Öyrənən beyin
24.05.2018
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hissəsi olan Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzi (TTİM) 1999-ci ildən etibarən "Öyrənmə nəzəriyyələri və beyin" layihəsini həyata keçirir. Layihə beyin və koqnitiv neyrologiya sahəsində bir çox Avropa, Şimali Amerika ölkələrinin, Avstraliya və Yaponiyanın alimləri və təhsil peşəkarları arasında əhəmiyyətli əməkdaşlığa səbəb olmuşdur.
Niderlandın Maastrixt Universitenin neyropsixologiya və biopsixologiya üzrə professoru Jelle Jolles ilə müsahibəni təqdim edirik. Sualları ona doktor Emil Servan-Şrayber (Paris, TTİM) verir.
Sual: Kişi və qadın beyninin öyrənmə üslubları arasında mühüm fərqlər mövcuddurmu? Onlar məktəb şəraitində nəzərə alınmalıdırmı?
Jelle: Bizə məlumdur ki, qız uşaqları danışıq səslərini daha yaxşı müəyyən edirlər. Onlar dili daha tez öyrənirlər. Təxminən iki yaşında qızlar sərbəst danışırlar, oğlanlar isə daha gec inkişaf edir. Dil inkişafında geriləmənin yayılma dərəcəsi oğlanlar arasında qızlardan beş dəfə yüksəkdir. Beləliklə, qadın beyni dillər ilə daha yaxşı işləyir. Bəzi alimlər hesab edir ki, bunun kökü təkamül məsələsindədir. Nəzəriyyə isə ondan ibarətdir ki, min il bundan əvvəl kişilər ova gedərkən çox səssiz olmalı və öz rəhbərlərinə qulaq asmalı idi. Mağarada qalan qadınlar isə sərbəst danışa bilərdilər. Verbal ünsiyyət qadınlar üçün çox böyük əhəmiyyət daşıyırdı: ünsiyyət vasitəsilə onlar məqsəd və vəzifələri barədə fikir mübadiləsi apara bilirdilər. Ovda olan kişilərdən isə "susmaq və rəhbəri dinləmək" daha çox tələb olunurdu. Bəlkə buna görə də kişilər qadınlar kimi çox danışmırlar.
Cinslərin beyin fəaliyyətindəki fərqlərin öyrənilməsinə son 30 ildə az əhəmiyyət verilmişdir. Çünki bu tipli tədqiqatlar “feminizm” hərəkatı tərəfindən pislənirdi. İndi isə feministlər deyirlər ki, bəli, biz fərqliyik. Beləliklə, bu fərqləri yenidən öyrənmək mümkün olmuşdur. Uzun illər hesab edilirdi ki, qadın cəmiyyətdə kişi ilə eyni mövqeyə çata bilməz, çünki o daha aşağı intellektə malik insan kimi xarakterizə edilirdi. İndi isə biz bilirik ki, qız uşaqları koqnitiv tapşırıqları daha yaxşı yerinə yetirirlər və ibtidai siniflərdə onların yazı bacarıqları oğlanlardan daha erkən inkişaf edir.
Oğlanlar, bir qayda olaraq, qızlardan altı ay geri qalırlar və bu zaman ərzində qızlar sadəcə gözləyirlər ki, oğlanlar onlara çatsınlar. Qızlar isə bu zamanı digər şeyləri öyrənməyə sərf edə bilərlər. Koqnitiv neyrologiyadan öyrəndiyimiz biliklər bizə deyir ki, uşaqları funksional qruplara ayırmaq səmərəli olar. Elə qruplara ki, uşaqlar öz səviyyələrinə uyğun dərslərə və məşğələlərə getsinlər. Məsələn, əgər qızlar riyaziyyatda və ya abstrakt düşüncədə geri qalırlarsa, biz qızların oğlanları “gözləmə” vaxtını bu şeyləri öyrətməyə sərf edə bilərik. Mən bu mövzuda heç bir sınaq barədə eşitməmişəm, amma kliniki şərait və misallar göstərir ki, bu model işləyər.
Sual: Hansı koqnitiv qabiliyyətlər yaşlandıqca artmağa, yaxud azalmağa meyllidir?
Jelle: Gənc beyinlər sadə məsələlər üçün lazım olan informasiyanı sürətli emal etməyi və eyni vaxtda bir neçə işi yerinə yetirməyi yaxşı bacarırlar. Məsələn, kompüter oyunu çox sürətli emal qabiliyyəti tələb edir, ona görə də gənc adamın gözləri yaşlı adamdan daha çox stimul (stimul göz reseptorlarının işıq ilə qıcıqlanması zamanı yaranır) aşkar edir. 19 yaşlı oğlum bu məsələdə məndən daha yaxşıdır. Hətta 30 yaşlılar da oğlum yaşında olanlardan geri qalır.
Qoca beyin isə səhhətində problemlər yoxdursa, ümumi biliklərdən, həyat təcrübəsi və ali dil funksiyaları kimi şeylərdən yaxşı baş çıxarır. Bu, daha çox ali təhsilli insanlara aiddir.
Sual: Beyinlə bağlı təməl biliklər məktəb kurikulumuna və müəllim hazırlığı proqramlarına əlavə olunmalıdırmı?
Jelle: Əvvəla, müəllimlərin hazırlığı barəsində. Vacibdir ki, müəllimlərdə davamlı təhsil almaq üçün stimul olsun. Çünki indi 50 yaşında olan müəllimlər ola bilsin ki, öz tələbə illərindən bəri heç bir təhsil almayıblar. Davamlı təhsil klinikada işləyən həkim və psixoloqlar üçün yayılmış bir təcrübədir, çünki onlar öz statusunu saxlamaq və tibbi fəaliyyətini davam etdirmək üçün əlavə təlim keçməlidirlər. Bu, müəllimlər üçün çox radikal konsepsiya ola bilər, çünki onların, əlbəttə, bir çox digər problemləri var. Amma mən hesab edirəm ki, onlar öyrətmə və öyrənmə barədə yeni biliklərlə tanış olmalıdır. Hamıya məlumdur ki, hal-hazırda müəllimlik işi o qədər də cəlbedici deyil: müəllimlərə yaxşı maaş vermirlər, iş şərtləri sərt ola bilər və müəllimlər ordusu qocalır – 40 yaşlı müəllim 24 yaşlı ilə müqayisədə 20 % ləngdir. Müəllimin sinifdə çox gənc, sözə baxmayan və davranış problemləri olan 40 uşağı ola bilər. Və bu 40 yaşlı müəllim bilməlidir ki, niyə o bu uşaqlarla bacara bilmir. Bu bir faktdır ki, bütün təhsil sistemi daha yaxşı təhsilə malik müəllimlərdən xeyir götürə bilər. Daha yaxşı təhsil biliyin iki yolla transferini özündə birləşdirməlidir: təhsil mütəxəssislərinin və təcrübəçi-müəllimlərin, həmçinin koqnitiv neyrologiya tədqiqatçılarının arasında ikitərəfli bilik mübadiləsi təmin edilməlidir.
Beyin barədə biliklərin məktəb təcrübəsinə əlavə edilməsi barədə isə onu deyə bilərəm ki, beyin haqqında hədsiz geniş məlumatlar var və müəllim üçün hər şeyi bilmək vacib deyil. Lakin koqnitiv neyrologiya vacibdir, çünki əqli fəaliyyəti öyrənən alimlərdə təkcə öyrənmə haqqında deyil, həm də diqqət, təlim strategiyaları və planlaşdırma haqqında məlumatlar da var. Çoxlu sayda müxtəlif strategiyalar var və mən əminəm ki, müəllimlər üçün onların öyrətmə barəsində biliklərini yeniləməyə imkan verən tədris proqramı hazırlamaq olar.
Şagirdlərə gələndə isə, Niderlandda beyin fəaliyyəti haqqında bəzi bilgiləri özündə birləşdirən, öyrənmənin praktik aspektləri haqqında faydalı kitab dərc olunub. Mən bu kitabı oğluma verdim – o, universitet dərslərini planlı şəkildə öyrənməkdə çətinlik çəkirdi. Oğlum dedi ki, bu, çox faydalı kitabdır. Bəzən o, səkkiz saat istirahət etmədən oxuyurdu. Beyin haqqında bildiyimiz məlumatlara əsasən bu, oxumaq üçün səmərəli üsul deyil. Mən həm də oğluma izah etdim ki, o nəyisə başa düşə bilmədiyinə görə məyus olub səhər saat 5-dək işləyəndə beyin funksiyalarının bərpası üçün vacib olan qiymətli yuxusunu itirir. Bu kitabda (və digər buna oxşar kitablarda) beyinin işləməsini göstərən çoxlu nümunələr var. Əgər şagird/tələbə bu kitabı oxumaq üçün cəmi üç saat sərf etsə, bu məlumat onun üçün çox şeyi dəyişəcək ̶ “Beyin necə işləyir?” və “Daha səmərəli şəkildə necə öyrənmək olar?” suallarına cavab tapacaq. Biz buna "psixotəhsil" deyirik ki, bunun da əsasında beyin, koqnitiv funksiyalar və özümüz haqqında biliklər durur. Məncə, biz uşaqlara hətta ibtidai siniflərdə "psixotəhsil" verməklə, onlara öz öyrənmə prosesini təşkil etməkdə kömək edə bilərik.
Və sonda: Bəli, beyinin öyrənilməsi üzrə elmi ictimaiyyətin bilikləri mütləq istifadə olunmalıdır.
Sual: Sizin fikrinizcə, indiki məktəb təcrübəsində elə bir prinsip varmı ki, o, beyində gedən öyrənmə prosesləri barədə biliyə zidd olsun?
Jelle: Bəli, mən hesab edirəm ki, buna kifayət qədər nümunələr var. Orta məktəbdə uşaqlardan öz təlim paketinin hazırlanmasında fəallıq tələb olunur. Onlar araşdırma aparmalıdır. Prinsip ona görə yaxşıdır ki, uşaqlar müəllimdən az asılı olurlar. Lakin bu öyrətmə növündə müəllim araşdırmanı necə aparmağı, hansı strategiyalardan istifadə etməyi uşağa öyrətmir. Fikrimcə, uşaqlara 6 və ya 7 yaşından strategiya verəndə, onlar öz məktəb nailiyyətlərini xeyli yaxşılaşdıra bilərlər. Amma bu hələ tətbiq olunmur. Gətirdiyim misal böyüklərə aiddir, amma həmin sözləri 6-12 yaşlı uşaqlara da şamil etmək olar.
Sual: Təlimə koqnitiv neyrologiya yanaşması nəticəsində yarana biləcək hər hansı bir etik problem görürsünüzmü?
Jelle: Xeyr. Əksinə, mən hesab edirəm ki, koqnitiv neyrologiyanın qənaətlərindən istifadə etməmək qeyri-etikdir. Bu mənada mən düşünürəm ki, indi biz 20 il bundan əvvəlki ilə eyni vəziyyətdəyik. O vaxtın klinik şəraitində həkim deyə bilərdi ki: "Tədqiqatın mənası yoxdur. Çünki mənim konkret bir xəstəm var və mən ona bütün biliyimi və təcrübəmi verməliyəm". Bu, düzgün münasibət olmayıb, çünki həkimlərin tibb və biologiya sahəsində öz biliklərini artırması və xəstələrin müalicəsi üçün bacarıqlarını yaxşılaşdırması nəticəsində tibb elmində böyük bir inkişaf baş verib. Bununla razılaşmayan həkim, çətin ki, tapılar. Məncə, həmin məsələ təhsilə də aiddir. Və bu xüsusilə vacibdir, çünki bu gün bir sinifdə o qədər müxtəlif uşaqlar oxuyur ki. Daha çox təcrübəyə əsaslanan təhsil sisteminə keçməklə təhsil texniki cəhətdən dəyişə bilər və bunun nəticəsində uşaqlar daha çox öyrənə biləcəklər, özlərini daha yaxşı hiss edəcəklər, həmçinin öz motivasiyalarını inkişaf etdirəcəklər. Tək koqnitiv öyrənmə deyil, həm də sosial öyrənmə və təlimə motivasiyanın yüksəlməsi vacibdir. Ona görə də bizdə olan bilikləri istifadə etməmək qeyri-etikdir.
Mənbə: http://www.oecd.org/department/0,2688,en_2649_14935397_1_1_1_1_1,00.html