FAYDALI MATERİALLAR

Şagirdə müəllim tərəfindən edilən psixoloji zorakılıq

23.10.2018

Təhsil müəssisəsində müəllim uşaqların psixi və somatik sağlamlığına təsir göstərən əsas fiqurlardan biri, bəlkə də birincisidir. Təhsildə sağlam mühitin yaradılmasında müəllimin həm dərs zamanı, həm də dərsdən əlavə fəaliyyət zamanı şagirdləri ilə konstruktiv qarşılıqlı əlaqələr qurmaq bacarığı əsas rol oynayır.

Təhsil müəssisələrində müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının müxtəlif formalarına rast gəlinir: şagirdə hədsiz tələblər qoymaq, yaşa uyğun olmayan münasibət göstərmək, şagirdi təhqir etmək və ləyaqətini alçaltmaq, açıq-aşkar mənfi münasibət göstərmək, şagirdin varlığını və dəyərini qəbul etməmək, şəxsin faydasız olduğunu sözlə bildirmək, onun duyğularını və düşüncələrini dəyərsiz saymaq, ələ salmaq, ad qoymaq, təqlid edərək ələ salmaq kimi insanın şəxsiyyətini, etibarını və dəyərini ləkələyəcək davranışlara yol vermək, qorxu yaratmaq  və s.

Müəllimin şagirdə qarşı etdiyi kinayə, istehza, rişxənd, şəxsiyyətin alçaldılması kimi psixoloji zorakılıq şagirdin səhhətində funksional dəyişikliklərə və məktəbdən uzaqlaşmasına səbəb olur. Çoxsaylı alimlərin araşdırmaları göstərib ki, müəllimlərin zorakılıq hərəkətlərinə məruz qalan ibtidai sinif şagirdləri bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur. Belə zorakılıq uşaqlarda çoxlu problemlər yaradır: aqressiya, natamamlıq kompleksi, qeyri-qənaətbəxş olma hissi, stress və s.

Zorakılığın mənbəyini sevmək, sahiblənmək, qorumağın ("Sənin yaxşılığını istədiyim üçün bunu edirəm", "Səni sevirəm ona görə") əksinə olaraq, güc və nəzarət etmə istəyi təşkil edir. Zorakılıq edən insanın yeganə məqsədi qarşısındakına nəzarət etməklə özünü "güclü" hiss etməkdir. Nəzarət etdiyi şəxs onun üçün sadəcə bir "obyekt"dir.

Psixoloji zorakılıq insanın “mənlik şüuru”nu, özünə olan hörmətini və sevgisini, özünü düzgün qavramasını ciddi şəkildə təxribata məruz qoyur. Zorakılıq edilən şəxs özünü dəyərsiz və ümidsiz hiss edir. Qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur.

Psixoloji zorakılıq uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Bu vəziyyət isə zehni qabiliyyət və məktəb uğurunun azalmasına səbəb olur.

Müəllim tərəfindən psixoloji zorakılığa məruz qalan şagirdin bu vəziyyəti yaxınları ilə bölüşməməsi və ya həyatın reallığı kimi qəbul etməsi bu məsələ ilə bağlı problemlərin mühüm bir hissəsini təşkil edir. Psixoloji zorakılıq nəticəsində zorakılığa məruz qalan uşaq özünə qapanır və depressiyaya meyillilik artır.

Psixoloji zorakılıq edən müəllim çox vaxt problemə məhəl qoymur və belə hesab edir ki, uşağa fiziki zorakılıq psixoloji zorakılıqdan daha çox zərər vurur. Faktlar onu göstərir ki, tez-tez təkrarlanan psixoloji zorakılıq formaları yetkinlik yaşına çatmayan şəxsin psixikasını tədricən zəiflədir.

Müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının azaldılması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması və psixoloqun müəllimlərlə işləməsi vacibdir.

Məktəb psixoloqu “psixoloji zorakılıq” mövzusunda müəllim və şagirdləri məlumatlandırmalıdır. Əgər uşaq müəllimin ona qarşı qərəzli münasibətinin olduğunu bildirirsə, ona dəstək olmaq və situasiyadan çıxmaq üçün ona kömək etmək lazımdır. “Müəllim həmişə haqlıdır” fikri yersizdir.

Uşaq hüquqları haqqında Konvensiyanın (1989-cu il) 19-cu maddəsində göstərilir ki, “İştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər hansı digər şəxs tərəfindən fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual sui-istifadənin hər cür formalarından müdafiə etmək məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görürlər”.

Bu maddədə də psixoloji zorakılığın fiziki zorakılıqla eyni mövqedə olduğunu görə bilərik.

Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 32-ci maddəsinə əsasən, təhsilalanlara “sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq” və “insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq” hüququ verilir.

Sinifdə normal psixoloji mühit yaratmaq üçün:

  • Düzgün nitq üslubu və səs tonu seçin - uşaqlarla ünsiyyət zamanı səs tonunuzu yüksəltməyin, kobud ifadələrdən istifadə etməyin.

  • İstehzalı və kinayəli ifadələrdən imtina edin.

  • Uşaqların şəxsi fikirlərinə hörmətlə yanaşın.

  • Şagirdlərin səhvlərinə konstruktiv şərhlər verin: “Səhvlər üzərində öyrənirik”, “Kvadrat tənliklər bölməsini yenidən nəzərdən keçir, bu sənə gələcəkdə eyni səhvləri buraxmamaqda kömək edəcək”, “Bu yazıda iki yeni fikir qeyd etmisən; bu, çox yaxşıdır” və s.

  • Şagirdlərin hər birini diqqət mərkəzində saxlayın, heç bir şagirdə qarşı etinasız münasibət göstərməyin. Bunun üçün dərs müddətində bütün şagirdlərlə göz təması qurmağınız kifayətdir.

  • Şagirdlərdən gözlənilən davranışı bilavasitə ifadə edin.  Məsələn, “Qaçma!” sözü uşağa ondan nəyi gözlədiyimizi demir – bir yerdə durmağımı, gəzməyimi və ya başqa nəyisə. Əgər uşağın sakit gəzməsini istəyiriksə, o zaman deyirik: “Sinifdə gəzirik, həyətdə isə qaça bilərik”. Uşaq bilir ki, ondan nə istəyirik və müvafiq hərəkəti etməyə çalışır.

Dərs müddətində şagirdlərə fiziki fəallıq üçün şərait yaradın. Bu, zehni yorğunluğu aradan qaldırır, diqqətin yenidən dərsə mərkəzləşməsinə kömək edir və nəticədə müəllimin şagirdi intizama dəvət etməsinə ehtiyac qalmır.