Sinfin səmərəli idarə edilməsi üçün məsləhətlər
21.02.2018
Sinfin səmərəli idarə edilməsi üçün məsləhətlər
Sinfin səmərəli idarə edilməsi müəllimin qarşısında duran önəmli vəzifələrdən biridir. Təcrübəli müəllim Todd Finleyin bu istiqamətdə tətbiq etdiyi böyük və kiçik strategiyaları diqqətinizə çatdırırıq:
Böyük strategiyalar: Sinfin idarə edilməsinin əsas prinsipləri
- Hipnozun ilk addımından istifadə edin. Hipnozçunun ilk induksiya üsulu, hipnoz edəcəyi subyektin diqqətini onda artıq baş vermiş bir prosesə yönəltməkdir. Məsələn: “Gözlərinizdəki yorğunluğu hiss edin” ifadəsi yaxşı başlanğıcdır, çünki işləyən şəxsin gözlərində yorğunluq olur, sadəcə kimsə buna diqqət yönəltməsə, insanlar onu hiss etmir. Hipnozçular kimi müəllimlər də sinfin idarə edilməsində bu üsuldan istifadə edə bilərlər. Müəllimlər şagirdlərdən onlarda artıq başlayan bir prosesə diqqət yönəltməyi xahiş edə, sonra isə başqa bir göstəriş verə bilər. Məsələn, müəllimlər - “Mənə diqqətlə baxın” tapşırığını verib şagirdlərin buna əməl etmələrini gözləyərək növbəti tapşırığa keçir: “Söhbəti dayandırın, səhifə 237-yə nəzər yetirin, qələmi götürüb dəftərdə mövzunun başlığını yazın”.
- Keçidlərin məşqi. Əksər diqqət dağınıqlığı tənəffüslərdə və fəaliyyətlərarası vaxtda baş verir. “Səssiz 30 saniyə" bütün şagirdlərin iş masalarını təmizləmək və yarım dəqiqə ərzində səssiz oturmaq üçün siqnaldır. 30 saniyəni müvəffəqiyyətlə başa vuran sinfi mükafat gözləyir. Şagirdlərim bu proseduru heyrətlə izləyən şəxsləri görəndə lap çox həvəslənirlər.
- Pozitiv telefon zəngləri edin və məktublar göndərin. Hər bir şagirdin valideynlərinə müsbət bir qeyd yazıb göndərdim və bu qeydi soyuducudan asmaq üçün bir maqnit hədiyyə etdim. Həmçinin şagirdlər haqqında müsbət fikirlərimi onların valideynlərinə səsli mesajlar vasitəsilə də çatdırdım. Beləliklə, valideynlər və uşaqlar məni müttəfiq kimi gördülər.
Kiçik strategiyalar: Sinfin idarə edilməsini dəstəkləyən sadə müdaxilələr
- Şagirdə hər davranışına görə hesab verməli olduğunu başa salın. Çətin dərslərin sonunda şagirdlərə iki bilet verirəm - onlardan biri akademik səylərinə, digəri isə yaxşı davranışına görədir. Uşaqlar üzərində adları yazılmış biletləri bir bankaya atırlar. Cümə günü bankadan təsadüfi iki bilet çəkirəm və iki şagirdə konfet hədiyyə edirəm.
- Heç vaxt bir neçə şagirdə görə bütün sinfi cəzalandırmayın. Bütün sinfin düzgün hərəkət etmədiyini düşündüyünüz hallarda belə, bəzi uşaqlar həmişə nümunəvi davranış sərgiləyir. Sinfi bir qrup olaraq cəzalandırmaq daha çox əks təsirə səbəb olur.
- Məzmunla bağlı gözlənti yaradın. Dərsin başlanğıcında “Bu gün sizinlə maraqlı bir mövzunu müzakirə edəcəyik”, - söyləyin. Burada məqsəd şagirdlərin yayınmasının qarşısını almaq və onların fikrini dərsin məzmununa cəlb etməkdir.
- Şagirddə təqdir olunacaq xüsusiyyətlər tapın. Dərsdə mübahisələr yerinə sizə zövq verən söhbətlər edin. Məsələn, şagirdlərin bəyəndiyiniz qabiliyyətlərini və ya davranışlarını təqdir edə bilərsiniz. Bu addım onları ruhlandıracaq.
- Həvəsinizi artırın. Özünüz dərsi həvəslə aparın.
- Öz hisslərinizi ifadə edin. Şagirdlər bəzən müəllimlərin səmimiliyinə ehtiyac duyurlar. Məsələn, onlara dərsdən məmnun qaldığınızı deyərək, şagirdləri ruhlandıra bilərsiniz.
- Şagirdlərə seçim imkanı verin. Məsələn, “Bu tapşırığı sinifdə etmək istiyərsiniz yoxsa evdə?” və ya “Bu tapşırığı tək yoxsa qrup şəklində etmək istəyirsiniz?” sualını verin. Seçim şagirdlərin qərarvermə qabiliyyətini artırır.
Todd Finley tərəfindən hazırlanmışdır.