Uşaqların məktəbə hazırlığı
24.10.2018
Məktəbə hazır olmaq – oxumaq, yazmaq və saymaq demək deyil.
Məktəbə hazır olmaq – bütün bunları öyrənməyə hazır olmaq deməkdir.
L.A.Venqer
Uşaqlar I sinfə gedərkən hər şeyin yaxşı olacağına inanaraq gedir: müəllimi gözəl və mehriban olacaq, sinif yoldaşları onunla dostluq edəcək, o yalnız “əla” qiymətlər alacaq və s. Lakin uşağın məktəbə hazırlığı istənilən səviyyədə olmazsa, məktəbə adaptasiyasında, təlimdə uğur qazanmasında problemlər yaranır. Bəs uşağın məktəbə hazır olduğuna əmin olmaq üçün nələrə diqqət yetirməliyik?
Fiziki hazırlıq:
-
Eyni vəziyyətdə müəyyən müddət oturmaq (45 dəqiqə). Sirr deyil ki, uşaqların əksəriyyəti parta arxasında düzgün əyləşmir, bu və ya digər tərəfə söykənir.
-
Kiçik motorikanın inkişafı. Əgər uşaq ayaqqabısınin bağını, köynəyinin düyməsini gec və çətin bağlayırsa, qaşığı düzgün tutmursa, o, qələmi də düzgün tutmağı bacarmayacaq.
-
Sensomator və məkan koordinasiyası. Əgər bu faktor düzgün inkişaf etməyibsə və ya zəif inkişaf edibsə, uşağın qaçmasına, oynamasına, ümumi hərəkətlərinə maneələr yaradacaq və s.
Sadə riyazi biliklər:
-
1-dən 10-a qədər və geriyə saymaq;
-
10 dairəsində qonşu rəqəmləri bilmək (məsələn, 3-dən əvvəlki və sonrakı rəqəm);
-
Sadə həndəsi fiqurları (üçbucaq, dairə, kvadrat, düzbucaqlı və s.) tanımaq, çəkmək və fərqləndirmək bacarığı;
-
Rəqəmləri müqayisə etmək bacarığı (böyükdür, kiçikdir) və s.
İdrak proseslərinin inkişafı:
-
Diqqətin inkişafı (Sadə pazlları qura bilirmi? Labirint tapşırıqlarını yerinə yetirə bilirmi? və s.).
-
Hafizənin inkişafı (Məsələn, əvvəlcə, müxtəlif əşyaların təsvir olunduğu şəkli göstərin. Daha sonra şəkli götürün, uşaqdan şəkildəki əşyalardan hansının yadında qaldığını soruşun. Düzgün xatırlaya bilirmi?).
-
Təfəkkürün inkişafı (Məsələn, bir neçə detalın müxtəlif olduğu şəkillər arasındakı fərqləri soruşun. Fərqləri deyə bilirmi? Fərqli əşyaların oxşar əlamətlərini deyə bilirmi? Məsələn, televizor və soyuducu).
-
Təxəyyülün inkişafı (Məsələn, hekayə danışın və yarıda saxlayın. Hekayənin ardını sərbəst formada davam edə bilirmi?).
Nitq:
-
Məktəbəqədər yaşlı uşaqla “söz oyunu” oynamaq olar. Uşaq əvvəlcə ətrafında olan əşyaların adlarını deyir, daha sonra həmin sözlərin ilk səsi ilə başlayan yeni sözlər deyir.
-
Oxumağı unutmayın. Uşağa daim davamının necə olacağını düşündürən maraqlı hekayə seçin. Bəzi sadə sözləri özünün oxumasına icazə verin.
-
Oxuduğunuzu müzakirə edərkən uşağa öz fikirlərini aydın ifadə etməyi öyrədin. Əks halda şifahi ünsiyyət zamanı onun problemləri ola bilər.
-
Monoloji nitqə yiyələnməyi vacibdir. Hekayəni oxuyub bitirdikdən sonra məzmunla bağlı suallar verin və uşaqdan hekayənin xülasəsini danışmağı xahiş edin.
-
“Hə”, “yox” cavabına qane olmayın. Niyə məhz elə düşündüyünü dəqiqləşdirin, öz fikrini tamamlamağa kömək edin.
-
Hadisələrdə ardıcıllığı gözləməyi və hadisələri təhlil etməyi öyrədin.
-
Aşağıdakı sözlərin düzgün başa düşüldüyündən əmin olun: üstündə, altında, içində, sağında, solunda, uzaqda, yaxında, qarşıda, arxada və s.
Emosional-iradi hazırlıq:
-
Məktəbə getməyi sevinclə gözləmək;
-
Öz emosiyalarını idarə etmək bacarığı;
-
Davranışlarını idarə etmək bacarığı;
-
Çətinlikləri aradan qaldırmaq istəyi;
-
Məqsəd və nəticəyönümlülük.