Hovard Qardnerin "Çoxşaxəli intellekt nəzəriyyəsi"
06.02.2018
Hovard Qardnerin “Çoxşaxəli intellekt nəzəriyyəsi”
Bir çoxlarımız bilirik ki, insanlar öyrənmə yollarına görə 3 ümumi kateqoriyaya bölünür: vizuallar, audiallar və kinestetiklər.
Qeyd etmək lazımdır ki, adı çəkilən bu üç ümumi kateqoriyadan başqa insan potensialına dair bir çox nəzəriyyə və yanaşmalar yaradılmışdır. Bunlardan biri Harvard Universitetinin təhsil üzrə professoru Doktor Hovard Qardner tərəfindən irəli sürülmüş çoxşaxəli intellekt nəzəriyyəsidir. Qardnerin ilkin olaraq psixologiya, daha sonralar isə insan idrakı sahəsində apardığı tədqiqat işləri 6 ilkin intellekt növünün müəyyən olunmasına gətirib çıxarmışdır. Bu gün artıq 9 intellekt növü barədə danışırıq, lakin bu siyahının yeni intellekt növləri ilə genişlənəcəyi də istisna deyil. Bu intellekt növləri fərdin unikal qabiliyyətlərini və onun intellektual bacarıqlarını hansı formada nümayiş etdirməyi üstün tutmasını müəyyən edir.
Qardnerin çoxşaxəli intellektləri
1. Verbal-linqvistik intellekt (yaxşı inkişaf etmiş verbal qabiliyyət və sözlərdə səslərə, mənaya və ritmə həssaslıq).
2. Məntiqi-riyazi intellekt (konseptual və abstrakt düşünmə qabiliyyəti; məntiqi və ədədi patternləri (nümunələri) tanımaq və seçmək bacarığı).
3. Məkan-vizual intellekti (şəkil və rəsmlər ilə düşünmək, dəqiq və abstrakt şəkildə vizuallaşdırmaq bacarığı).
4. Bədən-kinestetik intellekti (şəxsin öz bədən hərəkətlərini və əşyaları məharətlə idarə etmək qabiliyyəti).
5. Musiqi-ritmli intellekt (ritm, keyfiyyətli səs və keyfiyyətli ton yarada bilmək və musiqini dəyərləndirə bilmək qabiliyyəti).
6.Şəxslərarası intellekt (digərlərinin əhval-ruhiyyəsi, motivasiyası və istəklərini müəyyənləşdirə bilmək və ona uyğun şəkildə cavab vermək qabiliyyəti).
7. Fərddaxili intellekt (fərdin öz daxili hissləri, dəyərləri, inancları və düşünmə proseslərini anlaması və onları aydın şəkildə hiss etmək qabiliyyəti).
8. Naturalist intellekt (bitkilər, heyvanlar və təbiətdəki digər obyektləri müəyyənləşdirmək və kateqoriyalara bölə bilmək qabiliyyəti).
9. Ekzistensial intellekt (insan varlığı barədə dərin suallar vermək qabiliyyəti: Həyatın mənası nədir? Biz niyə ölürük? Biz bu planetə necə gəlmişik? və s.
Verbal-linqvistik intellekt (“söz sərrafı” və ya “ziyalı”)
Bu intellekt növünə dil vasitəsilə (oxumaq, yazmaq və danışmaq vasitəsilə) əldə edilən “bilgi” daxildir. Həm yazıda, həm də şifahi nitqdə sözlərin mənası və sıralanmasını anlama və dildən düzgün istifadənin yollarını bilmək verbal-linqvistik intellektin göstəricilərinə aid edilir. Bura həm də dilin sosial-mədəni xırdalıqlarını anlama, idiomlar, söz oyunları və linqvistik yumor da daxildir. Əgər sizdə bu intellekt növü güclü inkişaf edibsə, o zaman sizin oxumaq, danışmaq və yazmaq bacarıqlarınız da güclü inkişaf etmişdir və siz sözlər vasitəsilə düşünürsünüz. Yəqin ki, müxtəlif janrlarda ədəbiyyat oxumağı, söz oyunları oynamağı, şeirlər və hekayələr yazmağı, insanlarla müzakirələrdə iştirak etməyi, diskussiya aparmağı, formal çıxışlar etməyi, yaradıcı yazılar yazmağı və zarafat etməyi sevirsiniz. Böyük ehtimal ki, siz özünüzü aydın ifadə edir və digərləri bunu etməyi bacarmayanda qıcıqlanırsınız! Siz yeni sözlər öyrənməyi sevir, yazılı işlərdə yaxşı nəticələrə nail olur və oxuduğunuz hər şeyi yaxşı qavrayırsınız.
Məntiqi-riyazi İntellekt (“riyazi” beyinli və ya “məntiqli”)
Bu intellekt növünə malik insanlar həyatımızda baş verən müxtəlif patternləri tapmaq və anlamaq üçün rəqəmlər, riyaziyyat və məntiqdən istifadə edir. Belə patternlərə düşüncə patternlərini, vizual patternləri, rəng patternlərini daxil etmək olar. Məntiqi-riyazi intellekt növü real həyatdakı konkret patternlərlə başlayır, lakin gördüyümüz bütün patternlər arasındakı əlaqələri başa düşməyə çalışdıqca, get-gedə abstraklaşır. Əgər siz məntiqi-riyazi intellektə maliksinizsə, onda daha çox konseptual və abstrakt düşünməyə meyillisiniz, həmçinin digərlərinin gözdən qaçırdığı patternlər və əlaqələri görməyi bacarırsınız. Yəqin ki, təcrübələr aparmağı, tapmacalar və məsələlər həll etməyi, kosmik suallar verməyi, mövcud şəraiti və insanların davranışlarını təhlil etməyi sevirsiniz. Böyük ehtimal ki, siz, rəqəmlərlə və riyazi düsturlarla işləməyi, riyazi əməliyyatlar aparmağı xoşlayır, eləcə də mürəkkəb məsələləri həll etməyin gətirdiyi çətinliyi sevirsiniz. Siz sistemli və mütəşəkkil xarakterə malik olmaqla yanaşı, həm də etdiyiniz hər bir hərəkət və düşüncənizi həmişə məntiqlə əsaslandırmağı, hərəkət və düşüncələrinizin “niyəsini” izah etməyi bacarırsınız.
Məkan-vizual intellekti (“incəsənət hissi olan” və ya “təsvir etməyi bacaran”)
Biz tez-tez “Bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşıdır” və ya “Görəndə inanaram” kimi cümlələrdən istifadə edirik. Bu intellekt növü gözlərimizlə gördüyümüz forma, şəkil, model, dizayn və teksturalar vasitəsilə, həm də bizim xəyalımızda canlandıra bildiyimiz bütün şəkillər vasitəsilə əldə olunan “biliyi” təmsil edir. Əgər sizdə bu intellekt növü güclü inkişaf edibsə, siz şəkillər və rəsmlər vasitəsilə düşünməyə meyillisiniz. Eləcə də, ətrafınızdakı müxtəlif obyekt, forma, rəng, teksturalar və modelləri çox yaxşı fərqləndirirsiniz. Siz maraqlı dizayn və modellər çəkməyi, rəngləməyi, parçalarla, çertyojlarla, rəngli markerlər və gillə işləməyi sevirsiniz. Məkan-vizual intellekti güclü olan fərdlər pazllar quraşdırmağı, xəritədən istifadə etməyi və ilk dəfə olduqları məkanlarda yolu özləri tapmağı xoşlayırlar. Həmçinin siz hansı rənglərin bir-birinə yaraşdığı, hansı teksturaların daha xoşagələn olması və otağın necə bəzədilməli olduğu barədə konkret fikirlərə maliksiniz. Böyük ehtimal ki, siz həmçinin vizuallaşdırmaq, təsəvvür etmək, zehni şəkillər formalaşdırmaq və s. bu kimi təxəyyül tələb edən tapşırıqların öhdəsindən yaxşı gəlirsiniz.
Fərddaxili intellekt (“Öz daxili aləminə bələd” və ya “güclü introspeksiyası olan”)
Bu intellekt növünün mərkəzində bizim özümüzə kənardan baxa bilmək və öz həyatımız barədə düşünə bilmək imkanı yaradan fərdi refleksiya bacarıqlarımız durur. Fərddaxili intellekt həm də introspektiv intellekt adlanır. Bu intellekt növünə əşyaların mənasını, məqsədini və önəmini öyrənməyə bizdə istək yaradan unikal insani meylimiz də daxildir. Fərddaxili intellekt daxili dünyamız, emosiya, dəyər və inanclarımızı anlamaq və həqiqi ruhsallığa çatmaq üçün müxtəlif axtarışları özünə daxil edir.Əgər bu intellekt növü sizdə güclü inkişaf edibsə, siz tək işləməyi sevirsiniz. Bu xüsusiyyətiniz bəzən sizi insanlarla ünsiyyətdən uzaq tuta bilər.
Böyük ehtimal ki, siz düşünən və özünü yaxşı dərk edən şəxssiniz. Elə bu səbəbdən də daxili hissləriniz, dəyərləriniz, inanclarınız və düşünmə proseslərinizə bağlısınız və onlara hər zaman “diqqətlə qulaq asmağa” meyillisiniz. Bir çox hallarda müdrik və gözüaçıq, güclü intuisiyaya malik və bir işi davam etdirərkən xarici motivasiya faktorları ilə yox, daha çox daxili motivasiyaya malik şəxssiniz. Siz iradəli, özünə əmin və demək olar ki, hər bir mövzuda konkret və düşünülmüş fikirlərə malik şəxssiniz. Yəqin ki, digərləri məsləhət almaq və ya çıxış yolu tapmaq üçün tez-tez sizə müraciət edir.
Bədən-kinestetik intellekti (fiziki hərəkətlərində istedadlı olan)
Biz tez-tez “edə-edə öyrənmək” haqqında danışırıq. Bu növ intellekt fiziki hərəkət və fərdin öz fiziki bədənini yaxşı “bilməsi” vasitəsilə təzahür edir. Məsələn, bədənimiz necə velosiped sürməyi, iki maşın arasında maşını necə saxlamağı, vals oynamağı, atılan əşyanı necə tutmağı, yeriyərkən balansı necə saxlamağı və kompüter klaviaturasında hərflərin harada yerləşdiyini bilməsi kimi fəaliyyətləri necəsə yerinə yetirir (və heç də həmişə şüurlu və məntiqli ağılla yox).
Əgər siz bu intellekt növündə güclüsünüzsə, sizin bədən xüsusiyyətləriniz var. Siz fiziki hərəkəti, rəqs etməyi, əllərinizlə nəyisə düzəltməyi və yaratmağı, eləcə də rola girməyi sevirsiniz. Tez-tez olur ki, siz bir tapşırığı birinci kimdəsə görüb, daha sonra onun
hərəkətlərini təqlid edəndə tapşırığı daha yaxşı yerinə yetirirsiniz. Yəqin ki, siz hər növ fiziki oyunları sevir və nəyisə necə etməyin yollarını insanlara nümayiş etdirməyi xoşlayırsınız. Uzun müddət bir yerdə hərəkətsiz oturmaqda çətinlik çəkmək, ətrafınızda baş verən hadisələrdə aktiv iştirak etməyəndə darıxmaq və ya fikri yayınmaq da sizə xas xüsusiyyətlərdir.
Şəxslərarası intellekt (insanlarla ünsiyyətdə “ağıllı”)
Bu intellekt növü yeni bilikləri insanlar vasitəsilə almağa imkan yaradır. Şəxslərarası intellekt bir çox hallarda bizim digərləri ilə bir komandada işləyərkən və ya ünsiyyətdə olarkən ortaya çıxan “bilgi”yə deyilir. Bu növ intellekt bizdən insanlarla səmərəli ünsiyyət qurmaq üçün lazım olan bir sıra bacarıqları inkişaf etdirməyimizi tələb edir. Əgər bu növ intellekt sizdə daha yaxşı inkişaf edibsə, siz insanlarla qarşılıqlı əlaqələr vasitəsilə öyrənirsiniz. Sizin yəqin ki, çoxlu dostlarınız, insanlara münasibətdə böyük empatiya hissiniz və digərlərinin mövqelərinə anlayış göstərmək kimi xüsusiyyətləriniz vardır. Mümkündür ki, siz hər növ komanda oyunlarını sevir, yaxşı komanda üzvü kimi çıxış edir - yəni, öz yükünüzü özünüz daşıyır və hətta lazım olandan daha artığını da edirsiniz. Siz digərlərinin hiss və fikirlərinə həssas münasibət göstərir və onların düşüncələrindən öz fikirlərinizi formalaşdırmaq üçün istifadə etməyi bacarırsınız. Eləcə də, başqalarını müzakirələrə cəlb etməyi bacarır, münaqişələri həll etməkdə, vasitəçi olmaqda və insanların bir-birinə radikal mövqedə olduğu anlarda güzəşt nöqtəsi tapmağın öhdəsindən uğurla gəlirsiniz.
Naturalist intellekt (təbiətşünas)
Naturalist intellekt təbiətdə olarkən baş verənlərdən agah olmaq, müxtəlif təbiət hadisələrini dəyərləndirməyi bacarmaq və təbii ətraf mühiti dərk etmək kimi çoxsaylı “bilgilərə” malik olmaq deməkdir. Bu intellekt növü canlıların növlərini fərqləndirə bilmək, təbii ətraf aləmi və onun fenomenləri ilə ünsiyyətdə olmaq, müxtəlif növ flora və fauna növlərini tanımaq və təsnif etmək bacarığını özünə daxil edir. Əgər naturalist intellekt güclü xüsusiyyətlərinizdəndirsə, sizin çöldə - açıq havada olmağa, heyvanlara, bitkilərə və demək olar ki, istənilən təbii obyektə qarşı dərin sevginiz vardır.
Bəzən siz havadan, payızda yarpaqların tökülməsindən, küləyin səsindən, parlaq günəşin istilik saçmasından və ya onun yoxluğundan, həmçinin otaqdakı hansısa həşəratdan hiss olunacaq qədər təsirlənə və ya heyran qala bilərsiniz. Böyük ehtimal ki, uşaq vaxtı böcəkləri, dağ yarpaqlarını, dəniz balıqqulaqlarını və çubuqları yığmaq sizin sevimli məşğuliyyətiniz idi. Ola bilsin ki, əvvəllər siz müxtəlif küçə heyvanlarını evə gətirirdiniz; yəqin ki, elə bu gün də siz evinizdə bir neçə ev heyvanı saxlayır və hələ yenə də bir-ikisini istəyirsiniz. Onu da qeyd etmək lazımdır ki, sizin bütün canlı varlıqlara qarşı simpatiya hissiniz və hörmətiniz vardır.
Musiqi-ritmli intellekt
Bu intellekt səs və vibrasiya vasitəsilə yaranan “bilgi”dir. Çoxşaxəli intellektlər nəzəriyyəsinin orijinal tədqiqatında bu intellekt növü musiqi-ritmli intellekt adlansa da, o, təkcə musiqi və ritmlə məhdudlaşmır. Buna görə də onu bəzən audial-ritmli intellekt də adlandırırlar, çünki bu intellekt növü səsin bütün sahələri ilə əlaqəlidir: tonlar, ritmlər və vibrasional patternlər, musiqi və s. Əgər bu intellekt növü sizdə yaxşı inkişaf edibsə, siz musiqini və ritmi çox sevirsiniz. Həmçinin siz təbiətdə rast gəlinən səslərə qarşı çox həssassınız; cırcıramanın cüyültüsü, dama yağan yağış, yoldakı maşınların səsi.
Arxa fonda musiqi olanda siz daha yaxşı işləyir və oxuyursunuz. Çox vaxt bir melodiyanı və ya ritmi bircə dəfə eşidən kimi onu eynilə təkrar etməyi bacarırsınız. Müxtəlif səs, ton və ritmlərin sizin üzərinizdə hiss edilə bilən təsiri ola bilər- digərləri, üz ifadənizdə, bədən hərəkətlərinizdə və ya emosional reaksiyanızda tez-tez dəyişikliklər hiss edə bilərlər.
Yəqin ki, siz həm də musiqi yaratmağı bacarır və müxtəlif tərzlərdə musiqilərə qulaq asmaqdan həzz alırsınız. Bundan əlavə siz səsləri, müxtəlif aksentləri və digərlərinin nitqini yamsılamağı bacarır, musiqi kompozisiyasında səslənən müxtəlif musiqi alətlərini asanlıqla ayırd edə bilirsiniz.
Qeyd olunmalıdır ki, insanlar fərqli intellekt növlərinə və güclü tərəflərə malikdirlər. Məsələn, kursa qəbul olunmaq üçün müsahibə edilmiş bir şagird yanlış qiymətləndirmə vasitəsi səbəbindən (zəif yazılmış müsahibə sualları, şagirdin qəbul olunmuş “ideal şagird” obrazıyla uyğunsuzluğu və ya digər yetərsiz qalan meyarlar ucbatından) kursa qəbul olunmaya bilər.
Bizim kollektiv olaraq müxtəlif şeylərdə bacarıqlı olan insanlara ehtiyacımız var. Balanslı təşkilat və komandalar mütləq müxtəlif intellekt növlərinə malik fərdlərin birləşməsindən yaradılmalıdır. Bu cür qurulmuş komanda bütün üzvlərinin eyni bacarıqlara malik olduğu qruplardan qat-qat daha üstündür. Bu səbəbdən Qardnerin çoxşaxəli intellektlər nəzəriyyəsi kurikulum planlaşdırılmasında, fənn kursu üçün fəaliyyətlərin və uyğun qiymətləndirmə strategiyasının seçimində istifadə oluna bilər. Şagirdlərin güclü xüsusiyyətlərini daha da inkişaf etdirən təlim həm də onların güclü olmadığı sahələrdə özünə inam hissini artıra bilər. Seçilən təlim nə qədər şagirdlərdə maraq yarada biləcək müxtəlif metod, fəaliyyət və qiymətləndirmə vasitələrindən ibarət olarsa, bu şagirdlərin səmərəli təhsili üçün bir o qədər şərait yaratmış olar.
Xülasə
Qısa olaraq, şagirdlərin ehtiyaclarını mənalı və səmərəli yollarla ödəmək üçün müxtəlif təlim nəzəriyyələrini, öyrətmə strategiyalarını və digər pedaqoji vasitələri bir-biri ilə inteqrasiya edin. Qardnerin özü deyirdi ki, təlimi planlaşdırarkən təhsil işçiləri müəyyən bir nəzəriyyə və ya innovasiyanı əsas tutmamalı, şagirdlərin ehtiyaclarına və öz dərs demək tərzlərinə uyğun olaraq dəyərlər və təlim məqsədlərini adaptasiya etməlidirlər. Çoxşaxəli intellekt növlərini və şagirdlərin potensialını nəzərə almaqla müəllimlər öz təlim üsullarını və qiymətləndirmə metodlarını fərdiləşdirə bilər.
Mənbə:
businessballs.com (2009). Howard Gardner’s multiple intelligences. http://www.businessballs.com/howardgardnermultipleintelligences.htm. Thirteen ed online (2004). Tapping into multiple intelligences. http://www.thirteen.org/edonline/concept2class/mi/index.html Selected Resources Armstrong, T. (2010). Multiple intelligences. http://www.thomasarmstrong.com/multiple_intelligences.htm Howard Gardner. (2010). Multiple intelligences. http://www.howardgardner.com/MI/mi.html