FAYDALI MATERİALLAR

İstedadlı uşaqların valideynlərinə tövsiyələr:

20.02.2018

İstedadlı uşaqların valideynlərinə tövsiyələr:

  • Valideyn kimi övladınızı tanımalı, onun güclü və zəif tərəflərini araşdırmalısınız. Uşağın istedadı nədədir?  (oxu, yazı, hesablama əməliyyatı, yaradıcı sahələrdən hansısa, qarışıq və s.)  dəqiq müəyyənləşdirilməlidir.
  • Övladınızın istedadına uyğun ailədə müvafiq məkanlar yaradılmalıdır. Məsələn, musiqi ilə bağlı xüsusi istedad varsa, uşağın yaşadığı evdə musiqi alətləri ilə məşğul olmaq, musiqi dinləmək üçün ayrıca yer olmalıdır. Məkan seçilməsi üçün başlıca göstərici uşaq üçün həmin yerin rahat olmasıdır.
  • Müəllimlə əməkdaşlıq. Uşağın müəyyən fəaliyyətləri yerinə yetirməsinə dair nümunələri müəllimə təqdim edin. Müəllim sinifdə uşaqla iş aparan zaman onun istedadına uyğun tapşırıqlardan istifadə etdikdə uşağın istedadını inkişaf etdirəcəkdir.
  • Müəllimlə danışmazdan əvvəl əsas səsləndirəcəyiniz fikirləri özünüz üçün müəyyənləşdirin və maksimal şəkildə konkret danışın.
  • Xüsusi önəm daşıyan məsələləri müəllimlə virtual əlaqə saxlayaraq müzakirə etməyin. Birbaşa və canlı ünsiyyət informasiyanın dəqiqliyini təmin edir. Görüşə bilmədiyiniz hallarda müəllim üçün qeydlər yazıb uşağınız vasitəsilə göndərə bilərsiniz.
  • Təsadüfi görüşlər zamanı (istirahət zamanı, ictimai tədbirlərdə və s.) müəllimlə uşağınıza dair uzun və detallı müzakirə aparmayın. Müzakirə üçün müəllimlə öncədən təyin edilmiş tarix və saat ayırın.
  • Uşağın akademik istedadı olsa belə, bu o demək deyil ki, onun yaşıdları ilə ortaq olan heç bir marağı və tələbatı yoxdur. Uşağın yaşıdları ilə ünsiyyətdə olmasına və qarşılıqlı münasibətlər qurmasına dəstək verin.
  • Uşağınızı daim diqqətlə müşahidə edin, onun aktiv dinləyicisi olun, fəal ünsiyyətdə olun.
  • Müşahidələrinizə əsasən uşağınızın bacarıqlarına dair özünüzdə gündəlik qeydlər aparın. Bu, uşağınızın istedadındakı irəliləyişi nəzarətdə saxlamağa kömək edəcəkdir;
  • Şəxsiyyətlərarası münasibətlərin nizamlanması və qarşılıqlı ünsiyyətdə problem situasiyaların həllinə dair uşağa nümunələr təqdim edilməlidir. Belə ki, yaşıdlarından müəyyən istiqamətlərdə bir neçə dəfə daha sürətli inkişaf etdikləri üçün uşaqların həmyaşıdlarla gündəlik ünsiyyətində problemlər yarana bilər. Valideyn bu yönümdə uşağa  nümunə olmalıdır.
  • Uşağınıza hisslərini ifadə etməyi, emosional sahəsini zəngin saxlamağı öyrədin, musiqi, rəsm və incəsənətin digər sahələri ilə məşğul olaraq da buna nail olmaq mümkündür.
  • Uşağı istedadı ilə məhdudlaşdıraraq çərçivəyə salmayın. Maraqları ətrafında manevr etməyə imkan verin və bu yönümdə onu dəstəkləyin.
  • İctimai resurslardan – kitabxanalar, məktəbdənkənar fəaliyyət, ictimai mərkəzlər, muzeylər, incəsənət və yaradıcılıq mərkəzlərindən və s. yararlanmaq, həmçinin təbiətlə daim əlaqədə olmaq istedadlı uşaqlara mütəmadi müsbət təsir edən amillərdən hesab olunur. Uşaq istəyinə və marağına uyğun nə qədər çox istiqamətdə bacarığını təcrübədən keçirsə, istedadın inkişaf etdirilməsi bir o qədər uğurlu olar.