FAYDALI MATERİALLAR

Oxuyub-anlama strategiyaları

29.03.2018

Oxuyub-anlama  strategiyaları

Anlamadan  oxumaq  oxumaq hesab  olunmur. Bəzi uşaqlar  sözləri  aydın tələffüz edir, amma onlardan nə oxuduqlarını soruşduqda cavab verə bilmirlər. Aydın oxumaqlarına baxmayaraq, onlar yaxşı oxucu deyillər.

Bəs insanı yaxşı oxucu edən nədir? Yaxşı oxucular məqsədi olanlardır – bu, oxuduğu mətndə xüsusi məlumat axtarmaq istəyənlər və ya zövq almaq üçün oxuyanlar ola bilər. Yaxşı  oxucu oxuyarkən mürəkkəb düşünmə prosesində olur.

Uşaqları məqsədəuyğun, fəal oxucu olmaq üçün yetişdirməkdə onlara kömək edəcək strategiyalar var. Araşdırmalar göstərir ki, bu strategiyalar barədə ətraflı təlimat alan oxucular oxuyub-anlama testlərində əhəmiyyətli irəliləyiş əldə edirlər. Bu strategiyalara daxildir:  oxu məqsədi qoymaq, proqnoz vermək, oxu zamanı mənasız şeyləri ayırd etmək, oxu zamanı suallar vermək, oxunanları təsəvvür etmək, əvvəlki biliklərlə bağlamaq, mətnin strukturunu anlamaq və oxunan mətni ümumiləşdirmək.

Bu strategiyalar oxucunun mətnlə bildikləri arasında əlaqələr qurmasına kömək edir.

Proqnozlar qurun

Proqnozlar fəal oxumağa təşviq edir və uşaqları maraqda saxlayır, fərqi yoxdur, proqnozları düzgündür, ya yox. Səhv proqnoz hansısa anlaşılmazlıqdan xəbər verirsə, bu halda yenidən oxumağa ehtiyac yaranır. Uşaqlara təlimat verin:

  • Təsvirlərləri, mündəricatı, fəsil başlıqlarını, xəritələri, diaqramları nəzərdən keçirin. Kitabda hansı mövzular var?

  • Mətn haqqında proqnozlar yazın. Oxu zamanı bu proqnozları təsdiq edən sözlər və ya ifadələr axtarın.

  • Oxuyarkən, proqnozları yenidən nəzərdən keçirin və ya yenilərini hazırlayın.

Təsəvvür edin

 Bəzi uşaqlar formalar, məkan əlaqələri, hərəkətlər və rənglərdən istifadə edərək, təxəyyüllərində oxuduqlarını canlandırırlar. Uşaqlara təlimat verin:

  • Qəhrəmanın və ya situasiyanın təsvirini xəyalınızda canlandırın. Yazıçının  təsvirinə detallar əlavə edin.

  • Bədii mətni bir film kimi ağlınızda təsəvvür edin. Qəhrəmanların xüsusiyyətlərini təsəvvür edin. Süjeti vaxt və məkan daxilində təsvir edin.

  • Baş verən prosesləri və izahları təsəvvür edin. Şəkillər, diaqramlar və ya digər obrazlar  yaratmaq üçün isim, feil və sifətlərdən istifadə edin.

  • Məlumatı göstərmək üçün qrafik təşkilatçılardan (məs., cədvəllər, diaqramlar və s.)  istifadə edin. Kağız üzərində eskizlər və diaqramlar yaradın.

Suallar verin və onları cavablandırın

Uşaqlara öz suallarını formalaşdırmağa imkan vermək onları sıxılmamağa və fəal öyrənməyə ruhlandırır. Uşaqlara təlimat verin:

  • Oxudan əvvəl başlıq, fəsil başlıqları və vizual məlumatlara əsaslanaraq mövzu haqqında fikirləşin. Sizi maraqlandıran şeylər barədə  qeydlər edin.

  • Oxuyarkən fasilə verin, düşünün yaxud hər hansı bir sual yazın. Nəyəsə əmin deyilsinizsə, yaxud çaşırsınızsa, sual verin.

  • Oxu zamanı suallarınıza cavablar axtarın. Fasilə verin və cavabları yazın.

  • Uşaqların bütün sualları cavablandırıldımı? Cavablar digər mənbələrdən əldə edilə bilərmi?

Bəzi uşaqlar  onlardan soruşulan suallara harada cavab tapmağı bilmir. Onlar bilməlidirlər ki, bəzi sualları kitabın içində müəyyən yerə baxaraq, bəzilərini isə bir neçə səhifədə, bir neçə yerdən məlumat toplayaraq cavablandırmaq olar. Uşağa kömək edin ki, o sualın hansı növ sual olduğunu və sualın cavabını haradan tapacağını bilsin. Uşaqlara təlimat verin:

  • Bu sualın cavabını haradan tapa bilərik? Kitaba nəzər salaq. Sualdakı sözlərdən hər hansı birini bu səhifədə tapa bilərsinizmi? Bu, bizə cavabın burada ola biləcəyi  barədə bir ipucu verir. (Cavab müəyyən səhifədədir.)

  • Kitabın hansı hissəsində bu mövzu haqqında danışıldı? Bu barədə danışan səhifələri tapa bilmək üçün mündəricatı yoxlaya bilərik. (Cavab bir neçə səhifədədir.)

  • Sual sizdən mövzu haqqında nə düşündüyünüzü soruşur. Kitabda mövzu haqqında öyrəndiklərinizi istifadə edə bilərsiniz, lakin bu suallara cavab vermək üçün öz fikirlərinizi də istifadə etməlisiniz. (Əsas məlumat mətndə verilir, lakin uşaq əvvəlki biliklərindən də istifadə etməlidir.)

  • Kitabda bu barədə informasiya yoxdur, elə deyilmi? Buna cavab vermək üçün öz fikirlərinizdən istifadə etməlisiniz. (Cavab oxucudan gəlir.)

Nəql edin və ümumiləşdirin

Şagirdin bütöv mətni və ya mətnin bir hissəsini öz sözləri ilə nəql etməsi və ya ümumiləşdirməsi müxtəlif nitq fəaliyyətləridir. Nəql etmə şagirdləri mətni tam yadda saxlamağa təhrik edir. Ümumiləşdirmə isə uşaqlara əsas fikirləri kiçik detallardan ayırmaq imkanı verir. Şagirdlərə təlimat verin:

  • Oxu zamanı əsas hadisələri yaxud fikirləri tapın. Kitabda  onu işarələyin və ya bu hadisələri və ya fikirləri qeyd edin.

  • Bölmələrin, fəsillərin sonunda məlumatı və ya hekayəni bir də nəzərdən keçirin. Əsas fikirləri və ya hadisələri və onları dəstəkləyən detalları qeyd edin.

  • Oxuduqdan sonra mətni nəql edin və ya ümumiləşdirin. Əhəmiyyətli nöqtələri vurğulayın və onları müvafiq detallar ilə dəstəkləyin.

  • Nəql və ya ümumiləşdirməni yoxlamaq məqsədilə yenidən kitaba baxa  bilərsiniz.

Qrafik təşkilatçılardan istifadə etmək hekayə strukturunu gücləndirir və uşağın nəql etməsinə  kömək edir. Uşaq tipik hekayə quruluşu ilə tanış olduqdan sonra ona eynitipli mətnləri  oxumaq asan olur. Uşaqlara təlimat verin:

  • Hekayənin qəhrəmanları  kimdir? Gəlin kitabı nəzərdən keçirək və qəhrəmanların adlarını cədvələ yazaq.

  • Bu hekayə harada baş verir?

  • Hekayədə əvvəlcə nə baş verdi? Sonra nə oldu? Siz əminsiniz? Gəlin kitabda yoxlayaq  və s.

  • Hekayədə problem nə idi? Qəhrəman(lar) problemi necə həll etdi?

  • Gəlin hazırladığımız qrafik təşkilatçıdan istifadə edərək hekayəni nəql edək.

Mətni həyat təcrübəsi, digər mətnlər və əvvəlki biliklə əlaqələndirin

Mətni uşaqların əvvəlki təcrübələri və biliyi ilə əlaqələndirmək məlumatı mənimsəməkdə onlara kömək edir.  İrformasiyanı həyatla əlaqələndirmək həm də onu yadda saxlamağa yardımçı olur. Uşaqlara təlimat verin:

  • Mövzu tanışdır? Qəhrəmanlar tanış insanları xatırladırmı? Bu fikir barədə məktəbdə, evdə və ya digər yerdə nəsə öyrənmisinizmi?

  •  Üslub və ya janr tanışdırmı? Bu, oxuduğunuz digər mətnləri sizə xatırlatdımı? (Televiziya şouları, filmlər və oyunlar "mətn" sayıla bilər)

  •  Bu mətnlə digər mətnlər, təcrübəniz, biliyiniz  arasındakı oxşarlıqları yazın.

Mənbə: www.reading-tutors.com/tips/TH_Tips_CompStrat.pdf