FAYDALI MATERİALLAR

Məktəbəqədər təhsil modelləri

07.08.2018

Məktəbəqədər təhsilin əhəmiyyəti mütəxəssislər tərəfindən tez-tez vurğulanır. Bu yaş dövründə uşaqlar paylaşmağı, sosiallaşmağı və birlikdə işləməyi öyrənirlər. 0-6 yaş uşağın yüksək öyrənmə potensialına malik olduğu dövrdür. Fiziki, psixomotor, sosial, emosional, koqnitiv (əqli) inkişafın böyük hissəsinin tamamlandığı, şəxsiyyətin formalaşdığı bir mərhələdir.

Uşaqların sağlam bir şəxsiyyət kimi formalaşması üçün məktəbəqədər təhsildə bir sıra faydalı modellərdən istifadə olunur. Bu modellərdən ən önəmliləri Montessori, Valdorf  (Waldorf) və Reggio Emiliadır.

Hər biri fərqli inkişaf sahələrinə istiqamətlənən bu yanaşmalar müəyyən dəyərlərə əhəmiyyət verir və bəzi davranışları inkişaf etdirməyi hədəfləyir. Bu yanaşmaları təhlil edərək konkret uşaq üçün ən uyğun modeli tapmaq olar (Nəzərə alın ki, materialda “məktəb” deyərkən həm də məktəbəqədər təhsil müəssisələri,  yəni uşaq bağçaları nəzərdə tutulur).

Montessori modeli. Montessori modeli 1900-cu illərin əvvəlində Romada Mariya Montessori tərəfindən yaradılmışdır. Bu yanaşmanın mərkəzində uşaqlar durur. M.Montessori uşaqlara uyğun bir mühit yaratmış və burada təbii inkişafın gedişini müşahidə edərək belə qənaətə gəlmişdir ki, uşaqlar yeriməyi və danışmağı öz-özünə öyrəndiyi kimi, oxu, yazı, hesab dərslərini də öz-özünə öyrənə bilər.  Təlimi verən müəllim müvafiq mühiti yaradır və uşağın həmin mühit ilə əlaqə yaratmasını təmin edir. Bu mühitin 3 əsas tərəfi vardır:

  1. Bir qrupda müxtəlif yaşlı uşaqlar toplanır;

  2. Uşağın ehtiyaclarına uyğun təlim materialları təmin edilir;

  3. Bu ehtiyacları anlayan və uyğun şəkildə qarşılayan müəllim qrupla işləyir.

Bu yanaşmanın uşağa qazandırdığı üstünlüklər: özgüvən, səliqə, məsuliyyətlilik, məqsədyönlülük, başqalarına hörmət və s. Montessori modelində uşağın nədən xoşu gəlib-gəmədiyi müəyyən edilir və nəzərə alınır.

Müasir təhsil sistemində eyni yaşdakı uşaqlar bağçada eyni qrupda, məktəbdə eyni sinifdə təhsil alırlar. Montessori yanaşmasında isə belə deyil. Bu yanaşmaya görə fərqli yaş qrupundakı uşaqlar eyni sinifdə təhsil almalıdırlar. Məqsəd böyük uşaqların daha kiçik yaşlı uşaqlar üçün rol modeli olmasıdır, böyük yaşlı uşaqlar üçün isə köməkləşmə və özgüvən dəstəklənməsidir.

Montessori modeli ilə təhsil verən bağçalarda uşaqların istifadə etdiyi oyuncaqlar fərqlidir. Uşaqlar fərqli duyğu orqanları ilə oyuncaqları kəşf edərək inkişaf edirlər.

Nə üçün Montessori yanaşması?

  1. Uşaqların liderlik bacarıqları önə çıxır.

  2. Öyrənmə fəaliyyəti sakit və sərbəst mühitdə keçir.

  3. Uşaqların fərdi xüsusiyyətləri ortaya çıxır.

Valdorf modeli. Valdorf məktəbi 1919-cu ildə Rudolf Steiner tərəfindən yaradılmışdır. Bu yanaşmanın əsas məqsədi uşaqların bütün inkişaf sahələrinə istiqamətlənərək təhsil almasıdır. Təhsilin ilk illərində oyun ilə öyrənmə əsasdır. Bu yanaşmada tapşırıqlar davamlı şəkildə edilir və fərqli yaşlardakı uşaqlar bir sinifdə təhsil alırlar. Oyun istiqamətli bu yanaşmada uşaqlar çox vaxt təbiət qoynunda vaxt keçirirlər. Əsas məqsəd uşağın təbiətlə təmasda olmasıdır. Bunun nəticəsində uşaqlarda təbiət sevgisi formalaşır. Valdorf məktəbləri 3 təməl ünsürə əsaslanır:

  1. Ruhun tərbiyəsi;

  2. Məsuliyyətlilik;

  3. Dürüstlük və təxəyyülün inkişafı.

Bu yanaşmada diqqət çəkən məqam akademik biliklərə o qədər də önəm verməməsi və texnologiyanı təhsildən kənarda tutmasıdır. Bu sistemdə oxumaq, yazmaq 1-ci sinifdə başlayır.

Nə üçün Valdorf məktəbi?

  1. Uşağın şəxsi inkişafı dəstəklənir.

  2. Təlim uşağın nəyi düşünməsinə deyil, necə düşünməsinə istiqamətlənir.

  3. Uşağın yaradıcılığını dəstəkləyir və çoxistiqamətli inkişafını təmin edər.

  4. Bu məktəbi bitirdikdən sonra uşaqlar heç kimə ehtiyac hiss etmədən inkişaf edirlər.

Reggio Emilia modeli. II Dünya müharibəsindən sonra İtaliyada irəli sürülmüş bir yanaşmadır. Hazırda ən çox istifadə olunan yanaşmalardan biridir. İtaliyada qəsəbə adıdır. Bu qəsəbədə ana-atalar uşaqlar üçün bir məktəb qurmaq istəmiş və bu yanaşma ortaya çıxmışdır. Banisi psixoloq Loris Malaquzzidir.

Bu modeldə uşaqların araşdıraraq öyrənməsi əsas məsələdir. Reggio Emilia yanaşmasının tətbiq olunduğu məktəblərdə bir çox proqramlardan istifadə olunur və proqram uşaqların maraqlarına görə seçilir. Reggio Emilia məktəbinin əsas cəhətləri:

  1. Uşağa mərkəzlənmiş sistem;

  2. Ailə və müəllimlər ilə qarşılıqlı əlaqə;

  3. 4 ay-3 yaş, 3-6 yaş olmaqla 2 fərqli yaş qrupu məktəbləri.

Nə üçün Reggio Emilia məktəbi?

  1. Uşaqlarınız əsl vətəndaş kimi böyüyər.

  2. Öz problemlərinin öhdəsindən gəlmək bacarığı inkişaf edər.

  3. Kollektivlə işləməyi bacarar.

Hər 3 məktəbin oxşar cəhətləri:

  1. Uşaqlara mərkəzləşmiş olması;

  2. Yaradıcılığı əsas götürməsi;

  3. Uşaqların sərbəst inkişafını dəstəkləməsi;

  4. Ailələrin məktəbəqədər təhsil müəssisəsi ilə ciddi şəkildə əlaqəsi vardır.

Sayt üçün hazırladı: TİPİİ-nin əməkdaşı Pəri İsmayılova

Mənbə: https://okul.com.tr/okul-oncesi/makaleleri/okul-oncesi-egitimde-yaklasim-modelleri-285 

http://www.hurriyetaile.com/cocuk/okul-oncesi-egitim/okul-oncesinde-cocuga-ne-tur-egitimler-verilir_19773.html

http://www.baskabirokulmumkun.net/waldorf-montessori-reggio-emillia-egitim-metodlari/