Müəllimlər disqrafiya barədə hansı faktları bilməlidir?
06.02.2019
Disqrafiya qarmaqarışıq yazıdan daha geniş mənalı bir termindir.
Müəllim ikinci sinif şagirdi Deviddə belə bir vəziyyət müşahidə edib. Devid ağıllı şagirddir və dərslərdə fəal iştirak edir. Ancaq yazı tapşırıqları verildikdə müəllim onun yazılarını çox çətinliklə başa düşür. Sözlərin hərəsi bir tərəfə qaçır, hərflər müxtəlif ölçülərdə olur və cümlələr sətrin ortasında oxunmaz dərəcədə kiçilir. O, sözləri düzgün tələffüz etsə də, imla yazıları çox pis olur. Bunların hamısı onun qiymətlərinə və özünəinam hissinə təsir göstərir. Müəllim məktəb psixoloqu ilə fikrini bölüşür və anlayır ki, Devidin bu vəziyyətinin bir adı var: disqrafiya.
Disqrafiya nədir?
-
Bitişmiş sözlər və cümlələr;
-
nizamsızlıq;
-
əyilmiş sətirlər;
-
yazı vasitələrini tutmaqda çətinlik;
-
əksər hallarda nəyisə pozarkən kağızda çoxlu deşiklər;
-
əziyyətli yazı prosesi;
-
qısaldılmış cümlələr.
Disqrafiya həm psixi fəaliyyət, həm də yazı tapşırıqlarına təsir edən bir öyrənmə pozuntusudur. Psixoloqlar bunu “fikrin yazıda ifadə zəifliyi” adlandırırlar. Bu hal düşünmə və motorikaya təsir göstərir, şagirdin düşüncələrini sözlərlə ifadə edib kağıza köçürməsində çətinlik yaradır. Əksər məktəb tapşırıqları bu və ya digər formada yazı işinin vacibliyinə əsaslandığından, disqrafiya öyrənmə prosesində problemlər yaranır. Dünya əhalisinin 4 – 20%-də disqrafiya probleminin olduğu ehtimal edilir.
Fərz edək ki, sizə “Amerika Vətəndaş Müharibəsinin əsas səbəblərini izah edin” adlı mətn əsasında qısa esse yazmaq tapşırılıb. Əksər adamlar mövzu barədə nə öyrəndiklərini xatırlamağa başlayır və mövzu ilə əlaqəli məlumatları fikirlərində canlandırırlar. Sonra onlar bu məlumatları əlaqələndirir və nə demək istədiklərini düşünürlər. Nəhayət, qələm götürüb yazmağa başlayırlar.
Disqrafiya problemi olan şagird isə burada çoxlu problemlərlə qarşılaşır. İlk olaraq, hətta ən yaxşı bildiyi mövzuya dair fikirlərini cəmləməkdə çətinliklər yaranır. Növbə yazmağa gəldikdə isə xırda motorika zəif inkişaf etdiyinə görə düşüncələrini kağıza köçürmə prosesi çətinləşir. Axırda onlar verilən suala cavab olaraq, demək olar ki, oxunmayan, çox zəif yazılmış bir yazı təqdim edirlər – bu da, böyük ehtimalla, onların həqiqi bilik və bacarıqlarını əks etdirmir.
Disqrafiyanın əlamətlərini necə müəyyənləşdirmək olar?
Yazmağı öyrənmək, demək olar ki, hər kəsdən çoxlu məşq tələb edir. Elə isə, şagirdinizin daha çox təmrinlərə ehtiyacı olduğunu yaxud daha ciddi problem - disqrafiyadan əziyyət çəkdiyini necə anlaya bilərsiniz? Hər bir yaş dövründə nəzərə çarpan işarə və simptomlar burada qeyd olunub.
Məktəbəqədər dövr
Yazmağı öyrənməzdən əvvəl disqrafiya uşaqlarda müəyyən əlamətlərlə özünü büruzə verir. Xırda motorika ilə bağlı problemlər onlarda karandaşı tutmaq, yaxud nöqtələr qoymaq, bunları birləşdirmək kimi çətinliklərin yaranmasına gətirib çıxarır. Boyama kitabları kimi məşğuliyyətlərə nadir hallarda üstünlük verirlər, çünki rəngli karandaşları tutmaq bacarıqları zəifdir.
İbtidai məktəb
Bu dövr disqrafiyanın ən açıq-aşkar nəzərə çarpdığı dövrdür. Karandaşı yaxşı tuta bilməyən və sizin dəfələrlə düzəliş etməyinizə baxmayaraq bunu təkrar-təkrar edən şagirdlər görəcəksiniz. Əl yazısı sadəcə qarışıq deyil, həm də anlaşılmaz olur – elə pis olur ki, şagirdlər özləri öz yazılarını oxuya bilmirlər. Şagirdlər düzgün ara məsafəsini və hərf ölçüsünü tənzimləməkdə çətinlik çəkirlər və tez-tez böyük hərflərlə kiçik hərfləri bir-birinin əvəzinə istifadə edirlər. Məşq etsə də orfoqrafiya problem olaraq qalır.
Orta məktəb
Ümumilikdə, disqrafiyadan əziyyət çəkən uşaqlar yazı tapşırıqlarından yayınmağa, onları yubatmağa çalışırlar. Düşüncələrini şifahi şəkildə çox yaxşı ifadə etməklərinə baxmayaraq, yazarkən onlar saatlarla bir səhifəyə gözlərini zilləyib baxırlar. Yazdıqları zaman fikir, hətta sözlər yarımçıq olur. Sinifdə qeydlər yaza bilmirlər, bunu etdiklərində belə, sonradan istifadəyə yararsız olur. Riyaziyyat dərslərində də belə problemlər meydana gəlir, çünki uzun tənliklərin yazılışı, simvol və rəqəmlərin bir cərgədə yazılması da əziyyətlidir.
Digər disqrafiya problemləri
Disqrafiya xırda motorika bacarıqları ilə əlaqəli olduğuna görə bu cür uşaqlar ayaqqabının bağını bağlamaq, qayçıdan istifadə etmək kimi işləri görməkdə çətinlik çəkirlər. Fikri cəmləşdirə bilməmək o deməkdir ki, onların sistemləşdirmə problemləri var, yaxud danışarkən rabitəni itirirlər. Sosial-emosional sferada, həqiqətdən uzaq olsa da, bu uşaqlar elə düşünə bilər ki, onlar “tənbəl”, yaxud “küt”dürlər.
Disqrafiyadan əziyyət çəkən şagirdlərə dəstək
Sizə elə gəlir ki, sinfinizdə disqrafiyası olan uşaq var? Əvvəlcə istənilən öyrənmə pozulmasında olduğu kimi, onları təyin etməyə çalışın, belə halda Fərdiləşdirilmiş Təhsil Planı kimi plandan istifadə faydalıdır. Yazı elə bir bacarıqdır ki, erkən müdaxilə şagirdin müvəffəqiyyət qazanması üçün ən yaxşı yoldur. Mütəxəssis şagirdiniz üçün doğru tövsiyələri müəyyənləşdirməyə kömək edə bilər, aşağıda istifadə üçün bəzi ümumi strategiyalar qeyd olunub.
-
Qəlibləri qırın. Disqrafiyalı uşaqlar üçün yazmağı öyrənmək çox ağırdır. Yazı yazmağın vacib olduğu ibtidai siniflərdə dərs deyirsinizsə, bir sıra yaradıcı metodlar tətbiq etməlisiniz. Müxtəlif yazı ləvazimatları və kağız növlərini (xüsusilə, qrafik kağız (kiçik damalara bölünmüş) daha faydalı ola bilər) sınaqdan keçirin və evdə əlavə təmrinlər etməyə onları təşviq edin. Tədqiqatlar göstərir ki, ciddi səy və çalışmaqla əl yazısı xeyli yaxşılaşa bilər, halbuki həmin uşaqlar üçün bu proses heç vaxt asan olmayıb.
-
Yazı tapşırıqlarının sayını nizamlayın. Disqrafiyadan əziyyət çəkən uşaqların məlumatı dərk etdiyini, lakin onu yazıya çevirməkdə problemləri olduğunu nəzərə alaraq, onların biliyini qiymətləndirmək üçün yazı tapşırıqlarının ən yaxşı vasitə olub-olmadığı barədə düşünün. Mümkün olduqca, onlara tapşırıqları şifahi yerinə yetirməyə imkan yaradın. Materialın surətini uşaqlara əvvəlcədən verin, yaxud mühazirə zamanı səsyazma cihazından istifadələrinə icazə verin.
-
Əlavə vaxt verin. Əksər öyrənmə pozuntularında olduğu kimi, burada da bəzən uşaqların sadəcə əlavə vaxta ehtiyacları olur. Onların tapşırığa daha tez başlamalarına, gec qurtarmalarına və hətta özlərinə uyğun rahat bir şəraitdə yekunlaşdırmaq üçün evdə başa çatdırmalarına icazə verin.
-
Qrammatika və orfoqrafiyada diqqətli olun. Şagirddən tələb etdiyiniz biliyi qiymətləndirdiyinizdən əmin olun. Əgər verilmiş tapşırıqda qrammatika və orfoqrafiya xüsusilə vacib deyilsə, şagirdin yazısını bu səhvlərə görə qiymətləndirməyin.
-
Yaxşı inşa yazmağın yollarını öyrədin. Bu, sinifdə hər kəsin faydalana biləcəyi bir mövzudur. Bütün şagirdlərə plan qurmaq və inşa yazmağın (uzun və ya qısalığından asılı olmayaraq) düzgün yollarını öyrədin. Bu bacarıqlar disqrafiyadan əziyyət çəkənlər üçün xüsusilə çətindir, odur ki, onların bu mərhələləri tam başa düşdüyünü dəqiqləşdirin.
Bəs kompüterdə yazmaq?
Tapşırıqları əl yazısı əvəzinə kompüterdə yazmaq səliqəsiz yazanlara kömək edə bilər, amma klaviatura ilə işləmək də inkişaf etmiş xırda motorika tələb edir. Əvvəldə dediyimiz kimi, disqrafiya yalnız qarışıq əlyazısı deyil. Beləliklə, klaviaturada yazmaq bəzi uşaqlara rahatlıq yarada bilər, ancaq bu, məsələnin ideal həll yolu deyil. Xəstəxanada məlumat vərəqini doldurmaq, yaxud yapışqanlı kağızda bir xatırlatma yazmaq üçün hər kəs təməl yazı bacarıqlarına malik olmalıdır.
Mənbə: https://www.weareteachers.com/dysgraphia/
Müəllif: Cil Steyk
Tərcümə: TİPİİ-nin əməkdaşı Turan Sadıqlı