FAYDALI MATERİALLAR

Məktəbəqədər təhsildə öyrətmək pis vərdişdir

10.01.2018

Müəllif: Kristian Fabbi  (YUNESKO-nun Beynəlxalq Təhsil Bürosunun erkən uşaq  inkişafı və təhsili üzrə eksperti)

                             Məktəbəqədər təhsildə öyrətmək pis vərdişdir

Hər birimizin daxilində tanımadığımız “mən” vardır.

Karl Qustav Yunq

Vərdişlərimiz (alışdığımız fikir və davranışlar) öz-özlüyündə sual və problem doğurmur. Onlar stereotipli, qeyri-sağlam, qeyri-etik davranışa gətirən olarsa, təhlükəli və həddindən artıq enerji tələb edərsə, o zaman problemə çevrilər.

Qeyd etmək istərdim ki, təhsil və erkən yaşlı uşaqların inkişaf mühitində məişət vərdişlərinin asanlıqla kök salmasının müxtəlif səbəbləri var və bu, bir-biri ilə əlaqəlidir. Uşaqlar böyüdükcə onların ehtiyac və tələbləri mürəkkəbləşir, dəyişir və biz bunları nəzərə almalıyıq. Amma biz vərdişlərimizdən əl çəkməmək üçün bizi qane etməyən vəziyyəti müxtəlif səbəblərlə izah etməyə çalışırıq.

            Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri  ilə söhbət zamanı “biz həmişə belə etmişik”, “indi uşaqlar dəyişib”, “valideynlər əvvəlki kimi deyillər” tipli ifadələrdə onların narahatlıqlarının şahidi ola bilərsiniz. Digər tərəfdən isə təhsil işçilərinin vərdişlərini dəyişməyin necə çətin və səmərəsiz iş olduğu haqqında fikirlərlə rastlaşa bilərsiniz. Amma biz unutmamalıyıq ki, tərbiyəçi-müəllimlərin və pedaqoji kollektivin vərdişləri təhsil prosesinə birbaşa təsir göstərir. Nümunə üçün gender məsələlərini götürək: qız və oğlan uşaqları ilə davranış çox zaman fərqlidir. Təhsil işçilərinə aydın olmalıdır ki, uşaqlar özlərini və ailələrini oyuncaqlarda, təlim vəsaitlərində müsbət əks olunmuş şəkildə görməlidirlər. Ancaq bu nüans nəzərə alınmadıqda, gender bərabərliyi mövzusunda çoxlu sayda stereotiplərə rast gəlmək olur. Biz hələ də fəaliyyətimizdə uşaqların özünəhörmət hissinə təhlükə törədən və sosial baryerlər yaradan davranışlara icazə veririk. Məsələn, uşaqlarımızın adlarına, rollu oyunlardan gözləntilərinə, başqa oyun fəaliyyətlərinə, bağçada səhər toplantılarına, necə nahar etmələrinə, bağçanın təlim mühitinə belə qarışırıq.

Stereotiplər və vərdiş etdiyimiz mənfi davranışlar yalnız gender məsələlərində özünü göstərmir. Əgər diqqətlə nəzər salsaq, bağça tərbiyəçilərinin strategiyaları da  müxtəlif səviyyədə və sahələrdə qüsurludur. Lakin təhsildə bizim ən birinci pis vərdişimiz öyrətməkdir. Biz o məktəblərdə böyümüşük ki, orada bizim hamımızı öyrədərdilər. Bu, sonu olmayan bir paradiqmadır: böyüklər biliklidir, onlar bu biliyi uşaqlara ötürməlidir. Daha sonra isə bu “ötürmə”nin (öyrənmə prosesinin) doğru və ya yanlış getməsini qiymətləndirərdilər. Çox təəssüf ki, bu yanaşma hələ də davam edir. Bu vərdişimiz uşaqlara qarşı determinist (məhdudlaşdırıcı)  və hörmətsiz davranışdır. Baxmayaraq ki, bu cür yolla uşaqların öyrənmədiyini göstərən çoxlu sübutlar mövcuddur, hələ də 99% məktəbəqədər tərbiyəçi-müəllimlər bunu yeganə yol sayır və bu tip davranış çərçivəsindən çıxa bilmir.

Karla Rinaldi aşağıda dəqiq qeyd etmişdir ki:

a) Öyrənmə düz xətlə getmir, o, proqnozlaşdırıla bilən, müəyyən olunmuş, determinist proses deyil. Öyrənmə daha çox şaxələnmiş formalar, bir anlıq nailiyyətlər, ilişib qalmalar və geri dönmələrdən ibarətdir.

b) Biliyin formalaşdırılması qrup prosesidir; hər kəs başqalarının fərziyyə və nəzəriyyələri ilə bəslənir, eyni zamanda digərləri ilə qarşıdurma və müştərək razılaşma prosesi nəticəsində biliklər formalaşır, təkmilləşir. Əsas odur ki, konfliktlər və natarazlıqlar bizi hər dəfə izah modellərimizi və nəzəriyyələrimizi reallıqda gözdən keçirməyə məcbur edir. Belə öyrənmə uşaqlar üçün də, böyüklər üçün də eynidir.

c) Uşaqlar öz nəzəriyyələrini yaradırlar və öyrənmək üçün həmin nəzəriyyələrdən ilhamlanırlar ki, bu da çox vacib məsələdir.  Onların öz dəyərləri, anlayışları, həmçinin, öz dərketmə müddəti vardır ki, bunlar təlim prosesinin gedişatını istiqamətləndirir. Bu zaman müddəti hörmət və anlayışla qarşılanmalı və dəstəklənməlidir.

Düşünürəm ki, təhsilin qarşısında duran ən böyük çətinlik bu pis vərdişdən yapışmağımızdır. Çünki bu, indiyədək müəllimlik peşəsini və fəaliyyətini təyin edən vərdişdir. Dəyişikliyə ehtiyac olduğunu yalnız Reggio Emilianın təcrübəsi göstərmir. Hovard Qardner, Cerom Bruner, Con Dyüi kimi alim və müəlliflər qeyd edirlər ki, təcili olaraq təhsil haqqında təsəvvürlərimizi yenidən saf-çürük etməliyik. Ən pis vərdişimizi tərgitmək böyük cəsarət tələb edir, bu axına qarşıdır, qəbul etmək çox ağırdır, çox zəhmət tələb edir, səhv etmə riski böyükdür, vəziyyət aydın olmadığından yanlışlıqlar ola bilər. Lakin həlli olmayan və donmuş kimi görünən məsələlərə yanaşmamızı dəyişməli, opportunist olmamalı, nüfuzlu müəlliflərin kor-koranə təsirinə düşməməli, diskussiya aparmalı, tənqidi yanaşmalı, baxış bucaqlarını mütəmadi olaraq digərləri ilə sorğu-sual etməliyik...

Biliyin formalaşması cəmiyyətin təməlində durur və qərb xalqlarının bel sütunudur.  
Dəyişiklik ümidi köhnə vərdişlərə yenidən baxışdan, kollektiv zəkaya fokuslanmadan keçir. Çünki fərdi bilik birtərəflidir. Yeni təhsil quruculuğunda  hər kəsin nəzər nöqtəsi vacibdir.