FAYDALI MATERİALLAR

Müəllimlər, münasibət pozucu davranışı münasibət yaradan davranışla əvəz edin.

31.01.2018

Nelsen, Lot və Qlen  təklif edirlər

Müəllimlər, münasibət pozucu davranışı münasibət  yaradan davranışla əvəz edin.

Ceyn Nelsen, Lin Lot və Stefen Qlen sinifdə yüksək intizam yaratmaq mövzusunda öz konsepsiyaları ilə tanınmış pedaqoqlardır. Onların məqsədi yaşlılara və uşaqlara həm özlərinə, həm də başqalarına hörmət etməyi, məsuliyyətli olmağı və üzvü olduqları qrupların inkişafına töhfə verməyi öyrətməkdir. Onların “Sinifdə yüksək intizam” (2000) kitabı məsuliyyət, qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirən tədris mühitinin yaradılmasında müəllimlərə kömək edir. 

Müəllimlərin bəzi davranış modelləri şagirdlərlə münasibəti pozur, digərləri isə münasibətlərin yaranmasına səbəb olur. Nelsen, Lot və Qlen münasibət qurucu və münasibət pozucu adlandırdıqları beş təzadlı davranışı müəyyən edir.

Pozucu adlanan davranışlar yaxşı münasibətlərin yaranmasının qarşısını alan davranışlardır, çünki onlar hörmətsizlik yaradır və şagirdləri ruhdan salır. Qurucu davranışlar isə yaxşı münasibətlərin yaranmasına səbəb olan davranışlardır, çünki onlar qarşılıqlı hörmət formalaşdırır və şagirdləri ruhlandırır. Münasibət qurucu və münasibət pozucu davranışların müqayisəsinə dair bəzi nümunələr aşağıda verilmişdir (birinci verilən davranış pozucu, qarşısında yazılan isə qurucudur).

 Fərziyyə və yoxlama. Müəllimlərin əksəriyyəti şagirdləri yoxlamadan onların nə düşündükləri və nə hiss etdikləri, nəyi bacarıb-bacarmayacaqları, hansı suala cavab verib-verməyəcəklərini bildiklərini fərz edirlər. Daha sonra isə bu fərziyyələrə əsasən şagirdlərlə iş aparırlar. Fərz etmənin əksinə olaraq, yoxlama yolu ilə şagirdlərin hiss və düşüncələrinin müəyyənləşdirilməsinə üstünlük verilməsi tövsiyə edilir.

Xilas etmə və axtarış imkanı. Müəllimlər şagirdlərinə hər zaman yardım etməyə çalışırlar. Onlar şagirdlərinə hər hansı məsələ haqqında izahat verəndə, çətin vəziyyətdən çıxış yolu təmin edəndə və ya şagirdlərin görməli olduqları işi yerinə yetirdikdə onlara yardım etdiklərini düşünürlər. Buna baxmayaraq şagirdlər vəziyyəti özləri anladıqda və öz düşüncələrinə əsasən hərəkət etdikdə daha yaxşı inkişaf edirlər. Məsələn, müəllimlər “Hava soyuqdur, gödəkcənizi geyinməyi unutmayın” – dedikdə vəziyyəti izah edir və şagirdləri həmin vəziyyətdən xilas edirlər, lakin “Bayıra baxın. Öz qayğınıza qalmaq üçün nə etməlisiniz?”- dedikdə müəllimlər şagirdləri axtarış aparmağa sövq edirlər.

İdarəetmə ilə işə cəlb etmə və həvəsləndirmə. Müəllimlər şagirdlərə “Bunu götür”, “Bunu sil”, “Tənəffüsə çıxmazdan öncə yazı masanızı səliqəyə salın” dedikdə onlara qarşı hörmətsizlik etdiklərini dərk etmirlər. Çünki bu cür əmrlərin bir sıra mənfi təsirləri mövcuddur. Bu ifadələr asılılıq yaradır, təşəbbüskarlıq və əməkdaşlıq fikirlərini aradan qaldırır və şagirdləri onların üzərinə düşən kiçik işlər ilə kifayətlənməyə alışdırır. Bu növ idarəetmə şagirdlərin özlərini idarə etmələrinə həvəsləndirmə və cəlb olunma işi ilə təzad yaradır. Əmr vermək əvəzinə müəllim şagirdlərə “Zəng tezliklə çalınacaq. Növbəti dərs üçün otağı səliqəyə salmaq məqsədilə gördüyünüz bütün işləri yüksək qiymətləndirirəm” - deyə müraciət edə bilər.

Gözləntilər və qeyd etmə. Müəllimlərin şagirdlərdən yüksək nailiyyət gözləməsi və onların potensialına inanması böyük əhəmiyyət daşıyır. Buna baxmayaraq, şagirdlər müəllimlərin inamlarını doğrultmadıqları halda “Mən həqiqətən inanırdım ki, sən bunu bacaraqsan” və ya “Mən sənin bundan artığına qadir olduğunu düşünürdüm” ifadələrini söylədikdə, şagirdlər daha çox ruhdan düşürlər. Əksinə, müəllimlər şagirdlərin inkişafını izlədikdə və daha sonra şagirdlərin diqqətini bu irəliləyişə yönəltdikdə şagirdlər daha çox nailiyyət əldə edirlər. Onların uğursuzluqlarına deyil, əldə etdikləri nailiyyətlərə diqqət yönəltmək şagirdləri daha da ruhlandırır.

“Adaltizm” və hörmətlə yanaşma.  “Siz heç zaman ….”, “Bu işi gördüyünə inana bilmirəm” - bu cür ifadələr şagirdlərdə ruh düşkünlüyü yaradır. “Bu məsələdə səndən nə istədiyimi bilirsən” demək əvəzinə onlara vərəq təqdim edərək “Bu məsələdə sənin fikirlərin nədən ibarətdir?” – deyə bilərsiniz. 

Müəllimlər münasibət pozucu davranış modellərindən nə qədər tez imtina etsələr,  müəllim-şagird münasibətləri bir o qədər tez sahmana düşər.