Fizika dərslərində tədqiqat sualları
24.09.2018
İnsanların min illər ərzində kəşf etdiyini şagirdlər məktəbdə bir neçə ilə öyrənir. Bu “ekspedisiya”nın rəhbəri isə müəllimdir.
Fizika dərslərində problemli situasiya müxtəlif yollarla yaradıla bilər:
-
Müəllim şagirdlər arasında ziddiyyətli fikirlər yaradır və düzgün olanını təyin etməyi təklif edir;
-
Müxtəlif fikirləri eyni suala yönəldir;
-
Hadisəyə müxtəlif mövqelərdən yanaşmağı təklif edir;
-
Konkret suallarla şagirdlərə müraciət edir;
-
Nəzəri və təcrübi tapşırığın problemlərini təyin edir;
-
İçərisində səhv olan tapşırıqlar verir.
Bir neçə misal:
1. “Diffuziya” mövzusunu tədris edərkən problemli vəziyyətin yaradılması.
Molekulun sürəti 400 m/san-dir (Müqayisə üçün deyək ki, bu, güllənin sürətinə bərabərdir). Şagirdlərə otaqda diffuziya edən ətir iyinin sürətini təyin edərək molekulun sürəti ilə müqayisə etmək təklif olunur.
Şagirdlər hesablayaraq nəticəni 25 sm/san alırlar. Hesablamanı yerinə yetirmək üçün şagirdlər sürətin düsturunu bilməlidir. Problem yaranır: Nə ücün diffuziyanın sürəti molekulun sürətindən xeyli kiçikdir? Maddənin quruluşu haqqında ilkin məlumata görə şagirdlər müxtəlif fərziyyələr irəli sürürlər. Bu şəraitdə müəllim birbaşa deyil, dolayısı yolla şagirdləri düzgün nəticəyə yönəldə bilər: təsəvvür edin ki, siz molekulsunuz və sinif otağında bir divardan üzbəüz divara tərəf hərəkət etməlisiniz. Əvvəlcə bu yolu tam boş otaqda, sonra xaotik hərəkət edən maneələrin (molekulların) arası ilə gedirsiniz. Vəziyyəti araşdıraraq belə nəticəyə gəlirik: ətir molekulları hərəkət zamanı digər molekullarla toqquşduğundan sürəti azalır.
2. “Maddənin sıxlığı” mövzusu öyrənilərkən şagirdlərə yalnız xətkeş vasitəsi ilə düzgün formalı qənd parçasının kütləsini təyin etmək tapşırığı verilir. Tapşırığı yerinə yetirməkdə çətinliyi olan şagirdlərə plan verilir. Hətta ən zəif şagird bu plana əsasən tapşırığı icra edə bilir.
Tapşırıq: Düzgün formalı qənd parçasının kütləsini təyin edin.
Avadanlıq: Xətkeş, sıxlıq cədvəli.
Ölçmə planı:
1. Qənd parçasının enini, uzunluğunu və hündürlüyünü ölçmək.
2. Cismin həcmini hesablamaq.
3. Cədvəldən qəndin sıxlıq qiymətini qeyd etmək.
4. Düstura əsasən kütləni hesablamaq.
3. “Maddənin aqreqat halı” mövzusu öyrənilərkən şagirdlərə aşağıdakı cümlədə səhvi tapmaq təklif olunur.
Bir şair damcı haqqında belə yazıb: “O canlı idi və pəncərə şüşəsindən axırdı, birdən onu şaxta vurdu, o, donub yerində qaldı, kainatda istilik azaldı”.
Şagirdlərin hamısı müzakirəyə başlayır və mülahizələr söyləyirlər. Nəticədə düzgün cavabı, yəni cümlədəki səhvi tapırlar.
4. “Cisimlərin üzməsi” mövzusu öyrənilərkən problemli vəziyyətin yaradılmasını nəzərdən keçirək.
Nümayiş stolunda içərisində müxtəlif mayelər olan 3 şüşə qab və hamısının içərisinə eyni cisim (məsələn, yumurta) qoyulmuşdur: I qabda cisim mayenin səthində üzür, II qabda maye daxilində üzür, III qabda isə dibdədir.
Sual: 1. Nə üçün cisim bu mayelərdə müxtəlif səviyyələrdədir?
2. Bu nədən asılıdır?
Şagirdlərə müxtəlif cavablar təklif olunur. Onlar düzgün cavabı seçirlər: cismə ağırlıq qüvvəsi və Arximed qüvvəsi təsir edir. Müxtəliflik bu qüvvələrin ˃, ˂ və yaxud = olması, mayenin və cismin sıxlığından asılılığı hesabına olur.
Lövhədə təcrübənin görüntüsünü çəkərək hər birinin aşağısında qüvvələr arasındakı münasibəti yazırıq.
Sonda problemli situasiya yaratmaqla təlimin üstünlüklərini bir daha yadımıza salaq:
-
Həyatla əlaqəni təmin edir;
-
Praktika vasitəsi ilə təlim prosesinə dinamika qatır;
-
Şagirdlərdə intellektual aktivliyi, emosionallığı, təəccüb, çaşqınlıq, çətinliyə dözmək hissini artırır.