FAYDALI MATERİALLAR

Oyunların təlimdə rolu

25.05.2018

“Oyun əxlaq məktəbidir, amma sözdə deyil, əməldə əxlaq”

                                                                                        D.B.Elkonin

Məlumdur ki, əyləncəli oyun şəklində verilmiş bilik uşaqlar tərəfindən daha tez,  möhkəm və asan qavranılır.

Oyun elə bir təlim növüdür ki, burada şagird aktiv və yaradıcı şəkildə cəmiyyətin davranış qaydalarını və normalarını, insanların əməyə, ictimai əmlaka münasibətini, insanlar arasında qarşılıqlı münasibətləri öyrənir. Bu, elə bir fəaliyyət növüdür ki, şagirdlərin sosial davranışına, onların həyata və bir-birinə olan münasibətlərinin formalaşmasına əsaslı təsir edir.

Məşhur pedaqoq A.S.Makarenko uşaq oyunlarının rolunu belə xarakterizə etmişdir: "Oyun uşaqlar üçün böyüklərin iş fəaliyyəti qədər dəyərlidir. Uşaq oyunda özünü necə aparırsa, gələcəkdə işləyəcəyi yerdə də bir çox hallarda özünü elə aparacaq. Beləliklə, gələcəyin lideri oyun oynayaraq təhsil alır...".

Uşaqları oyun zamanı müşahidə edən P.F.Lesqaft "Uşaq oyunu əyləncə deyil" ifadəsini təkrar etməyi sevərdi. Oyun uşaqların iş fəaliyyətidir. Oyun uşaqların ən sevimli və təbii fəaliyyətidir.

K.D.Uşinski qeyd edirdi ki, uşaqların ümumi və psixi sağlamlığını müəyyən etmək üçün onların oyununun müşahidə edilməsi əhəmiyyətlidir. Əgər uşaq oyunlara maraq göstərmirsə və ya öz yaşına görə stereotip, passiv və ya bəsit oynayırsa, bu, böyüklər üçün ciddi siqnal olmalıdır: belə uşaq xüsusi diqqət tələb edir. Bu "xüsusi" uşaq ya istedadlıdır, ya da əqli geriliyə malikdir. Oyun həm uşağın psixoloji vəziyyətinin və şəxsiyyət kimi inkişafının diaqnostikasını aparmaq üçün bir vasitədir, həm də uşağın inkişafındakı ləngiməni və qüsurları aradan qaldırmaq üçün əla metoddur.

Oyunlar qaydalı və qaydasız olur. Yaradıcı oyunlar uşaqlar tərəfindən yaradılan qaydasız oyunlardır.

Qaydalı oyunlar uşaqların davranışlarını idarə etmək qabiliyyətini artırır, onların impulsivliyini azaldır və bununla da xarakterin formalaşmasına yardım edir. Qaydalı oyunlara didaktik, mütəhərrik,rollu oyunlar aid edilir. Doyunca qaydalı oyunlar oynamış uşaqların məktəb intizamına uyğunlaşması daha rahat gedir.

Didaktik (öyrədici) oyunlar şərti olaraq 3 növə ayrılır: oyuncaqla (müxtəlif əşya) ilə oynanan oyunlar, şifahi və ya sözlü (tapmaca) oyunlar, loto (cüt şəkilli kart) oyunlar.

 Dərs zamanı didaktik oyunlardan istifadə uşaqlarda yaddaş, diqqət və təfəkkürün inkişafına kömək edir.

Rollu oyun oynayarkən şagird hər hansı bir obrazı canlandırır, öz təəssüratlarını üzə çıxarır. Oyun vəziyyətinin xəyal olduğunu anlayan uşaqlar buna baxmayaraq, olduqca real hisslər və təcrübələr yaşayır və bununla da daxili dünyalarını zənginləşdirirlər. Psixoloqlar hesab edirlər ki, rollu oyun uşaq oyunlarının inkişafının ən yüksək formasıdır. Rollu oyun uşaqların idraki inkişafında böyük əhəmiyyət kəsb edir, onlarda diqqəti və yaddaşı inkişaf etdirir. Tərəfdaşlar ilə birgə oyun zamanı uşaqlar ünsiyyət qurmağı, başqalarının istək və fəaliyyətlərini nəzərə almağı, fikirlərini müdafiə etməyi, təkid etmə qabiliyyətini, həmçinin birgə planlar hazırlamağı və həyata keçirməyi öyrənirlər. Müxtəlif rolları yerinə yetirərkən, uşaq müxtəlif fəaliyyətlərin bütün aspektlərini əhatə etməyə başlayır ki, bu da öz növbəsində insanın düşüncə qabiliyyətini inkişaf etdirməyə, başqasının fikrini qəbul etməyə kömək edir.

Oyunların bu müxtəlifliyi fərqli məqsəd daşıyan fənlərin tədrisini şagirdlər üçün daha maraqlı və cəlbedici etməyə imkan yaradır. Adətən:

  • didaktik oyunlardan riyaziyyat, ana dili;
  • rollu oyunlardan ana dili, həyat bilgisi, tarix;
  • mütəhərrik oyunlardan fiziki tərbiyə, həyat bilgisi fənlərində istifadə edilir.

Qeyd edək ki, təhsilin istənilən pilləsində oyunlardan məqsədli istifadə şagird nailiyyətinə müsbət təsir edir.

İstifadə edilmiş mənbələr:

http://открытыйурок.рф/статьи/591136/  

http://bookitut.ru/Rolevye-igry-dlya-detej-2.html

Hazırladı: TİPİİ-nin baş mütəxəssisi Sevda Adıgözəlova