FAYDALI MATERİALLAR

Məktəblərdə kodlaşdırmanın (proqramlaşdırmanın) gələcəyi

09.02.2018

Məktəblərdə kodlaşdırmanın (proqramlaşdırmanın) gələcəyi

Scratch proqramlaşdırma dilinin yaradıcılarından biri Miç Resnik kodlaşdırmanın məktəblərdə öyrədilməsinin vacibliyinin səbəbləri barədə danışdı. Və səbəblər heç də sizin gözlədikləriniz deyil.

Otuz ildən çoxdur ki, Miç Resnik təhsil texnologiyaları və innovativ öyrənmə modellərini dərindən araşdırmaqla məşğuldur. Hazırda Massaçusets Texnologiya İnstitutunun  professoru,  məşhur Scratch proqramlaşdırma dilinin yaradıcılarından biri olan Resnik şagirdyönümlü təhsilin, birgə aparılan (kooperativ) təhsil mühitinin və kodlaşdırmanın savadlılığın (oxumaq və yazmaq) göstəricisinə çevrilməsi fikrinin qatı tərəfdarıdır.

Onun “Ömürboyu bağça: layihələr, oyunlar, sinif yoldaşları və həvəs vasitəsilə yaradıcılığın  (kreativliyin) aşılanması” adlı yeni kitabı bizim indiki təhsil vəziyyətimizə baxışı əks etdirir. Resnik iddia edir ki, “gələcəkdə indiki məktəb şagirdlərinin üçdə-ikisi hələ ixtira olunmamış peşələrdə işləyəcək”.  Bunu deyərkən o, yeni yaranan sahələrə - süni intellektə, özünüidarə edən maşınlara və “ağıllı” evlərə işarə edir. Bəs biz şagirdləri bu sahələrdə uğurla fəaliyyət göstərməyə necə hazırlayaq?

Bu suala cavab tapmaq üçün biz məktəb sistemində kodlaşdırmanın əhəmiyyəti, müəllimlərin dəyişən rolu, şagirdlərin diqqətini cəlb etməyin yolları və onların işlərini qiymətləndirməyin yeni üsulları barədə Resnikin fikirləri ilə tanış olduq.

EDUTOPİA: 1980-ci illərdə siz jurnalistika sahəsindən - kompüterlər və biznes haqqında məqalələr yazmaqdan, birbaşa təhsil texnologiyaları və təlim sahəsinə keçid etdiniz. Bu seçim nədən ilhamlanmışdır?

Miç Resnik: Kompüterlər və təhsil barədə ilk dəfə 1982-ci ilin yaz ayında, Vest Koast Kompüter Sərgisində düşünməyə başladım. Bu sərginin əsas məruzəçilərdən biri Seymur Pepert idi. Seymurun nitqi kompüterlərin həyatımızda oynaya biləcəyi rol barədə məndə yeni baxış yaratdı. O deyirdi ki, kompüterlər təkcə tapşırığı yerinə yetirən adi mexanizmlər deyil. Onlar bizə özümüzü yeni formada ifadə etməyə imkan yaradan, insanların özləri və dünya haqqında düşüncələrini dəyişməyə qadir vasitələrdir. Yadımdadır ki, bu fikir məni həyəcanlandırmışdı.

EDUTOPİA: Pepert dövrü üçün inanılmaz uzaqgörən bir fikir səsləndirərək demişdi ki, “kompüterlər təkcə informasiya prosessoru kimi deyil, həm də insan biliyinin yaradılması üçün platforma kimi istifadə oluna bilər”. Sizcə, biz bu gün təhsil sistemimizdə bu fikri reallaşdıra bilmişik yoxsa hələ də bunun üçün çarpışırıq?

RESNİK: Əfsuslar olsun ki, biz hələ də bununla çarpışırıq, lakin məncə problem birbaşa təhsil sistemimizin özündə gedən mübarizəylə əlaqədardır, bunun texnologiya ilə heç bir əlaqəsi yoxdur. Bir çoxları düşünür ki, təlim və təhsilin rolu yalnız informasiya və ya təlimatları çatdırmaqdan ibarətdir. Digərləri isə təlim və təhsilin şagirdyönümlü olmalı olduğunu düşünür və “öyrənməyin” əslində, kəşf etmək, təcrübə aparmaq və yaratmaq olduğunu söyləyir. Bu iki əks mövqe kompüterlərin yaranmasından çox-çox əvvəl mövcud olsa da,  bu gün kompüterlər sözügedən təhsil modellərinin hər ikisinin tərkib hissəsi ola bilir. Kompüter informasiyanın ötürülməsi üçün əla vasitədir, lakin o həm də nəsə yaratmaq, araşdırmaq və ya təcrübələr etmək üçün gözəl vasitə ola bilər.

EDUTOPİA: Apple şirkətinin baş direktoru Tim Kuk kimi nüfuzlu şəxslər deyir ki, “ Biz kodlaşdırmanı hər bir dövlət məktəbində tədris etməliyik. Bu, bütün məktəblərdə vacib fənn kimi təsdiqlənməlidir.” Siz bu fikirlə razısınız?

RESNİK: Məndən asılı olsaydı, mən kodlaşdırmanı məktəblərdə fənn kimi tədris edərdim. Lakin bu məsələdə ehtiyatlı davranmaq istərdim, çünki  kodlaşdırmanı hamının dediyi səbəblərə görə qəbul etmək istəmirəm. İlk sualım budur ki: “Biz ümumiyyətlə kodlaşdırmanı niyə öyrənməliyik?”  Bu suala bir çoxlarının cavabı o olur ki, kodlaşdırmanı tədris etməklə biz şagirdlərin kompüter proqramçısı və kompüter alimi kimi peşələrə axın etməsinə nail oluruq. Sözsüz  onlar haqlıdır ki, adıçəkilən sahələrdə iş imkanları sürətlə artır, lakin bu hər kəsin kodlaşdırmanı öyrənməsi üçün yetərli səbəb deyil.

Çox az adam böyüyüb yazıçı olur, lakin biz yazı yazmağı hamıya öyrədirik, çünki yazmaq düşüncələr və fikirləri sistemləşdirməyin və digərləri ilə ünsiyyət yaratmağın bir yoludur. Düşünürəm ki, kodlaşdırmanı öyrənməyin səbəbləri də yazmağı öyrənməyin səbəbləriylə eynidir. Yazmağı öyrənəndə biz sistemləşdirməyi, özümüzü ifadə etməyi və fikirlərimizi yeni üsullarla və yeni vasitəylə paylaşmağı öyrənirik.

EDUTOPİA: Bəs kodlaşdırmanı məktəb sistemində necə tədris etmək olar? O riyaziyyat və ana dili fənnləri kimi tamhüquqlu fənn hesab olunur? Yoxsa hər hansı bir üsulla digər fənlərə inteqrasiya edilir?

RESNİK: Bu aralar mən tədris yanaşmamızı dörd sözlə təsvir edirəm:     layihələr, oyunlar, həmyaşıdlar və həvəs. Qeyd etməliyəm ki, bu yanaşma təkcə kodlaşdırmanı öyrətmək üçün deyil, istənilən şeyi öyrətmək üçün səmərəli hesab etdiyim bir yanaşmadır: şagirdlərə əyləncəli ruhda, həvəs göstərdikləri bir mövzuda, sinif yoldaşları ilə birgə bir layihə üzərində işləməyi tapşırın. Nəzərə alın ki, bu dörd bəndin hər biri önəmlidir. Fikrimcə, layihələrin üzərində işləmək, şagirdlərdə yaradıcı proseslər haqqında anlayış yaradır. Məsələn, şagirdlər “bişməmiş” ideya ilə işə necə başlamağı, daha sonra bu ideyanın əsasında sınaq nümunəsi yaratmağı, onu digərlərinə təqdim etməyi, təcrübədən keçirməyi və lazım gəldikdə ideyanı dəyişdirməyi və inkişaf etdirməyi öyrənir.

Biz bilirik ki, uşaqlar layihənin əsas ideyası barədə həvəsli olanda - yəni öyrədilən məzmun həqiqətən də onlara maraqlı olanda və onlar bunu həmyaşıdları ilə birgə öyrənəndə və bir-birlərindən ilhamlananda, öyrəndikləri məzmun üzərində daha uzun müddət işləyə və məzmunu daha dərindən mənimsəyə bilirlər. Mən istəyirəm ki, onlar kodlaşdırmanı da bu cür öyrənsin.

EDUTOPİA: Siz şagirdlərin həvəsi və layihə işinə əsaslanan yüksək səviyyəli təhsil mühitini təsvir etdiniz. Bəs, bu prosesdə müəllimin rolu nədən ibarətdir?                                                                           


RESNİK: Müəllimin rolu hələ də inanılmaz dərəcədə əhəmiyyətlidir, lakin bu yanaşma çərçivəsində müəllimin rolu biliyin ötürülməsi və ya təlimatların verilməsi deyil. Müəllimin rollarından biri əlaqələndirici funksiyasını yerinə yetirmək - yəni şagirdlərin problemləri çözməsi və ya birgə işləməsi üçün bir-biriylə əlaqələndirməkdir. Müəllimlər həmçinin düşündürücü suallar verməklə katalizator rolunu oynayır: “Əgər belə etsən, səncə, nə baş verəcək?” və ya “Səncə, bu niyə təəccüb doğurur?”               

Müəllimlər həm də məsləhətçidir və söhbət təkcə texniki mövzularda məsləhət verməkdən deyil, həm də fərqli qrup insanlarla səmərəli işləmək üçün strategiyaların təklif olunmasından, nəyəsə qəzəblənəndə işi atıb qaçmamaq və bu halda işə necə davam etmələri barədə məsləhət verməkdən gedir. Nəhayət, müəllim şagirdlərlə əməkdaşlıq etməli, onlarla birgə layihələrin üzərində işləməlidir, çünki şagirdlər mütləq öz müəllimlərinin də onlar kimi öyrəndiyini görməlidir.                                                                                                       

EDUTOPİA: Təklif etdiyiniz daha demokratik, açıq və bir çox baryeri aşmağı ehtiva edən sistemi xatırladır.

RESNİK: Məncə, baryerləri aradan qaldırmaq ifadəsi yanaşmamızı yaxşı təsvir edir. Məktəblərdə görmək istədiyim dəyişikliklər barədə düşünəndə (baxmayaraq ki, bunun asan iş olmadığını bilirəm) görürəm ki, bir çox problemlərin öhdəsindən gəlmək üçün ilk növbədə baryerləri aradan qaldırmaq lazımdır. Məsələn, mən dərslər arasındakı tənəffüs vaxtlarını aradan qaldırardım, çünki 50 dəqiqəlik dərs müddəti layihə üzərində işləyə bilmək üçün çox məhduddur. Eləcə də, fənnlər arasındakı baryerləri aradan qaldırardım, çünki ən mənalı layihələr bir neçə fənnin kəsişdiyi mövzularda olur.

Həmçinin şagirdlər arasındakı yaş baryerini aradan qaldırardım və çoxyaşlı şagirdlərin azyaşlılarla birgə işləməsini təmin edərdim - bundan hər iki qrup fayda görür. Və nəhayət, məktəbin daxili və xarici arasındakı baryerləri aradan qaldırardım - şagirdləri yaşadıqları icma üçün məna kəsb edən layihələrə cəlb edər, müəllimlərə dəstək vermək üçün həmin icmadan dərsə insanlar dəvət edərdim. Bu həm də müəllim üçün 30 və daha çox şagirddən ibarət sinfi idarə etməyin gətirdiyi çətinliyin öhdəsindən gəlməyin bir yoludur. Daha böyük uşaqlar balacalara kömək edə bilər, həmçinin dərsə icmadan qatılan fərdlər də müəllimə kömək ola bilərlər.

EDUTOPİA: Ən çox rast gəlinən tənqid və həm də yerində verilmiş sual, bu yanaşmanı tətbiq edərkən şagirdlərin nəyisə öyrəndiklərini necə müəyyən etməyinizlə bağlıdır. Bunu necə ölçürsünüz?

 RESNİK: Mən portfolioya bənzər bir yanaşma tətbiq edərək, şagirdlərin hazırladıqları layihələrə baxardım. Biz onlayn icmamız Scratch-da məhz belə edirik. Siz orda şagirdin hazırladığı 10-larla rəqəmsal layihəni görə, həmin layihələrə göz gəzdirə və beləliklə də, şagirdlərin inkişafını görə bilərsiniz. Məsələn, siz yeni strategiyalara - yeni növ incəsənət işlərinə tədrici keçidin, eləcə də yeni və inkişaf etmiş proqramlaşdırma quruluşlarının şahidi ola bilərsiniz.

Mən razıyam ki, öyrəşdiyimiz bal sisteminə əsaslanan qiymətləndirmənin bu yanaşmaya tətbiqi çətindir, lakin düşünürəm ki, hər kəsin elə məhz bu qiymətləndirmədən istifadə etməsi də vacib deyil. Hərdən mən Massaçusets Texnologiya İnstitutunda qiymətləndirildiyim üsulla analogiya aparıram. Əslində prosesdə bal sisteminə əsaslanan qiymətləndirmə yoxdur. Qiymətləndirməni aparmaq üçün onlar sadəcə mənim portfolioma baxır: nə hazırladığıma nəzər yetirir, müəyyən bir zaman ərzindəki inkişaf xəttinə baxır və həm də digərlərinin layihələr barədə fikrini öyrənirlər. Bəzən kimdənsə eşidirsən ki, “Bu cür qiymətləndirmə ciddi deyil, ciddi olması üçün qiymətləndirmə bal sisteminə əsaslanmalıdır”. Yəqin onlar bu tənqidlə demək istəyir ki, eyni qiymətləndirmə formasından istifadə edən Massaçusets Texnologiya İnstitutu da qeyri-ciddidir? Bu gülməlidir. Mən bu qiymətləndirmənin qeyri-effektiv olması barədə tənqidi anlayıram, lakin biz bu çatışmazlıqların üstündə işləyəcəyik. Yenə də deyirəm, bilirəm ki, bu böyük dəyişiklikdir və demirəm ki asandır, lakin düşünürəm ki, biz bu istiqamətdə irəliləməliyik.

 

Stefen Merril tərəfindən hazırlanmışdır

7 dekabr 2017