"Beynəlxalq Demokratiya Günü" münasibatilə YUNESKO-nun baş direktoru xanım Odri Azulayın müraciəti
15.09.2018
“Beynəlxalq Demokratiya Günü” münasibatilə YUNESKO-nun baş direktoru xanım Odri Azulayın
MÜRACİƏTİ
15 sentyabr 2018-ci il
Bu gün biz "Beynəlxalq Demokratiya Günü"nü qeyd edirik. Demokratiya elə bir idealdır ki, hər bir insanın eyni ləyaqətə və eyni təməl azadlıqlara (fikir, vicdan, ifadə və fəaliyyət azadlıqlarına) sahib olduğunu tanıyır.
Bu universal prinsiplər bu il 70 illiyini qeyd edəcəyimiz Ümumdünya İnsan Hüquqları Deklarasiyasında öz əksini tapıb. Onlar həmçinin YUNESKO-nun Nizamnaməsinin əsasını təşkil etmişdir.
Əgər YUNESKO-nun bütün dünyada dəstəkləmək və populyarlaşdırmaq istədiyi mədəniyyət, təhsil, elm, kommunikasiya və informasiya universal dəyərləri əsas götürməsə, bəşəriyyətin bir hissəsini təcrid etsə, yaxud sülhün və ədalətin daha da möhkəmlənməsinə kömək etməsə, onlar öz mənasını itirə bilər.
Demokratiya təkcə mənəvi ideal deyil, həm də siyasi və hüquqi prinsipdir. Demokratiya qanunların və institutların birgə yaradılmasında iştirak üçün siyasi hüquqları təmin etməklə; azad seçkilər və ümumi seçki hüququ verməklə; hüquqi dövlətə məxsus olan nəzarət mexanizmləri vasitəsilə; azad və müstəqil mətbuat və, nəhayət, vətandaşların fəal iştirakı, açıq və dinamik vətandaş cəmiyyəti vasitəsilə yaradılır və gücləndirilir. Bu mənada YUNESKO vətəndaşlıq mədəniyyətinin təbliğinə fəal şəkildə qoşulmuşdur və vətəndaş cəmiyyətini təmsil edən çoxsaylı tərəfdaşları ilə sıx əməkdaşlıq edir.
Demokratik düşüncə tərzinin səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, demokratiyanı dialoq, əməkdaşlıq və vasitəçilik yolu ilə daha çox əldə etmək olar, nəinki məcburiyyət və diktə vasitəsilə: qısası, hüquq gücdən üstün olmalıdır. Demokratiya idealı münaqişələrin sülh yolu ilə həllindən, sülhün axtarışına səy göstərməkdən ayrıla bilməz. Bu istək YUNESKO üçün bir standartdır.
Demokratik ideallar daha çox azadlıq, ədalət və bərabərlik, hamı üçün keyfiyyətli təhsil, informasiya əldə etmək hüququ, layiqli həyat, sağlam ətraf mühit, ləyaqətli iş uğrunda yorulmadan səy göstərmək üçün çağırışdır. Bu mənada Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədər nəzərdə tutulmuş dayanıqlı inkişaf sahəsində Gündəliyi demokratik idealın istiqamətlərindən biridir. Bu Gündəlik qarşıya çıxan qaçılmaz çağırışlar nəzərə alınmaqla daim təkmilləşdirilir və belə görünür ki, 20-ci əsrin əvvəlində insanların rastlaşdığı ciddi problemlər artmaqda davam edir.
Bu “Beynəlxalq Demokratiya Günü”, xüsusilə onun Ümumdünya İnsan Hüquqları Deklarasiyasının yubileyi ilində qeyd olunması çox gözəl bir səbəbdir ki, bizim demokratik ideallara nail olmaq istiqamətində irəliləyişlərimizi və əsas hüquqların və azadlıqların riayət olunması nöqtəyi-nəzərindən nəyi həll etdiyimizi qiymətləndirmək imkanımız olsun. Gəlin birgə əlimizdən gələni edək ki, demokratiyanın əsası olan sülh və ədalət çağırışımız reallığa çevrilsin.