Ekskursiya
01.05.2018
Ekskursiyaların mahiyyəti
Dərslərlə yanaşı, məktəbdə təlim ekskursiyalar şəklində də aparılır. Ekskursiya sözü latın mənşəli (excursion) olub, Azərbaycan dilində “hər hansı bir yerə o yeri və ya obyekti öyrənmək üçün təşkil edilən gəzinti” deməkdir. Ekskursiya elə bir təlim formasıdır ki, şagirdlər hər hansı obyekt və yer haqqında məlumatları həmin yerə (təbiət, zavod, tarixi abidə) gedib görməklə əldə edirlər.
Ekskursiyaların funksiyaları
Ekskursiyalar nəzəriyyə və praktika arasındakı əlaqənin didaktik prinsipinin həyata keçirilməsini təmin edir və aşağıdakı didaktik funksiyaları yerinə yetirir:
- ekskursiyaların köməyi ilə şagirdlər öyrənilən obyekt və hadisələrlə birbaşa tanış olurlar;
- ekskursiyalar tədrisin elmi və praktiki xarakterini artırmağa, onun həyat və təcrübə ilə əlaqəsini gücləndirməyə imkan verir;
- ekskursiyalar politexniki təhsilin inkişafına kömək edir, çünki şagirdlərə istehsal ilə tanış olmaq, sənayedə və kənd təsərrüfatında elmi məlumatlardan istifadə etmək imkanı verir;
- ekskursiyalar şagirdləri sənaye və kənd təsərrüfatı işçilərinin əməyi ilə yaxından tanış edərək onların bu sahələr üzrə peşə seçməsində böyük rol oynayır.
Ekskursiyaların növləri
Hər bir fənnin tədris planında ekskursiyalar siyahısı və onların məzmunu müəyyənləşdirilə bilər. Bu baxımdan şərti olaraq məktəbdə müxtəlif növ ekskursiyalar olur:
İstehsalat ekskursiyaları
Bu, şagirdlərin zavod və fabriklərə, sənaye və tikinti şirkətlərinə, kənd təsərrüfatı sahələrinə aparılmasıdır. Bu ekskursiyalar şagirdləri istehsalatla, müasir sənaye sahələrinin və kənd təsərrüfatının inkişafı ilə tanış edir, onların politexnik dünyagörüşünü genişləndirir, şagirdlərdə əməksevərlik hisslərini tərbiyə edir.
Elmi ekskursiyalar
Belə ekskursiyalar həyat bilgisi, botanika, zoologiya, coğrafiya, anatomiya və insan fiziologiyası üzrə aparılır. Bu ekskursiyalarda şagirdlər sahəyə, meşəyə, çəmənliyə, çay, göl və dəniz kənarlarına, zooparka aparılır.
Tarixi və ədəbi ekskursiyalar
Bu cür ekskursiyalar incəsənət sərgilərinə, sənət qalereyalarına, kitab evlərinə, arxivə, ədəbi-tarixi muzeylərə təşkil edilir.
Diyarşünaslıq ekskursiyaları
Bu, doğma torpaqların təbiəti və tarixini öyrənmək məqsədi ilə yerli tarixi ekskursiyalardır.
Kompleks ekskursiyalar
Bu ekskursiyalar özündə bir neçə fənnin məzmununu ehtiva edir.
Ekskursiyanın keçirilmə mərhələləri:
1. Ekskursiya üçün hazırlıq işləri:
- məqsədinin aydın təsviri
- öyrənmə obyektinin seçilməsi
- şagirdlər qarşısında konkret sualların qoyulması
- kimin ekskursiyaya rəhbərlik edəcəyini (özü və ya müəssisənin əməkdaşı) müəyyən etmək məqsədilə müəllimin ekskursiya obyektinə baş çəkməsi
Müəllim ekskursiyanın məqsədi, məzmunu, izahat metodu haqqında oranın əməkdaşı ilə razılaşır.
- Ekskursiyanın əsas hissəsi
Öyrənilən obyektin mənimsənilməsi müşahidə, izah, söhbət və nümayiş üsulları ilə həyata keçirilir.
- Nəticənin çıxarılması
Ekskursiyanın sonunda şagirdlərin yeni öyrəndiyi biliklər ümumiləşdirilir.