Vərdiş - dəyişməsi asan olmayan davranış formasıdır
08.05.2018
Vərdiş ˗̶ dəyişməsi asan olmayan davranış formasıdır
Uşaqlarda vərdişlər necə yaranır, necə formalaşır, öyrətmə prosesində qazanılan vərdişlərin möhkəmlənməsi üçün nələrə fikir vermək lazımdır?
Əksər valideynlər və dayələr körpələrin gün rejiminə uyğunlaşmağının çətinliyindən, qonaq gedərkən və ya hansısa bir səbəbdən mühitini dəyişərkən qazandığı vərdişləri asanlıqla unutduğundan narazılıq edirlər. Onların səliqəsiz yeməyindən, özünü narahat aparmasından, yuxusunun pozulmasından, şıltaqlıq etməsindən, ağlağan və ya süst olmasından şikayətlənirlər.
Məktəbəhazırlıq və ibtidai sinif müəllimləri isə uşaqlarda öyrədilən materialların təkrarlanmadıqca yaddan çıxdığından şikayətlənir və qazanılmış vərdişlərin möhkəm olmamasının səbəbini öyrənməyə çalışırlar.
Unutmayaq ki, insan dəyişən ətraf mühitdə yaşayır və mütəmadi olaraq bu amillərin təsirinə uyğunlaşır. Uyğunlaşma mexanizmləri mürəkkəbdir və bilavasitə sinir sistemi tərəfindən qaydaya salınır. Sinir sistemi isə iki istiqamətdə tənzimedici fəaliyyət göstərir. Bir tərəfdən orqanizmin daxili üzv və toxumalarının (ürək-qan-damar, həzm, tənəffüs, ifrazat və s.) normal fəaliyyətini tənzimləyir. Pavlov bunu “ibtidai sinir fəaliyyəti” adlandırırdı. Digər tərəfdən orqanizmin daxili və ətraf mühiti (hiss üzvləri vasitəsilə) arasında sabit mütənasibliyi saxlayır. Bunu isə Pavlov “ali sinir fəaliyyəti” adlandırmışdır. Ali sinir fəaliyyəti həyat prosesində əmələ gələn şərti və anadangəlmə şərtsiz reflekslərin cəmindən ibarətdir. İnsan yalnız şərtsiz reflekslərlə, məsələn, sorma, müdafiə, öskürmə, asqırma, udma, sidik ifrazı və s. ilə anadan olur. Bu reflekslər onurğa beyini ilə beynin qabıqaltı şöbəsinin fəaliyyəti sayəsində mümkün olur. Uşaqda hələ beyin və hiss üzvlərinin funksiyası lazımi dərəcədə inkişaf etməmişdir.
Uşaq böyüdükcə, sinir sistemi inkişaf etdikcə beyin qabığında mürəkkəb analiz, sintez işi gedir, ali sinir fəaliyyətinin inkişafı sürətlənir, şərtsiz reflekslər əsasında müxtəlif şərti reflekslər yaranır, kompleksləşir, bu əsasda uşaqlarda vərdişlər əmələ gəlir. Lakin sinir sistemi inkişafını tamamlamadığı üçün bu reflekslər, vərdişlər davamsızdır, təkrarlanmadıqda asanlıqla unudula bilər. Ali sinir fəaliyyəti inkişaf etdikcə qazanılmış şərti reflekslər, vərdişlər möhkəmlənir və davranış tərzinə çevrilir.
Müxtəlif vərdişləri formalaşdırmaq və möhkəmlətmək yolları bilavasitə uşaqlarla məşğul olan şəxslərin - ana, dayə, tərbiyəçi və müəllimin üzərinə düşür. Onlarla işləyən mütəxəssislər unutmamalıdırlar ki, sinir sisteminin natamam inkişafı sayəsində uşaq adət etmədiyi şəraitə düşdükdə qazandığı vərdişləri asanlıqla unudur.
Uşaqlarda ilkin olaraq hərəki reflekslər, vərdişlər yaranmağa başlayır. Məhz buna görə məktəbəqədər və məktəbəhazırlıq dövrlərində kinestetik öyrənmə üsülları əhəmiyyətli nəticə verir.
Uşaq böyüdükcə I siqnal sistemi, yəni ali sinir fəaliyyətinin heyvan və insan üçün eyni olan xüsusiyyətləri (anadangəlmə və ya şərtsiz refleks qabiliyyəti) ilə sıx qarşılıqlı əlaqədə olan II siqnal sistemi, yəni ancaq insana aid xüsusiyyətləri (söz, nitq) formalaşır, eşitmə və görmə refleksləri sürətlə inkişaf etməyə başlayır.
Orta siniflərdə eşitmə refleksləri sürətlə formalaşdığı üçün audial yolla öyrənməklə vərdişlər formalaşdırmağa diqqət edilir.
Bir az da böyüdükcə, görmə yaddaşı möhkəmləndikcə, görmə refleksləri inkişaf etdikcə vizual öyrənməklə vərdişlər formalaşdırmağa daha çox üstünlük verilir.
Qazanılmış vərdişlər sayəsində müvafiq davranış formalaşır ki, onu da asanlıqla dəyişmək mümkün olmur. Çünki əsasında insan fiziologiyası durur.
Fatma Quliyeva
TİPİİ-nin baş mütəxəssisi