Qeydlər etmək üçün 3 əyləncəli strategiya
29.01.2018
Qeydlər etmək üçün 3 əyləncəli strategiya
Şagirdlər yazmağı sevmir və biz onları çox gözəl anlayırıq. Qeydlər yazmaq o qədər də maraqlı iş deyil. Müəllimin dərsi nə qədər maraqlı olsa və şagird nə qədər həvəslə dinləsə də ani diqqət yayılmalarının yaşanması normal haldır. Qeydlər aparmaq bir çox məktəblərdə hələ də vacib komponentlərdən biri hesab olunur. Çünki müəllimlər mühazirələrin şagirdə məlumatın ən tez çatdırılması üsulu hesab edir. Mühazirə oxumağı üstün tuturuqsa, bu prosesi daha maraqlı etməyə çalışmalıyıq. Aşağıda sadalanan 3 strategiya qeydəalma prosesini həm şagirlər, həm də müəllimlər üçün daha əyləncəli hala çevirir.
Gəzən qeydlər
Əksər müəllimlər mühazirələrini “Power Point”də və ya “Google Slide”da hazırlamağa üstünlük verir. Mühazirəçi-müəllim və dinləyici-şagird formatından kənara çıxmaq üçün mühazirəni çap edərək sinifdə və ya ümumi bir zalda yerləşdirin. Şagirdlər hətta dərsdən kənar zamanlarda da sinif otağında və ya koridorda gəzərkən sizin mühazirələrin çap olunmuş versiyasından istifadə edərək qeydlər götürə bilərlər. Əgər bu mühazirələr şagird sayı çox olan siniflər üçündürsə, iki və daha çox nüsxə çap etməyiniz daha məqsədəuyğundur.
Bu strategiya şagirdləri əslində oturaq bir məşğuliyyət olan qeydəalmanı daha fiziki aktiv bir fəalliyətə çevirmə şansı verir. Şagirdlərə mühazirələrin siyahısının təqdim olunması da vacibdir. Bununla onlar qeydə almadıqları və ya nəzərlərindən yayınan mühazirələrin hansılar olduğunu aydınlaşdıra bilərlər.
Bu strategiyanın bir faydası da şagirdlərin öz sürətində işləyə bilməsidir. Qeydlərini yazıb bitirən şagirdlərə mühazirələrdən öyrəndiklərini nəzərdən keçirmək üçün bir vasitə hazırlamaq məqsədəuyğundur.
Şagirdlərin şagirdləri öyrətməsi
Daha əvvəlki mühazirələrinizdə cavablandırılmış sualların siyahısını şagirdlərə təqdim edin və onlara maraqlı olan sualı ya tək ya da cütlükdə araşdırmağı xahiş edin. Şagirdləri lazımı ədəbiyyat siyahısı ilə təmin edin ki, mənbə axtarmağa çox da vaxt sərf etməsinlər. Daha sonra şagirdlərin öz suallarının cavablarını sinif yoldaşlarına izah etməsini xahiş edin. Bu, maraqlandıqları suallara cavab tapmaqda öz fərdi yanaşmalarını tətbiq etməyi şagirdlərə öyrədəcəkdir.
Bu prosesi müxtəlif cür həyata keçirə bilərsiniz. Şagirdlərdən 5 dəqiqəlik təqdimat, qısa bir oyun və qiymətləndirmə üçün 5 sualdan ibarət bir tapşırıq hazırlamaq xahiş edilə bilər.
Faktların yoxlanılması
Bu metod üçün şagirdlərin qeydlərinə bənzəyə biləcək qeydlər hazırlayıb onlara paylayın və daha sonra bildirin ki, qeydlərin içərisində bir neçə fakt yalnışdır. Şagirlər araşdıraraq yalnış faktları tapmalıdırlar. Əməkdaşlıq qabiliyyətini artırmaq üçün şagirdlərdən cütlükdə işləmələrini xahiş edin. Siz həmçinin işini bitirmiş ilk 3-5 şagirdə xırda və mənalı hədiyyələr də hazırlaya bilərsiniz. Bu prosesi rəqabət şəklində aparmaq şagirdləri daha səmərəli işləməyə təşviq edəcəkdir.
Qeydalma üçün bu üsul komanda işi, qiymətləndirmə bacarığı və sağlam düşüncə tələb edir. Şagirdlər qeydlərdə hansı məlumatların təxmini və hansıların dəqiq olduğunu tapmalı, daha sonra isə yanlış məlumatları doğrular ilə əvəz etməlidirlər.
Qeydəalma bəzən çox önəmli ola bilər. Dərs vaxtının məhdud olduğunu nəzərə alsaq, bu 3 üsulda qeydəalma bilik paylaşımını rahat və tez çatdırmaqda kömək ola bilər.
Müəllif: Andrea Marşbank (ixtisarla)