"Gizli heyranlar": sadə, lakin səmərəli sinif fəaliyyəti
25.01.2018
“Gizli heyranlar”: sadə, lakin səmərəli sinif fəaliyyəti
Sinifdə təhlükəsiz və qayğıkeş mühit yaratmağım üçün bir həmkarım mənə “Qəbilələr” adlı tövsiyə kitabçası verdi. Şagirdlərin inkişafına ciddi yanaşdığımdan, kitabda tapdığım bir sinif fəaliyyətini sınamaq qərarına gəldim.
Səhər hər bir şagird qutunun içindən bir sinif yoldaşının adını çıxarmalı və gün ərzində həmin şagirdin gizli heyranına çevrilməli idi. Qaydalara görə şagirdlər seçdikləri şəxsin adını heç kimə bildirməməli, həmin şəxsi günboyu müşahidə etməli və onda müsbət davranışlar tapmalı idilər. Günün sonunda şagirdlər müşahidə etdikləri şəxsin adını açıqlayırdılar və bəyəndikləri davranışları sinif yoldaşları ilə bölüşürdülər: “Tənəffüs vaxtı Oskar öz futbol topunu Manuelə verdi,” və “Lizet nahar vaxtı bufetə sakitcə getdi, dəhlizdə qaçmadı,” və “Billi Tomasa riyaziyyat məsələlərində kömək etdi.”
Şagirdlər, biri digərinə xoş sözlər deyərkən və bir-birindən xoş sözlər eşidərkən, onların üz ifadələri də dəyişirdi, və onların üzlərində qürur, sevinc və bir-biriylə bağlılıq hissi oxunurdu. Mən 7 yaşlı bu uşaqların bir-birini necə diqqətlə müşahidə etdiklərinə, dost olduqları və olmadıqları sinif yoldaşlarının səciyyəvi, heyranedici xüsusiyyətlərini necə müəyyənləşdirdiklərinə heyrət qalmışdım. Biz sual-cavab edib bu fəaliyyəti yekunlaşdıranda, Tomas bizim bu fəaliyyəti sabah da təkrar edib-etməyəcəyimizi soruşdu. Bütün sinif davam etməyimiz üçün öz razılığını verdi. “Əlbəttə,” - mən dedim. “Niyə də yox?”
Gizli heyranların ikinci gününün sonunda, şagirdlər məndən eyni xahişi etdilər. “Biz bunu hər gün edə bilərik?” - deyə Elizabet soruşdu. Və biz bu fəaliyyəti davam etdirdik. Günbəgün uşaqlar qutudan yeni adlar çıxarırdılar. Hərdən bizim “çətin günlər”imiz olurdu. Bu günlərdə şagirdlər papaqdan iki və ya üç ad çıxarmalı idilər. Digər günlər isə biz “Mən də” günlərini təşkil edirdik. Bu günlər şagirdlər göstərmək istədikləri davranışları özləri müəyyənləşdirirdilər. Biz həmçinin uşaqların ən çox fəxr etdiyi və ya izlədikləri zaman ən çox xoşlarına gələn davranışların siyahısını yaratdıq və divardan asdıq - bu davranışlar xeyirxahlıq, əməkdaşlıq, şəxsi məsuliyyət, cəsarət və s. xüsusiyyətləri əks etdirirdi.
“Gizli heyranlar” texnikasının niyə belə yaxşı işlədiyini mən bir neçə il sonra öyrəndim: biz diqqətimizi şagirdlərin güclü tərəfləri, diqqətəlayiq və müsbət xüsusiyyətlərində cəmləşdirmişdik. Qeyd etmək lazımdır ki, bu, psixologiyada, təşkilati dəyişimin idarəedilməsində və nevrologiya sahələrində çox geniş araşdırılmış bir mövzudur. Bu sahələrdə işləyən tədqiqatçılar razılaşırlar ki, diqqətimizi müsbətə kökləməklə, biz təkcə insanların özlərini yaxşı hiss etmələrinə nail olmuruq, həm də digərlərində dəyişməsini istədiyimiz davranışların dəyişməsinə nail oluruq. Elə buna görə, böyüklərlə işləyərkən, qrup daxilində ixtilaf və ya gərginlik hiss edirəmsə, qrupun güclü tərəflərini və müsbət xüsusiyyətlərini üzə çıxarmaq üçün “gizli heyranlar” və ya digər bu kimi texnikalardan istifadə edirəm. Bunu balaca uşaqlar, yeniyetmələr, hətta yetkin şagirdlərlə işləyərkən tətbiq etməyə çalışsanız, bilin ki, bəziləri əvvəl-əvvəl müqavimət göstərə bilər; lakin istənilən sinif fəaliyyəti və ya öyrətmə strategiyasının tətbiqi zamanı davrandığımız kimi, sadəcə olaraq başlamaq, fəaliyyəti səylə davam etdirmək, sonrakı mərhələdə refleksiya etmək və lazım gələrsə, fəaliyyətə dəyişikliklər etmək lazımdır.
Müəllif: Yelena Aquliar