Uşaq rəsmlərinin analizi
17.07.2018
“Uşaq çəkdiklərində edə biləcəklərini, yazdıqlarında isə zəifliklərini görür”.
D.Engelhart
Müasir dövrdə uşaqların rəsmlərinə laqeyd yanaşmaq yol verilməzdir. Bu rəsmlərdən bir çox istiqamətdə yararlanmaq mümkündür:
-
Zəka testlərində: çəkdiyi şəklə əsasən uşağın zəka səviyyəsi (IQ) öyrənilə bilər.
-
Əlaqə vasitəsi kimi: rəsm şifahi nitq ilə bağlı problemlərə çarə ola bilər;
-
Uşağın daxili dünyasını kəşf etmək vasitəsi olaraq.
-
Uşağın bədənini tanımasını və məkandakı mövqeyini kəşf etməsini təmin edən bir vasitə olaraq.
Hər yaş dövrünün özünəməxsus şəkil çəkmək tərzi vardır. Uşaqların çəkdiyi rəsmlər zəkalarının inkişafı ilə paralel olaraq müəyyən mərhələlərdən keçir:
-
Qaralama dövrü (1-4 yaş arası) – bu yaş dövründə rəsmlər daha çox oyun məqsədlidir. Valideynlər 1 yaşlı uşaqlara rəsm çəkmək şansı versələr, onlar ancaq “ləkələr” edərlər. Xoşbəxt uşaqlar adətən kağızın böyük hissəsini əhatə edən xətlər çəkirlər. 3 yaşdan etibarən uşaqlar rəsm çəkməyi öyrənir və çəkdiklərinə müəyyən məna verməyə başlayırlar. Bu yaş dövrü “iribaş insan” çəkmək mərhələsidir. Dünyanın istənilən yerində 3, 4, 5 yaşlı uşaqlar gövdə və başı təmsil edən dairə, qol və ayaqları çöplərdən ibarət iribaş adamı eyni çəkirlər.
-
Sxemdən əvvəlki dövr (4-7 yaş arası) – 4 yaşlı uşaqlar qolları və ayaqları olan çöp adam çəkə bilirlər. Beş yaşlı uşağın çəkdiyi rəsmlərdə isə insan və evlər daha anlaşıqlı olur. 4-5 yaşlı uşaqlar adətən rəng fərqi etmədən rəsmləri boyayırlar. Bu yaşlarda əsas rəngləri öyrənirlər. Unutmamalıyıq ki, uşaq hansı rəngi sevirsə, rəsmlərdə də ağırlıq o rəngə verilir. Qırmızı rəng iddianı təmsil edir. Çəhrayı, sarı, narıncı kimi isti rəngləri seçən uşaqlar sevgi dolu, tez uyğunlaşandırlar. Qara, mavi, yaşıl, qəhvəyi kimi soyuq rəngləri seçən uşaqlar isə çəkingən, əsl hisslərini gizlədən uşaqlardırlar.
-
Sxematik dövr (7-9 yaş arası) – rəsmlər daha aydındır. İlk baxışdan rəsmin mənası rahatlıqla anlaşılır. Rəsmlər daha çox reallığı əks etdirir.
-
Realist dövr (9-12 yaş arası) – bu mərhələdə qız və oğlan uşaqlarının rəsmlərində fərqlər özünü göstərir. Qız uşaqları daha çox gəlincik, paltar, gül rəsmləri, oğlan uşaqları isə maşın, gəmi, təyyarə çəkirlər.
-
Təbiilik dövrü (12-14 yaş arası) – bu yaş dövrünə aid olan uşaqların əsas xüsusiyyəti gördükləri obyektlərin incəliklərini rəsmlərində əks etdirmək həvəsidir. Rənglərdən isə mükəmməl şəkildə istifadə edirlər.
Zehni geriliyi olan uşaqların rəsmləri:
Rəsmlərində hər hansı məna olmur. Plansız və cılız çəkirlər. Adətən rəsm əvəzinə kağızın müxtəlif yerlərinə qaralamalar edirlər. Uşaqlar rəsmlərində, məsələn, ağacları tərsinə çəkirlərsə, bu, onlarda öyrənmə çətinliyinə işarə ola bilər.
İstedadlı uşaqların rəsmləri:
Kağızın böyük hissəsindən istifadə edirlər. Fərqli anlayışlar arasında məntiqli əlaqə qura bilirlər. Rənglərdən düzgün şəkildə istifadə edirlər.
Uşağın psixoloji xüsusiyyətlərini əks etdirən rəsmlər:
Məktəb fobiyası: məktəb, şagird rəsmi çəkmək istəməzlər. Ev və evdə xoşbəxt uşaq rəsmləri çəkərlər.
İnamsızlığı əks etdirən rəsmlər: rəsm kağızın kiçik hissəsində çəkilir. İnsan rəsmi çəkərkən əl və ayaqların olmaması mühitə gec adaptasiya olmağı, əlaqə zəifliyini, özündən başqa insanlarla birlikdə olmağın çətinliyini ifadə edir.
Hiperaktiv uşaqların rəsmləri: rəsmlər parlaq rənglərdə və qaralamalar ilə dolu olur. Adətən rəsmləri yarımçıq qalır. Çəkdikləri rəsmlər isə çox böyük olur.
Cinsi kimlik: ana və ataya hədsiz yaxınlaşma, yataq otağının çəkilməsi, uşaq əmizdirən, don geyinən ata, bığı olan ana və s. kimi rəsmlər bizə bəzi ipucları verir.
Ailədaxili problemlərin olduğunu ifadə edən rəsmlər: ailə üzvlərinin bir neçəsinin əksikliyi, ailə fərdlərini çəkməyi rədd etməsi, valideyn fiqurlarının olmaması parçalanmış ailəni, sevgi əksikliyini, ana-ata və uşaqlar arasında əşyaların yerləşdirilməsi əlaqə problemlərini göstərir.
Ana-atanın çox böyük, uşağın isə çox kiçik və ya ana-atadan birinin böyük, digərinin kiçik çəkilmiş olması ailədə təzyiqi, ailə fərdləri arasında problemin olduğunu, ana-atanın çox qabarıq çəkilməsi onlara olan heyranlığı təmsil edə bilir. Rəsmdə kiçik bacı-qardaşın ana-atanın əlindən tutması və digər uşağın çox uzaqlarda çəkilməsi və ya heç çəkilməməsi sevgi azlığının, bacı-qardaş qısqanclığının nəticəsi ola bilər.
Rəsmlərdəki fiqurların mənaları:
Başın böyük və ya çox kiçik çəkilməsi zehni fəaliyyətdə problemin olduğunu, zehni geriliyi ifadə edir.
Bədən üzvlərinin çəkilməməsi narahatlıq olan hissələri əks etdirə bilər.
Qolların qabarıq çəkilməsi ailəiçi və uşağa yönəlmiş şiddəti, qolların çəkilməməsi isə güc və qüvvət azlığını, ağızın böyük və ya kiçik çəkilməsi dil və danışma problemlərini, ağızın çəkilməməsi əlaqə problemlərini göstərir.
Gözlərin böyük çəkilməsi ətrafdakılara qarşı marağı, boş və mənasız baxan gözlərin olması görmə problemlərini vurğulayır.
Burunun böyük çəkilməsi bronxit və buna bənzər problemlərin olduğunu göstərir. Burunun olmaması gücsüzlüyü, dəstəksizliyi təmsil edir.
Qulaqların böyük çəkilməsi isə eşitmə problemlərini vurğulayır.
Əllərin böyük çəkilməsi şiddəti, kiçik çəkilməsi isə güvənsizliyi, ətrafa adaptasiya çətinliklərini göstərir.
Ayaqların qabarıq olması özünə qarşı güvəni, kiçik çəkilməsi isə güvənsizliyə işarət edir.
İnsan rəsmi çəkərkən cinsi orqanın çəkilməsi aqressiyanı, hücumu və ana-atanı çılpaq gördüyünü təmsil edə bilər.
Uşaqların çəkdikləri insan rəsmlərində özlərini əks etdirdikləri qəbul edilmiş gerçəklikdir. Prudhommeaunun sözləri ilə desək: “Uşaq insan rəsmi çəkərkən əslində özünü çəkər, təbii özünü necə hiss edirsə, o şəkildə”.
7 və 9 yaşa qədər uşaqların rəsmlərində şəffaflıq olması normaldır. Şəffaflıq, sadəcə xaricdən çəkilməli lazım olan əşyanın daxilinin də təsvir olunmasıdır.
10 yaşına keçmiş uşaqların rəsmlərindəki şəffaflıq onların zehni geriliyinin ola biləcəyini göstərir. Yaşıdlarından geri qalan yeniyetmələr insan rəsmi çəkərkən paltarın altından bədən üzvlərini də çəkirlər. Digər tərəfdən, bu, onların zehni geriliklə yanaşı, daxili problemlərinin də olduğunu göstərir. Rəsm uşağın daxili dünyasıdır.
Rəsmləri analiz edərkən bəzi məqamlara diqqət yetirmək lazımdır:
-
Rəsmin geometrik xüsusiyyətlərinə (yuxarıda, aşağıda, sağda, solda, mərkəzdə);
-
Rəsmin ölçüsünə;
-
Xətlərin kəskinliyinə (qırıq-qırıq və ya tam xətlər);
-
Rəsmdə istifadə olunan rənglərə;
-
Rəsmdə qaralamaların, tərəddüdlərin olub-olmamasına.
Uşaq rəsm çəkərkən onu müdaxilə etmədən izləmək lazımdır. Rəsmləri analiz edərkən diqqət edilməsi lazım olan məqamlardan biri də xətlərdir. Əgər qələm kağıza bərk basılmışdırsa, bu, onlarda aqressiyanın olmasını göstərə bilər. Xətlər qırıq-qırıqdırsa, bu, uşaqlardakı özgüvən, diqqət əskikliyinə işarədir.
Unutmaq lazım deyildir ki, uşaq rəsmlərində önəmli cəhət onun estetik gözəlliyi yox, nə qədər çox elementi özündə birləşdirməsidir. Uşaqları öz yaşıdları ilə müqayisə etmək lazım deyil. Hər bir uşaq eyni olmadığı kimi, onların çəkdiyi rəsmlər də fərqli ola bilər.
Qısası, uşaqların rəsmləri olduqca müxtəlifdir. Onların analiz edilməsi, düzgün şərhlər verilməsi valideynlərdən, müəllimlərdən, psixoloqlardan peşəkarlıq tələb edir. Rəsmlərin ən önəmli cəhəti isə onların uşağa yaxınlaşdıran bir yol olmasıdır. Uşaqlar söyləyə bilmədikləri hisslərini rəsmlərlə ifadə edirlər.
Mənbə: http://mavimarti.net/cocuk-resimlerinin-dili/