BEYİN HƏMLƏSİNİN TƏTBİQİ VARİANTLARI
27.02.2018
BEYİN HƏMLƏSİNİN TƏTBİQİ VARİANTLARI
Beyin həmləsinin pedaqoji texnologiya kimi mahiyyəti nədir? Beyin həmləsinin hansı növlərini dərslərdə tətbiq etmək olar?
Bu məqalədə beyin həmləsinin müxtəlif tətbiq etmə texnologiyaları təklif edilir.
Tarixi məlumat
Beyin həmləsi texnologiya kimi 1953-cü ildə amerikalı alim, psixoloq və iş adamı A.Osborn tərəfindən hazırlanmışdır. Qrup formasında diskussiyanın bu növü yeni orijinal ideyaların yaranması üçün kifayət qədər səmərəli oldu.
Osborna qədər buna oxşar strategiya gəmi heyəti tərəfindən istifadə olunurdu. Çətin və təhlükəli vəziyyətlərdə gəmi heyəti toplanır və gənc dənizçilərdən başlayaraq kapitana növbə çatana qədər hər kəs öz fikrini bildirirdi. Sonda təklif olunan bütün fikirlər müzakirə olunur, reallığa daha uyğun olanlar seçilirdi.
Beyin həmləsinin mahiyyəti nədir?
Beyin həmləsinin mahiyyəti stereotiplərin dağıdılması, tamamilə yeni ideya və yanaşmaların yaradılmasıdır. Beyin həmləsi 2-3 mərhələdən ibarət olur:
- İdeyanın təklif olunması (istənilən fikir və ideyalar, hətta fantastik ola bilər). Fikirlərə qarşı tənqid qadağandır;
- Təklif olunan ideyaların müzakirə olunması;
- Ən yaxşı və uyğun ideyanın seçilməsi.
Beyin həmləsinin növləri
Beyin həmləsinin müxtəlif növləri mövcuddur:
- klassik;
- “kölgə”;
- “əks”;
- fərdi;
- “servis”;
- lövhədə beyin həmləsi;
- vizual;
- solo;
- “breynraytinq”.
Beyin həmləsi növlərinin xarakteristikası
Klassik
Klassik beyin həmləsinin bir variantı üzrə sinif iki qrupa bölünür. Bir qrup ideyalar irəli sürür – ideyalar bankı yaradırlar. İkincilər onların analizi ilə məşğul olur. Qruplar əməkdaşlıq çərçivəsində növbələşərək işləyir.
Klassik beyin həmləsinin ikinci variantı isə budur ki, bütün şagirdlər prosesdə eyni zamanda iştirak edir - əvvəlcə ideyaların generatoru kimi, sonra isə tənqidçi rolunda.
“Kölgə” beyin həmləsi
Bu beyin həmləsi zamanı iştirakçılar 2 qrupa bölünür: “aktiv” və “kölgə”. Akitv qrup üzvləri müzakirə zamanı yeni fikir və ideyalar irəli sürürlər, kölgə qrupun üzvləri isə bu zaman onları müşahidə edir və öz fikirlərini formalaşdırırlar. Sonda ekspertlərə təqdim olunmuş fikirlərdən ən orijinal olanı seçilir.
“Əks” beyin həmləsi
Şagirdlərə natamam iş nümunəsi təqdim olunur. Müzakirənin iştirakçıları üçün tapşırıq:
- çatışmazlıqları tapmaq;
- yeni plan hazırlamaq.
Məsələn, şagirdlərə natamam hazırlanmış quş yuvası təqdim olunur. Onlar isə ustanın səhvlərini tapmalı, düzgün quş yuvasının hazırlanma planını qurmalıdırlar.
Fərdi beyin həmləsi
Bu beyin həmləsi də iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlər fərdi olaraq öz problemlərini qeyd edirlər. İkinci mərhələdə isə bu problemlər kollektiv şəkildə müzakirə olunur.
“Servis” beyin həmləsi
Bu beyin həmləsi növü özünətənqidi yanaşmalarına görə ideyalarını reallaşdıra bilməyən insanlara aid olunur. Burada da iştirakçılar iki qrupa bölünür. Birinci qrup öz fikirlərini yazır, ikinci qrupa (tənqidçilərə) təqdim edir, onlar fikirləri müzakirə etdikdən sonra yenidən fikirləri birinci qrupa qaytarır. Belə fikir mübadiləsi daha yaxşı ideyaların yaranmasına imkan verir.
Lövhədə beyin həmləsi
Bu beyin həmləsi zamanı müəllim sual verir. Şagirdlər bu sualla bağlı plan və fikirlərini bildirirlər, müəllim isə beyin həmləsinin nəticələrini lövhədə qeyd edir.
Viziual beyin həmləsi
Bu beyin həmləsinin mahiyyəti yaranmış yeni ideyaların eskizləşdirilməsidir. İştirakçılar iki qrupa bölünür. Birinci mərhələdə qoyulmuş problemin həlli yolları ilə bağlı illüstrasiyalar hazırlanır. İkinci mərhələdə hər qrupdan bir nəfər lövhəyə çıxaraq hazırladıqları eksizlərlə problemin çıxış yollarını təqdim edir. Sonda hər iki qrupun ən yaxşı eskizlərindən ibarət kollaj hazırlanır.
Solo beyin həmləsi
Bu növ beyin həmləsini adətən fərdi şəkildə aparırlar. Müəllim ümumi bir sual verir, şagirdlər isə mövzu ilə bağlı materialları dərslikdən toplayaraq dəftərdə və ya xüsusi kartlarda qeyd edirlər. Sonda isə cavablarla bağlı müzakirələr aparılır.
“Breynraytinq” beyin həmləsi
Bu beyin həmləsinin klassik beyin həmləsindən fərqi ondadır ki, burada bütün iştirakçılar öz ideyalarını bir vərəqdə yazır, digərinə ötürür. O isə oxuduqdan sonra fikrin davamını yazır. Bu prosses 15 dəqiqədən çox davam etməməlidir. Müzakirə və tənqidlər isə sonuncu yazıdan sonra başlayır.
Beyin həmləsi texnologiyasının tətbiqi şagirdin müstəqilliyini, düşünmə qabiliyyətini və öyrənmə motivasiyasını yüksəldir.
Mənbə: http://pedsovet.su/metodika/6748_mozgovoy_shturm
http://pedsovet.su/publ/205-1-0-5763