdən əvvəl sizinlə diferensial təlimin iki fundamental prinsipini bölüşmək istərdim.
● Diferensiasiya bütün şagirdlərin ehtiyaclarını qarşılamaq üçün – şagirdlərin nə öyrəndiyinə (məzmun), informasiyanı necə mənimsədiklərinə (informasiyanın emalı), bilik və bacarıqlarını necə nümayiş etdirmələrinə (nəticə) və tədrisin harda və kiminlə baş tutmasına (təlim mühiti) dəyişiklik etməklə hazırlanmış öyrətmə metodudur.
● “Diferensiasiya təlim reseptlərindən ibarət toplu deyil. Əslində bu, şagirdlərin sinifdə lazımi təlim təcrübəsi qazanması üçün “öyrətmə və öyrənmə haqqında düşünmək tərzidir”- deyə diferensiasiya eksperti Karol Tomlinson yazır.
Bunu nəzərdə tutaraq, fərqli qabiliyyətlərə malik şagirdlərin ehtiyaclarını ödəmək üçün istifadə edə biləcəyiniz xüsusi texnikaları sizə təqdim edirik.
- Diferensiasiyaya keçid tədricən təşkil olunmalıdır.
Hərtərəfli şagirdyönümlü tədrisə tam keçidlə ilk dəfə üzləşən bəzi uşaqlar narahatlıq keçirir. Məsələn, mən şagird seçiminə əsaslanan proqramı təqdim elədiyim gün, stressdən bütöv bir Tofita paketini yeyib bitirən məktəbli qızı heç vaxt unutmayacağam. Bununla bağlı olaraq, doktor Keti Nunli bildirir ki, şagirdyönümlü tədrisə keçid tədricən baş verməlidir. Məsələn, şagirdlərə dərsin sonunadək iki-üç yazı işi mövzusundan birini seçərək yazı yazmaq təklifi ilk vaxtlar diferensiasiyaya tədrici keçidin başlanğıcı hesab oluna bilər.
2. Yüksək nailiyyətli şagirdlərə sıxlaşdırılmış (kompakt) proqram təqdim edin.
Sıxlaşdırılmış proqram materialı həmyaşıdlarından daha sürətlə mənimsəyən yüksək nailiyyətli şagirdlərin tez-tez qarşılaşdığı darıxma hallarının azaldılması üçün bir vasitədir. Konnektikut Universitetinin “Xüsusi istedadlılar üçün proqram”ı tövsiyə edir ki, bu qrup şagirdlər öncədən xüsusi testdən keçərək proqramın müəyyən hissələrinin üstündən adlaya bilər. Onu da mütləq qeyd etmək lazımdır ki, bu şagirdlərə “tədqiqat mövzularında mini kurslar” keçmək və ya “kiçik qrup layihələri” hazırlamaq təklif olunmalıdır.
3. Seçimlə təmin edin.
Seçimin verilməsi şagirdləri həvəsləndirir və onları səlahiyyətləndirir. Bunun üçün şagirdlərə icazə verin ki, onlar:
● digər şagirdlərlə bir sinifdə dərsi hansı formada öyrənmək qərarını özləri versin - fərdi olaraq, cütlərlə iş formasında, kiçik qruplarda və ya bütün siniflə birgə;
● yazı işlərinin çətinlik dərəcəsini özləri seçsin;
● öyrənmək istədikləri məzmunu özləri seçsin. Məsələn, ədəbiyyat dərslərində sinfə verilən mövzuya dair (məsələn: “Cins və şəxsiyyət” mövzusu) müxtəlif çeşidli kitablardan birini seçərək həmin mövzunu araşdırıb müzakirə etsinlər;
● cavab verəcəkləri imtahan suallarını birbaşa özləri seçsin. Məsələn, testin birinci səhifəsində soruşula bilər ki, “Aşağıdakı beş sualdan cavabında ən çox əmin olduğunuz üçünü seçib yazın”. Bundan əlavə şagirdlər imtahanın keçirilmə vaxtını da səsvermə yolu ilə özləri seçə bilər;
● fərdi müqavilələrlə nəyi, harada, nə vaxt və necə öyrənəcəklərinə özləri qərar versinlər. Lakin müəllimlər əvvəlcədən bilməlidir ki, şagirdlər öz “öyrənmə müqavilələri”ni tərtib edərkən onları həm səbirli olmağa səsləmək, həm də intensiv təlimatlandırmaq lazımdır.
4. Hər dərsdə qiymətləndirmə aparın.
Unutmaq lazım deyil ki, şagirdyönümlü təlimatın qiymətləndirilməsi ən az şagirdyönümlü təlimatın özü qədər əhəmiyyətlidir. Müəllimlər həmişə şagirdlərin akademik inkişafda hansı mərhələdə olduqlarını bilməli, onların ən yaxşı öyrənmə yolları və maraqları haqqında məlumatlı olmalıdır. Aşağıdakı qiymətləndirmə vasitələri buna kömək edir:
● Pedaqoq Çandra Manninq şagirdlərin maraqları haqda məlumat yığmaq üçün iki qrafik təşkilatçıdan istifadəni tövsiyə edir: “Mən kiməm” Who I Am və “ Mənim haqqımda hər şey Qəzeti” (All About Me Gazette).
● Dərs bitdikdən sonra şagirdlər refleksiya üçün “3 dəqiqəlik pauza” (3-Minute Pause) protokolunu tamamlaya bilər.
● Müəllim - şagird konfransları müəllimlərin şagirdlərin cari inkişafını izləməyə və irəlidə hansı dəstəyə ehtiyacları olacağını operativ müəyyənləşdirməyə kömək edir.
● Diferensial təlim üzrə ekspert Debora Blaz xəbər verir ki, şagirdlər tərəfindən yaradılmış rubriklər (student-created rubrics) müəllimlərə dərs planlaşdırmasının güclü tərəf və boşluqlarını müəyyənləşdirməyə kömək edir. Blaz həmçinin güclü şagirdlər üçün olan rubrikin sütununa əlavə səy tələb edən meyarı da əlavə etməyi məsləhət görür.
● Testləri hazırlayarkən şagirdlərin üstünlük verdiyi müxtəlif tipli sual formalarını daxil edin. Bunlara çoxvariantlı testlər, qısa cavab tələb edən suallar, zaman qrafiki, uyğunlaşdırma tapşırıqları, doğru/yanlış, yarımçıq cümlələri tamamlamaq tipli testlər daxil ola bilər.
● Akademik inkişafı vizual olaraq izləmələri üçün həftəlik tapşırıqların “nəzarət şkalasını” (benchmark timeline) yaratmağı şagirdlərə tapşırın. Şagirdlər hər beşinci gün bu şkalaya qol çəkərək, yerinə yetirilməli olan tapşırıqlar siyahısında hansı mərhələdə olduqlarının qeydiyyatını aparsınlar.
● Professor Helen Barret öyrənmə portfoliosunu (learning portfolio) “bir və ya bir neçə müxtəlif sahələrdə şagirdlərin səyi, inkişafı və nailiyyətlərini göstərən fərdi işlərinin məqsədyönlü kolleksiyası” adlandırır.
5. Mütaliəyə güclü dəstək verin.
● Rewordify qavrama bacarıqları müxtəlif olan şagirdlərin eyni mətni anlayıb müzakirə edə bilməsi üçün ingilis dili mətnlərini asanlaşdıran və qısaldan bir saytdır.
● Yüksək, orta və aşağı səviyyəli oxu bacarıqları olan şagirdlərin dil səviyyələrinə uyğunlaşdırılmış məlumatverici mətnlər tapmaq üçün Newsela, Tween Tribune və ya News in Levels saytlarından istifadə edin. Sonuncu sayt əlavə kömək məqsədilə şagirdləri məqalələrin audio versiyaları ilə də təmin edir.
● Mürəkkəb mətnləri oxumaqda çətinlik çəkən oxuculara Qavrama əlfəcinləri (Comprehension Bookmarks) paylayın.
6. Gənc yazıçılara məqsədyönlü dəstək təklif edin.
● Akademik yazıya hazırlaşarkən şagirdləri müvəqqəti olaraq cümlələr arasında istifadə olunan keçid sözlərin siyahısı (word bank of transitions), inşa strukturunun qrafiki (essay structure graphic) və ya hazır cümlə formaları (sentence frames) ilə təmin edin.
● Google sənədləri ilə asanlıqla inteqrasiya olunan ödənişsiz SAS Writing Reviser inşaların cümlə quruluşunu, müxtəlifliyini, məna gücünü, aydınlıq və qrammatika məsələlərini təhlil edən yazı korrektorudur. Yaxşı yazı yazmaq qabiliyyəti olan şagirdlərdən yazılarındakı cümlələrin rəngarəngliyi, məchul növdən istifadənin təhlilini və yazılarını qiymətləndirmələrini xahiş edin, daha zəif yazan şagirdlərdən isə SAS vasitəsilə cümlədəki müxtəlif fraqmentləri yoxlamağı, cümlələrdə nöqtə, vergülün yerini tapmağı və mənası aydın olmayan cümlələri müəyyənləşdirməyi istəyin.
Nəticədə əgər şagirdlər bizim dərs prosesinə uyğunlaşmayıblarsa, şagirdyönümlü strategiyaları təcrübədən keçirərək sinifdəki təlimatları şagirdlərə uyğunlaşdırmaq biz müəllimlərin üzərinə düşür.
Müəllif: Tod Finli