FAYDALI MATERİALLAR

"STOP" üsulu ilə fərq yaradın

14.09.2018

Hədəfinizə çatmağın ən qısa yolu hərəkət etmək olsa da, xaotik vəziyyətdə hərəkət etmək sizə çox şey qazandırmayacaq. Hədəfinizə doğru gedən yolda maneələrlə qarşılaşdığınız anda dayanın və heç nə etməyin! Bəs sonra? Gəlin hadisələrə qarşı mövqeyinizi dəyişəcək "STOP" üsuluna nəzər salaq...

İstər şəxsi həyatda, istərsə də iş həyatında özün üçün hədəf təyin etmək, qarşına məqsəd qoymaq olduqca vacib məsələdir: Hansı səviyyəyə çatmaq istəyirik? Nəyə nail olmaq istəyirik? Nə etmək istəyirik? Bu suallara cavab tapdıqdan sonra hamımızın bir kompasa ehtiyacı var. Həmin kompaslardan biri "STOP" üsuludur.

Bəzi anlayışları təsvir etməyin və anlamağın ən asan yollarından biri  qısaltmalardır və onlardan bu gün geniş istifadə olunur. Elə bu "STOP" üsulunun adı da həmin qısaltmalardan gəlir. Gəlin bu qısaltmaların açılışına – mənasına baxaq və bu kompasın istifadə qaydasını öyrənək.

STOP-un birinci hərfi olan 'S' qısaltması elə qısaltmanın özü kimi “Stop”, yəni “Dayan” deməkdir. Nə olursa olsun, əvvəlcə dayan.

Heç gözləmədiyiniz anda müdirinizdən bir məktub gəldi, o qədər işiniz ola-ola sizə yeni bir iş tapşırdı və ya  yoldaşınız zəng etdi və evdə problemləri olduğunu dedi; axşam evə gəldiniz və məktəbdən uşağınızla bağlı şikayət məktubu var. "STOP" üsulunun ilk addımını atın və dayanın! Dayanın və heç nə etməyin.

STOP-un T-si və ikinci addımı: "Think", yəni "Düşün". Yuxarıda göstərilən hallarda verəcəyiniz ilk reaksiyanı, cavabı və o reaksiyanın qarşılığında alacağınız cavabı düşünün. Həyatınızın filmini belə çəkə bilərsiniz o an, kameranı əlinizə almağınız və çəkməyə başlamağınız kifayətdir: o məktuba verəcəyiniz cavab, telefonda yoldaşınıza göstərəcəyiniz reaksiya və ya evdə məktubu oxuduqdan sonra söyləyəcəkləriniz – bütün bunlar filmin sonrakı gedişini təyin edəcək elementlərdir. Filmin hansı istiqamətə doğru getməyini istəyirsiniz? Düşünmədən, götür-qoy etmədən öz filminizi istədiyiniz istiqamətdə yönləndirmək mümkündürmü?

Atletikaya marağı olanlar bilərlər, xüsusilə sprint yarışlarında yarışdan dərhal əvvəl kamera idmançıları çəkərkən ekrana arxa fonda bəzi idmançıların sanki yarışdaymış kimi məşq etdikləri məqamda görüntüləri gəlir. Bəs onlar bunu hələ yarış başlamazdan əvvəl nə üçün edirlər? Yarışı “yaşamaq” üçün, həm də dəfələrlə! Filmin bütün təşkilati işlərini görüb, yarana biləcək maneələri əvvəlcədən anlamaq üçün yarışı əvvəlcə xəyalən yaşayırlar. 

Bəs siz baş qəhrəmanı olduğunuz filminizdə məqsədinizə doğru gedirsinizmi? Gedirsinizsə, davam edin. Bəs getmirsinizsə? Eybi yox, hələ filmi çəkmə mərhələsindəsiniz, heç montaj da olunmayıb, çünki “Dayandınız” və “Düşündünüz”. 

Gəldik STOP-un üçüncü addımı olan O-ya, yəni “Observe” – "Müşahidə et”. Hədəfinizə çatmaq üçün daha hansı vasitələrə ehtiyacınız var? Ailəniz, iş yoldaşlarınız, dostlarınız, sağlamlığınız, şüurunuz, aldığınız təhsil... Düşündükcə bu siyahını daha da böyütmək olar. Müşahidə aparın, qarşıya qoyduğunuz məqsədə çatmaq üçün bunlardan hansına və ya hansılarına ehtiyacınız olacaq? 

Və STOP-un son mərhələsi – P. Ümumiyyətlə, "karvanı yolda düzməyi" sevən bir cəmiyyət olduğumuz üçün, təəssüf ki, bu son mərhələ bizim vərdişlərimiz arasında deyil. Bəli, təxmin etdiyiniz kimi, P mərhələsi "Plan", yəni “planlaşdır” deməkdir. Plan sizin irəlilədiyiniz yolun xəritəsidir əslində. Qaranlıqda təsadüfi addımlamaq əvəzinə, hər şeyi dəqiqləşdirərək etməyinizi təmin edən bir seçimdir. Uğurun təsadüfiliyini aradan qaldırıb, davamlılığa çevirən bir vasitədir plan. Müəyyən mənada əldə etdiyimiz məlumatlarla ən yaxşı nəticəyə çatmaq üçün əvvəlcədən qurduğumuz oyunun elastik kompasıdır. 

Dayanın, düşünün, müşahidə edin və planlaşdırın. Həyatınıza özünüz nəzarət etməyə başlayın. Bəhanələr tapmaqdan, başqalarını günahlandırmaqdan qurtulun. Unutmayın ki, həyatınızın 10%-i başınıza gələn hadisələrdən, 90%-i isə sizin onlara verdiyiniz reaksiyalardan ibarətdir.

Mənbə: http://www.kigem.com/stop-teknigi-ile-fark-yaratin.html

Hazırladı: TİPİİ-nin əməkdaşı Günel Qasımova