FAYDALI MATERİALLAR

Təhsildə Piqmalion effekti

31.01.2019

“Piqmalion effekti” və ya “Həqiqətə çevrilən kəhanət” kimi adlandırılan bu araşdırma ətrafımızdakı insanların bizimlə bağlı düşüncə və davranışlarının uğur qazanmaqda bizə necə təsir göstərdiyindən bəhs edir (“Piqmalion effekti” adını qədim bir mifdən götürmüşdür).

Bu nəzəriyyə iddia edir ki, insan bir müddətdən sonra başqalarının ondan gözləntilərinə uyğun davranmağa başlayır. Başqaları haqqında düşündüyünüz şeylər onlara qarşı davranışlarınıza təsir edir və davranışlarınız da qarşınızdakı insanın şüuraltına yerləşir, beləliklə, bir müddətdən sonra gözləntiləriniz həqiqətə çevrilir. Gəlin məsələni daha dərindən araşdıraq.

Siz özünüzü necə görürsünüzsə, ətrafınıza da elə olduğunuza dair ismarışlar ötürürsünüz. Ətrafınızdakılar da sizinlə sizdən aldığı bu ismarışa uyğun rəftar edir. Daha sonra siz də ətrafınızdakı insanların sizə qarşı bu münasibətini dəyərləndirərək həmin münasibətə layiq şəkildə davranırsınız.

Nəzəriyyə elmi araşdırmalarla sübut edir ki, müsbət yanaşma və düzgün istiqamətləndirmə ilə rastlaşsa, bütün insanlar nailiyyət əldə edə bilərlər. Kaliforniya Universitetinin psixoloqu Robert Rozental “Sinifdə Piqmalion” adlı kitabında ünsiyyətin gücü ilə bağlı maraqlı təcrübələrdən danışır. Həmin təcrübələrdən birinin detalları belədir:

Rozental əvvəlcə ibtidai sinif şagirdləri arasında İQ testi edir. Sonra isə bu uşaqlar arasından təsadüfi seçdiyi şagirdlərin adını onların müəllimlərinə verərək həmin şagirdlərin digər şagirdlərə nisbətən daha yüksək potensial və istedada sahib olduğunu bildirir. Həqiqətdə isə onların digər şagirdlərdən bir fərqi yox idi və təsadüfi seçilmişdilər. 1 ildən sonra aparılan zəka testlərində Rozentalın dediyi həmin “yüksək potensiala sahib” şagirdlər həqiqətən də yüksək akademik performans göstərdilər və hətta İQ göstəriciləri 4 bal artdı. Digər şagirdlərdə isə nəzərəçarpan bir dəyişiklik baş vermədi.

Rozental bunun səbəbini belə izah edirdi: Müəllimlər “yüksək potensiallı şagirdlər”lə daha çox maraqlanmış, onlara öz təəssüratlarını sözlər, mimika və bədən dili ilə hiss etdirmişdilər. Beləcə, müəllimlərin şagirdlərə qarşı bu müsbət gözləntisi onların  şüuruna təsir etmiş, motivasiyasını, qavrama qabiliyyətini yüksəltmiş, nailiyyət isə qaçılmaz olmuşdur. Onun fikrincə, şagirdlərin bu inkişafı müəllimlərin onlara münasibətindəki şüurlu və şüursuz 4 faktordan asılı idi:

1. Mühit

Müəllimlər inkişaf potensialı olan şagirdlər üçün daha yaxşı, daha səmimi bir öyrənmə mühiti yaradırlar.

2. Öyrənmənin həcmi

Müəllimlər inkişafa meyilli şagirdlər üçün daha çox bilik və öyrənmə vasitələri təqdim etməyə çalışırlar.

3. Cavab vermək fürsəti

Həmin şagirdlərə daha çox cavab vermək, özünü ifadə etmək və daha uzun danışmaq fürsəti verildiyi üçün digər şagirdlərə nəzərən daha çox inkişaf edirlər.

4. Əks-əlaqə

Rozental müəllimin şagirdlə daha sıx əks-əlaqəyə girməsinin, müsbət rəylər verməsinin şagirdlərin inkişafında mühüm rolu olduğunu qeyd edir. Məsələn, gələcəyinə inandığı şagird hansısa sualı səhv cavablandırdıqda müəllim “Səhvdir” deyib keçmək əvəzinə, həmin sualın niyə səhv olduğunu aydınlaşdıraraq onu daha çox məlumatlandırır. Ancaq çox şey gözləmədiyi şagirdinin eyni səhvinə “Səhvdir, əyləş” kimi qısa cavablar verməklə onun səhvlərindən nəticə çıxarmaq ehtimalını azaldır.

Təcrübədən də göründüyü kimi, Piqmalion effekti insanların bacarıqları barədə  müsbət gözləntilərin yüksək  performans yaratdığı fikrinə əsaslanır. Piqmalion effektinin  əksi isə Qolem effekti adlanır. Müəllimlərin şagirdləri ilə bağlı mənfi fikirləri onlara mənfi təsir göstərərək fərdlərin özünəinam hissini məhv edir.

Piqmalion effekti ilə bağlı araşdırmalar sübut edir ki, o təkcə müəllim-şagird münasibətlərində deyil, idarəetmədə, valideyn – uşaq münasibətlərində də olduqca təsirlidir.            

Mənbə: https://ceotudent.com/inanirsaniz-yapabilirsiniz-pygmalion-etkisi

http://www.kamudanhaber.net/kendini-gerceklestiren-kehanet-makale,3244.html

Hazırladı: TİPİİ-nin əməkdaşı Günel Qasımova