FAYDALI MATERİALLAR

Oyun

17.08.2018

Uşaq oyunu inkişaf üçün böyük əhəmiyyət kəsb edir. Uşaq nə qədər çox oynayarsa, dərketmə, yetkinləşmə, həyata pozitiv münasibət bir o qədər yüksək olar.

Oyunlar bizi hər yerdə əhatə edir: siyasət, məhəbbət, submədəni ənənələr, dini mərasimlər, tamaşalar, biznes davranışları, futbol matçları, elmi araşdırmalar da oyundur.  Uşaqlar, böyüklər və hətta heyvanlar da oynayırlar. Top arxasınca qaçan itlər, suda tullanan delfinlər – bütün bunlar oyun davranışını nümayiş etdirir. XIX əsrdə hesab  edilirdi ki, oyun insanı başqa varlıqlardan fərqləndirir. Müasir etoloqlar (Etologiya – heyvan, o cümlədən insan davranışının genetik əsaslarını öyrənən elm sahəsi, zoologiyanın bir qoludur.) deyirlər ki, heyvanlar üçün də oyun olduqca vacibdir. Məsələn, dağlarda çapan  keçilər özlərinə zərər yetirir, hündürlükdən yıxılmaq riski edirlər. Lakin alimlər deyir ki, təhlükəli serpantin boyu tullanan axmaq dağ keçiləri belə imkanlardan məhrum olmuş  yoldaşlarından daha ağıllıdırlar. Oynayan keçilər həyata daha yaxşı uygunlaşırlar: daha sağlam nəsil qoyur və özlərinə ən yaxşı qidanı tapırlar.

Psixiatr, kliniki tədqiqatçı Styuart Braun siçanlar üzərində apardığı tədqiqatlar haqqında maraqlı faktlar göstərir:

Gəmiricilərin bir qrupunu oynamaq imkanından məhrum edirlər, o biri qrup isə normal inkişafına davam edir. Hər iki qrupdakı siçanları pişik qoxusu ilə qorxutduqdan sonra alimlər reaksiyanı müşahidə etdilər. Əvvəlcə hər iki qrup küncə sıxılır, sonra isə gənclik illərini oyunlarla keçirən heyvanlar küncləri iyləməyə, ərazidə ehtiyatla tədqiqat aparmağa başladılar. Oyunçu olmayan siçanlardan ibarət  qrup isə küncdə oturub qaldı.

Alimlərin gəldiyi nəticə ondan ibarətdir ki, oyun davranışı həyati zərurətdir; o, istənilən şəraitə uygunlaşmağa kömək edir.

Oyun və beyin. Nə qədər ki, sizin uşağınız ora-bura qaçışır, sizin fikrinizcə, mənasız olaraq parovoz kimi fit verir – onun  beyni fiziki olaraq dəyişir. Oyun emosiyalar üzərində nəzarətə cavab verən amiqdala zonasında hüceyrələrin böyüməsini stimullaşdırır (yeri gəlmişkən, hesab edilir ki, onun pozulması autizmlə və həyəcanlı vəziyyətlərlə bağlıdır). Oyun baş beyin qabığının dorsolateral zonasına təsir edir, informasiyanın bölünməsinə, qərarın qəbul edilməsinə cavab verir.

Neyrobioloqlar sübut edirlər ki, uşaqlıqda qovduğunuz “quldurlar” sizin koqnitiv qabiliyyətlərinizə güclü təsir göstərmişdir. Bundan başqa, oyun özünü yoxlamağa, yeni təcrübə aparmağa, konsentrasiyanı yüksəltməyə imkan verir.

Oyun nə ilə fərqlənir? Müəllim uşaqlara deyir: “Gəlin oynayaq!” Uşaqlar isə xorla etiraz edirlər. Onlar nəsə bildikləri üçün oynamaq istəmirlər, fikirləşirlər ki, indi müəllim gülümsəyəcək, sonra isə lazımsız bir şeyi bizə elətdirməyə cəhd göstərəcək. Əsl oyunun isə aşağıdakı əlamətləri var:

İlk baxışda məqsədsizlik, proses naminə proses. X hərfinin yandan necə göründüyünü göstərmək üçün böyüklər həvəslə diyircəyi bir neçə dəfə fırlatmazlar, uşaqlar isə bunu dayanmadan edə bilir.

Könüllülük. Əgər iştirakçılardan kimsə özünü qum yeməyə məcbur edirsə, bu, oyun deyil, işgəncədir.  

Cazibə. Oyun özünə cəlb edir, intriqa yaradır.

Zaman azadlığı. Səhər yeməyindən sonra oynamağa başlayan uşaq hava qaralıncayadək oynaya bilər.

Davam etmək həvəsi - qonşuların divarı, qapını döyməsinə baxmayaraq.

Əgər bizim oyun fəaliyyətimiz bu bəndlərə uyğun gəlmirsə, deməli, oynamırıq, nəsə başqa bir işlə məşğuluq.

Yaş həddinə görə oyunlar

Manipulyativ oyun (embrional inkişafın 3-4 ayından)

1,5 yaşa qədər olan uşaqlar üçün bunlar mühüm fəaliyyətdir - tullamaq, diyirlətmək, gizlətmək, tapmaq, formanı dəyişmək, xışıldatmaq, cingildətmək, səpələmək. Belə eksperimentlər bəzən böyükləri narahat edə bilər, amma bunlar daim uşağın həyatında olmalıdır. Əgər uşaq qabları tullamağı xoşlayırsa, ona mane olmayın. Əgər siz hər dəfə qırılan qabın dalınca “təki qırılan qab olsun” deməyə hazır deyilsinizsə, zərif  boşqablar almayın.

Simvolik oyun (1,5-1,8 yaş)

Bu oyun uşağın obyektə yeni funksiyalar verə biləcəyi zaman başlayır: çörək dilimi taca, çubuq gəlinciyə, stul isə maşına çevrilir. Burada təxəyyül, təfəkkür və yumor hissi formalaşır. Sizin qarşınıza sosislərdən hazırlanmış qatar çıxanda, ona çəngəldən parovoz hazırlayın.

Rollu oyun (2-3 yaş)

Burada artıq əşya deyil, uşaq özü obrazları öz üzərində ölçür: sosial rolları məşq edir, pişik yaxud da dinozavra çevrilir. Uşagın seçdiyi rola görə onun güclü və zəif yerini aşkar etmək olar. Məsələn, həyəcanlı uşaq aqressiv ampluanı seçər: “Mən ətrafdakı vəziyyətə əmin olmadığım üçün tüfəngi götürürəm və qabaqcadan hamını qorxuduram.”

Elmi ədəbiyyatda bacıların bir-birinə oyun təklif etmə halları təsvir olunmuşdur: “Gəl biz bacılar rolunu oynayaq”. Burada məsələ nədir? Birgə oynayaraq, onlar bacılar haqqında öz ideal təsəvvürlərini əks etdirməyə cəhd göstərirlər. Əgər siz həyatda bacınıza qulaqburması verirsinizsə, oyunda onun əlindən tutaraq gəzir və bir-birinizin saçını sığallayırsınız.

Rollu oyun yeni situasiyaların qavranılması ücün yaxşı üsuldur: əgər ailə səyahətə hazırlaşırsa, bundan öncə bir neçə dəfə səyahət oyunu oynamaq lazımdır. Bu halda informasiya uşaq tərəfindən mənimsəniləcək və o, adi həyatda bu informasiyadan istifadə edəcək.

Rollu oyun bütün həyat boyu bizimlə olacaq, əgər biz onu uşaqlıqda yaxşı oynayırıqsa, yetkin yaşlarda müxtəlif həyati situasiyaları yaxşı anlayacağıq.

Süjetli rol oyunu (3-4 yaş)

Bu mərhələdə oyunçunun sadəcə rolu yoxdur, hər zaman onunla nəsə baş verir: o yalnız qılınc oynadan dəniz qulduru deyil, gəmiyə əyləşib dənizdə üzən, orada akulaların hücumuna məruz qalan dəniz quldurudur. Süjetli rol oyununda güclü emosiyalar olur.

Müasir uşaqlar süjetli rol oyununu adətən çox pis oynayırlar, ona görə ki, 3-4 yaşlarından biz onları öyrətməyə başlayırıq, məşğələ cədvəli hazırlayır, hərfləri və rəqəmləri göstəririk.

Rejissor oyunu (4-5)

Bu, daha çox məharət tələb edir. Bu cür  oyun uzun müddət (aylarla) davam edər,  çoxsüjetli olub müxtəlif formalar ala bilər. Hər gün cürbəcür əhvalatlar uydurmaq, dostlarla birgə yay boyunca ağacda evciyi olan Robin Qudu oynamaq, səyyar sirk haqqında silsilə komikslər hazırlamaq - bütün bunlar rejissor oyunları adlanır.

Belə bir oyunu hazırlayıb  davam etdirə bilən uşağın nəinki təfəkkürü və nitqi inkişaf edir, o həm də  öz yaşıdları arasında liderlik qazanır.

Stolüstü oyunlar

Stolüstü oyunlar ona görə yaxşıdır ki, adətən məhz üz-üzə gələndə uşaq və valideynlərin  maraqları birləşir,  burada ürəkdən ailəvi əylənmək daha da asanlaşır. Oyun entuziazmı yolxucudur.

Təəccübləndirən fakt: uşaq I sinifdə dərsin 35 dəqiqəsini bir yerdə məcburi oturur, halbuki o, stolüstü oyun oynayarkən həmin stol arxasında rahat və eyni zamanda fikrini bir yerə cəmləmiş şəkildə 2 saat keçirə bilir. Bu, özünüidarəetmə və təmkinin mütəmadi məşqləridir. İnsan könüllü oyun arxasına oturur, onun qaydalarını qəbul edir və öz istəyi ilə təkcə sevinc deyil, kədər, məyusluq hisslərini də yaşayaraq mürəkkəb məsələləri həll edir.

Məğlubiyyət və uduş

Burada valideynlər tez-tez oyunun bütün mənzərəsini pozurlar, ya qəsdən uduzur, ya da əksinə, uşağa qələbə qazanmağa imkan vermirlər. Bu, düzgün yanaşma deyil. Əvəzində zəif oyunçuya  qabaqçadan  üstünlük vermək olar (fora vermək). Məsələn: “Sən üç qurbağa yeməlisən, mən isə daha çox – altısını”.   Uşağa 4-5 yaşından məğlub olmağı öyrətmək vacibdir, axı nə vaxtsa, nəyisə səhv edəcək, məğlub olacaq. Məğlubiyyət özü də dəyərli təcrübədir. Xüsusilə valideyn də öz münasibətini göstərəndə: uduzanda həqiqətən məyus olur və ya xalları topladıqda ürəkdən sevinirsə.

Yarışma

Bu anı valideynlər tez-tez manipulyasiya (kələk, hiylə)  üçün istifadə edirlər: “Haydı, görək kim daha tez ayaqqabısının bağını bağlayacaq?”, “Kim qabları təmiz yuyacaq?” Psixoloqlar lazımsız yarışmalarla əylənməyi məsləhət görmürlər, həyatda onsuz da rəqabət və gərginlik kifayət qədərdir.

Oyunu öz həyatınıza necə qaytarmalı?

Sirr ondadır ki, kubu üst-üstə məcburi qoyan analar deyil, öz-özü ilə oynayan böyüklər uşağı daha çox həvəsləndirir.

Ona görə də “Yaraşıqlı poni” oyununda uduzduğunuza görə özünüzü tənbeh etdikdən sonra fikirləşin, sizin şəxsi oyununuz nədir? Ola bilər ki, asfaltda çatlar üzərindən bir ayaqla tullanmaq, qafiyələr fikirləşmək və ya çay boyu qayıqlar buraxmaq - nə oynadığınız elə də vacib deyil.

Sadəcə oyundakı vəziyyətinizi uşaqla bölüşmək, ona uçuş və sevinc hisslərini çatdırmaq lazımdır. Bunun necə gözəl olduğunu başa düşdükdə, uşaqda öz oyununu tapmaq şansı yaranacaq.

Oyunun sirri xırdalıqlarda ola bilər: sadəlöhv olun, özünüzü səfehliyə qoyun, quru yarpaqları xışıldatın, lövhələrdəki yazıları səhv vurğularla oxuyun, şorbanı tilsimli eliksir hazırlayırmışsınız kimi bişirin. Özünüzə səhv etmək ixtiyarı verin, axtarın və qorxmayın! 

Və sonda ailəvi oyunların qaydaları:

  • İstəmədikdə oynamamaq;

  • Oyun zamanı qaydaları dəyişməmək;

  • Razılaşma əldə etmək;

  • Səmimi olmaq;

  • Təslim olmamaq;

  • Ehtiyac olmadan oyunu dağıtmamaq;

  • Lağa qoymamaq və aldatmamaq;

  • Hökm nümayiş etdirməmək;

  • Digər oyunçuların hisslərini anlamaq.