Empirik tədqiqat metodu. Empirik dərketmənin mahiyyəti, növləri
01.05.2018
Mahiyyəti
Empirik və ya hissiyata əsaslanan metod ətraf aləmin təcrübə yolu ilə dərk edilməsidir. Empirik tədqiqat metodu müxtəlif cisim və hadisələrin inkişafına aid obyektiv qanunların üzə çıxmasına kömək edir. Bu, kompleks şəkildə mürəkkəb addımlarla aparılan bir prosesdir ki, sonunda yeni elmi kəşflər əldə etmək olur.
Empirik tədqiqat metodunun əhəmiyyəti
Bu metodun əsas əhəmiyyəti ondadır ki, o, ətraf aləmi dərk etmək üçün ən etibarlı alət sayılan insanın duyğu orqanlarının fəaliyyətinə əsaslanır. Bu metodla əldə edilən məlumatlar nəzəri yolla əldə edilən məlumatlardan daha etibarlı sayılır.
Empirik tədqiqat metodunun növləri
- Müşahidə
- Müqayisə
- Ölçmə
- Eksperiment
Müşahidə fəaliyyət obyektinin məqsədyönlü dərk edilməsidir. Obyektivlik elmi müşahidənin əsas şərtlərindən olub, ya yenidən müşahidə etməklə, ya da digər empirik tədqiqat növündən (eksperiment) istifadə etməklə nəticəni yoxlamaq imkanı verir.
Müqayisə
Empirik tədqiqatda müqayisə dedikdə, cisim və hadisələrin oxşar və fərqliliyi müəyyən edilir. İki və daha çox obyektin ümumi xüsusiyyətlərinin müəyyən edilməsi qanunun dərk edilmə mərhələlərindən biridir.
Müqayisənin səmərəli keçirilməsi üçün iki əsas şərtə riayət etmək lazımdır.
- Müqayisə elə obyektlərlə aparılmalıdır ki, onların obyektiv ümumi cəhətləri mövcuddur.
- Müqayisə obyektlərin əsas xüsusiyyətlərinə görə aparılmalıdır. Əks halda yanlış nəticə alınar.
Ölçmə
Ölçmə müqayisədən fərqli olaraq daha güclü və universal dərketmə vasitəsidir. Ölçmə qəbul olunmuş ölçmə vahidlərinə əsaslanaraq ölçülən kəmiyyətin qiymətini müəyyənləşdirmək məqsədilə ölçü vasitələrindən istifadə edərək aparılan fəaliyyətlərin toplusudur.
Ölçmə prosesində iştirak edən əsas elementlər:
- Ölçmə obyekti
- Ölçü vahidi, etalon obyekt
- Ölçmə aləti və ya cihazı
- Ölçmə üsulu
- Tədqiqatçı
Ölçmələr iki cür aparılır – birbaşa və dolayısı ilə.
- Birbaşa ölçmə zamanı nəticə ölçmə prosesindən alınır.
- Dolayısı ilə ölçmə zamanı axtarılan kəmiyyət birbaşa ölçmədən alınan kəmiyyətlə riyazi münasibətindən istifadə etməklə hesablanır.
Eksperiment
Eksperiment mürəkkəb və səmərəli empirik tədqiqat üsuludur. O, müəyyən obyekt və hadisələrə yeni şəraitdə məqsədyönlü təsir etməklə aparılan tədqiqatdır.
Elmi eksperimentin əsasını Qalileo Qaliley (1564-1642) qoymuşdur. O, dərketmənin əsasının təcrübə olduğunu söyləmişdir.
Eksperimentin aparılmasını zəruri edən şərtlər:
- Obyektə aid indiyə qədər məlum olmayan xüsusiyyətləri aşkar etmək üçün;
Düzgünlüyünün təsdiqlənməsinə ehtiyac olan nəzəri məlumatları əldə etmək üçün.