Formativ qiymətləndirmə üsulları
05.03.2019
Qiymətləndirməyə yeni yanaşmanın əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir və şagirdlərin təlim fəaliyyətini izləmək, qarşıya çıxan problemləri aşkar etməklə aradan qaldırmaq məqsədinə xidmət edir.
Pedaqoji termin olaraq formativ qiymətləndirmə şagirdlərin öyrənmə fəaliyyətinin izlənməsi kimi şərh olunur və onların təlim nəticələrinə, summativ qiymətləndirmədəki nailiyyətlərinə əhəmiyyətli təsiri qeyd edilir. Belə ki, fənni tədris edən müəllim dərs ili ərzində müntəzəm olaraq şagirdlərin öyrənmə fəaliyyətini meyarlar üzrə izləyir, şagirdin təlim ehtiyaclarını öyrənir, təlim fəaliyyətinə təsir göstərən səbəbləri müəyyənləşdirir, maneələri aradan qaldırmaq, həmçinin fəaliyyəti stimullaşdırmaq üçün tədbirlər görür.
Formativ qiymətləndirmə qeyri-formal xarakter daşıyır və onun meyarları fəaliyyətyönümlü olur. Həmçinin formativ qiymətləndirmə üsulları da təlim nəticəsinin deyil, təlim fəaliyyətinin izlənilməsi üçün nəzərdə tutulur. Məsələn, qeydgötürmə ona görə formativ qiymətləndirmə üsulu hesab edilir ki, onun vasitəsilə şagirdin oxu bacarığı deyil, oxu bacarıqlarına yiyələnmək yolunda nümayiş etdirdiyi fəaliyyəti qiymətləndirilir.
Formativ qiymətləndirmə, həmçinin şagirdin fəaliyyətində maraqlı tərəfləri təlim zamanı və təlim haqqında məlumatlandırmağa xidmət edir. Həmin məlumatlar müşahidə, özünüqiymətləndirmə, cütlərin və ya qrupların bir-birini qiymətləndirməsi, portfolio və digər bu kimi vasitələrlə toplanılır.
Formativ qiymətləndirmə növbəti addımların müəyyənləşdirilməsində müəllimlərin bələdçisidir. Əgər müəllim bütün müşahidələri vaxtında, düzgün aparmasına baxmayaraq, ondan öz işini qurmaq üçün istifadə etməzsə və zəif şagirdi elə zəif olduğuna görə diqqətdən kənarda saxlayarsa, formativ qiymətləndirmənin aparılmasından söhbət gedə bilməz.
Formativ qiymətləndirmə məlumatları aşağıdakı suallara cavab verməyə kömək edir:
• Şagird nələri öyrənmişdir?
• Daha nələri öyrənməlidir?
• İnkişaf üçün hansı addımları atmalıdır?
Formativ qiymətləndirmə müxtəlif vasitələrlə aparılır. Hansı vasitənin istifadə edilməsindən asılı olmayaraq, toplanan məlumatdan istifadə edərək növbəti fəaliyyətləri şagirdlərin ehtiyacına uyğunlaşdırmaq vacibdir. Əks halda bu, formativ qiymətləndirmə deyil.
Aşağıda müşahidə üsulu üçün istifadə olunan bir neçə vasitənin nümunəsi verilib.
Qeyri-sistematik qeydlər. Bunlar dərs zamanı şagirdlərin çalışdığı müddətdə və ya dərs bitdikdən sonra yazılan qısa qeydlərdir. Müəllim hər hansı aspekti diqqətdə saxlayır (məsələn, həndəsi fiqurları düzgün qruplaşdırır) və şagirdin təlim nəticəsi istiqamətində irəliləyişi barədə qeydlər edir. Müəllim bu qeydləri elə şəkildə yazır ki, sonradan təlimin şagirdlərin ehtiyaclarına uyğunlaşdırılması üçün həmin qeydlərdən istifadə edə bilsin.
Mühüm qeydlər. Müəllim hər şagird üçün qovluq yaradır. Bu qovluq ibtidai sinif müəllimləri üçün daha faydalıdır, çünki növbəti siniflərdə də həmin şagird barədə müşahidələri qeyd etməyə imkan verir.
Müzakirə. Müəllim şagirdlərə açıq sonluqlu sual verməklə müzakirə aparır. Müzakirələrin gedişində yaranan sualların köməyi ilə şagirdlər məsələni daha yaxşı qavrayır, səhv məlumatı kənarlaşdıraraq düzgün nəticəyə gəlirlər.
Çıxış/Giriş vərəqəsi. Çıxış vərəqələri şagirdin dərsin məzmununu nə dərəcədə başa düşməsini qiymətləndirmək üçün dərsin sonunda müəllimin verdiyi suallara yazılı cavablardır. Bunları cavablandırmaq 5 dəqiqədən çox vaxt aparmamalıdır. Müəllim bu yolla hansı şagirdlərin mövzunu başa düşdüyünü, hansı şagirdlərə əlavə yardım tələb olunduğunu, hansı şagirdlərin isə öyrədilmiş məsələ üzərində daha çox işləməli olduğunu çevik şəkildə müəyyən edə bilər. Çıxış vərəqələrindəki cavabları təhlil etməklə müəllim şagirdlərin ehtiyaclarını növbəti dərsdə qarşılamaq üçün strategiyasını müəyyənləşdirir.
Giriş vərəqələri tam olaraq çıxış vərəqələri kimidir, lakin onlar dərsdən öncə və ya dərsin əvvəlində doldurulur. Şagirdlərə əvvəlki günün ev tapşırığını necə başa düşdüyünü izah etmək və ya əvvəlki günün dərsləri barədə rəy bildirmək tapşırılır.
Şagirdin qeyd dəftəri. Qeyd dəftərində şagirdlər öyrəndikləri barədə rəy yazırlar. Şagirdlər yeni bir şeyi öyrənən zaman keçdikləri prosesi və aydınlaşdırmalı olduqları sualları qeydə alırlar. Öyrənmə fəaliyyətində atılan addımları sistemləşdirmək şagirdlərə daha dərindən düşünməyə və yazı bacarığını inkişaf etdirməyə kömək verir.
Şifahi sual-cavab. Şifahi sual-cavab vərəqi hər bir fənnin xüsusiyyətlərinə uyğun tərtib edilir.
Yazı. Müəllim hər hansı mövzuda yazı yazmağı, məsələ və ya misal həllini tapşırır, şagirdlərin müvafiq bacarığını rubriklər üzrə izləyir.
Oxu. Müəllim qiymətləndirmə məqsədinə uyğun olaraq müxtəlif mətnlərin oxusunu təşkil edir və oxu zamanı izlədiyi bacarıqların şagirdlər tərəfindən necə nümayiş etdirilməsinə diqqət yetirir. Şagird oxuyanda müdaxilə etmədən dinləyir, səhvlərini qeyd edir. Söz və ifadələrin düzgün tələffüz edilməməsinin səbəbini aydınlaşdırır, müşahidələrini qeydiyyat vərəqində yazır və şagirdin partfoliosuna daxil edir. Müəllim sonrakı fəaliyyətini hər bir şagirdin partfoliosunda etdiyi qeydləri əsas götürməklə qurur. Qeydiyyat vərəqindəki qeydləri valideynə bildirmək üçün şagirdin məktəbli kitabçasına yazmaq olar.
Layihə (Tədqiqat). Şagirdlərə fərdi və ya qrup halında tədqiqat xarakterli sual verilir və onlar bu sual ətrafında apardıqları araşdırmanı layihə şəklində təqdim edirlər. Həmin suallar əsasında hazırlanan layihə şagirdin tələb olunan bacarıqlarının inkişafını izləməyə imkan verir.
Sorğu və ya müsahibə. Sorğu və ya müsahibə şagirdə müstəqil ev tapşırığı kimi verilir. Bu zaman müsahibənin kiminlə aparılacağını və hansı suallara cavab axtarılacağını sinifdə müəllim şagirdlərlə birgə müəyyən edir. Şagird həmin suallar ətrafında topladığı məlumatı təhlil edərək sinif qarşısında təqdimat edir. Müəyyən bir sual ətrafında valideyni, digər fənn müəllimi və ya yuxarı sinif şagirdi ilə aparılacaq müsahibənin bütün detalları müəllim və şagirdlər tərəfindən şagirdin yaş səviyyəsinə və standartların tələblərinə uyğun olaraq diqqətlə araşdırılır, vaxt təyin edilir və məlumatların sistemləşdirilməsi üçün istiqamətlər müəyyənləşdirilir. Burada əsas şərt veriləcək sualın düzgün tərtib edilməsi və dəqiq ünvanlanmasıdır.
Özünüqiymətləndirmə. Özünüqiymətləndirmə vərəqində göstərilən meyarlar üzrə şagird özü haqqında qeydləri edir və bunu «+», «-» ilə işarə edir.
Müəllim özünüqiymətləndirmə vərəqlərini də şagird partfoliosuna daxil edir və şagirdin valideyni həmin vərəqlə tanış ola bilər.
Rollu oyunlar. Rollu oyunlar jest və mimikalardan istifadə, ifadəli danışıq, nitqində bədii ifadələrdən istifadə və digər bu kimi bacarıqların izlənməsi üçün əhəmiyyətlidir. Rollu oyunlar üçün şagirdlərə hər hansı bir situasiya təqdim olunur. Şagird həmin problemə dair düşüncələrini əks etdirən həll yolunu təqdim edir.
Rollu oyunlar vasitəsilə şagirdlərin təlim fəaliyyətini izləmə meyarları bir neçə standartın məzmununu əhatə edə bilər.
Yumruq və beş barmaq. Bu formativ qiymətləndirmə vasitəsi müəllimə öz sinfindəki şagirdlərin biliyini sürətli şəkildə qiymətləndirmək imkanı verir. Bir dərsi və ya dərsin bir hissəsini təqdim etdikdən sonra müəllim şagirdlərdən əlləri ilə dərsi nə dərəcədə başa düşdüklərini göstərmələrini xahiş edir. Yumruq «Dərsdən heç nə başa düşmədim» mənasını ifadə etdiyi halda, beş barmağın beşinin də göstərilməsi «Dərsi tamamilə başa düşürəm» mənasını ifadə edir. Şagirdlər 1, 2, 3 və ya 4 barmaqlarını da göstərə bilərlər. Müəllim şagirdlərin cavablarının əsasında növbəti dərsi və ya dərsin növbəti hissəsini tənzimləyə bilər. Şagirdləri düzgün cavab verməyə həvəsləndirmək üçün müəllim 5 göstərən bir şagirdi lövhəyə çıxararaq yeni anlayışı sinfə izah etməsini tapşırır və ya başa düşən şagirdləri başa düşməyənlərlə cütlükdə birləşdirir ki, onlar yeni anlayışı bir neçə dəqiqə ərzində bir-birinə öyrətsinlər.
Baş barmaq yuxarı-yana-aşağı. Bunun digər bir variantı əlin baş barmağı ilə ifadə olunur. Yuxarı qaldırılmış baş barmaq «Yaxşı başa düşmüşəm», yana əyilmiş baş barmaq «Hələ də bəzi suallarım var» mənasını ifadə edir. Aşağı əyilmiş baş barmaq «Başa düşməmişəm» mənasını ifadə edir. Şagirdlərin cavabları əsasında müəllim növbəti dərsi və ya dərsin növbəti hissəsini ehtiyac olduğu şəkildə tənzimləyə bilər. Şagirdləri daha çox düzgün cavab verməyə həvəsləndirmək üçün müəllim baş barmağını yuxarı qaldırmış şagirdlərdən birini sinfin önünə çağıraraq yeni anlayışı sinfə izah etməyi tapşırır və ya başa düşən şagirdləri başa düşməyən şagirdlərlə cütlükdə birləşdirərək onlara bir neçə dəqiqəlik dərs keçmələrinə şərait yarada bilər.
Rəngli stəkanlar. Müəllim hər şagirdə 3 rəngdə kağız verir: qırmızı, sarı və yaşıl. Şagirdlər müstəqil çalışır və konsepsiyanı başa düşüb-düşmədiklərini bildirmək üçün müvafiq rəngli kağızı göstərirlər. Yaşıl rəng «Çalışmanı edirəm və heç bir problemim yoxdur» mənasını ifadə edir. Sarı rəng «Çalışmanın müəyyən hissəsini edə bilmədiyim üçün hələ də müəyyən suallarım var» mənasını ifadə edir. Qırmızı rəng «Mən çaşqınlıq içindəyəm və necə davam edəcəyimi bilmirəm» mənasını ifadə edir. Müəllim qırmızı rəngi göstərən şagirdlərlə fərdi şəkildə işləyə bilər və ya onları kiçik bir qrup şəklində yığaraq təlimatlandıra bilər. Eyni proses sarı rəngi göstərənlər üçün də istifadə oluna bilər və ya yaşıl rəng göstərənlər həmkarlarına yol göstərmələri üçün sarı rəng göstərənlərlə cütlükdə birləşdirə bilər.
Kinestetik qiymətləndirmə. Bu formativ qiymətləndirmə vasitəsi şagirdlərin düşüncələrini aktivləşdirmək və onların bildiklərini və səhv təsəvvürlərini üzə çıxarmaq üçün istifadə olunur. Şagirdlər sinifdə dövrə qururlar. Məsələn, müəllim ictimai fənlərin tədrisində belə bir fikir söyləyə bilər, «Fərdlərin hüquqları vacibdir, yoxsa ümumi mənafe?».
Fərdlərin hüquqlarının daha vacib olduğunu hesab edən şagirdlər dövrənin mərkəzinə hərəkət edir. Kənarda qalan və ümumi mənafenin daha vacib olduğunu hesab edən şagirdlər isə başqa bir dövrə qurur və hər iki qrup bu mövzu ilə əlaqədar öz mövqelərini müəyyənləşdirirlər. Müəllim hər iki qrupda aparılan müzakirələri müdaxilə etmədən dinləyir. Qrup yekdil fikrə gəlib öz mülahizələrini formalaşdırdıqdan sonra qruplar üz-üzə dayanaraq iki sıraya düzülür və növbə ilə öz fikilərini ifadə edirlər.
Yuxarıda sadalanan qiymətləndirmə vasitələrindən məqsədəuyğun şəkildə istifadə etməklə tədris prosesini və şagirdlərin təlim fəaliyyətini daha səmərəli, daha maraqlı qurmaq mümkündür. Əsas olan daha çox vasitədən istifadə etmək deyil, hər hansı vasitəni məqsədyönlü şəkildə tətbiq etməkdir.
Qiymətləndirmə məqsədlərini düzgün müəyyənləşdirsək, üsul və vasitələrin köməyi ilə nəyi ölçəcəyimizi və ya izləyəcəyimizi rahatlıqla təyin edə bilərik. Qiymətləndirmə məqsədlərini fənnin məzmun standartları əsasında müəyyən edirik. Odur ki, ölçəcəyimiz və ya izləyəcəklərimiz də standartlarda tələb olunan bilik və bacarıqlardır. Hər hansı bacarığın daha səmərəli qiymətləndirmə vasitəsi ilə ölçülməsi isə müəllimin peşəkarlığından asılıdır.
Formativ qiymətləndirmənin ən səmərəli üsullarından biri səhvlər üzərində iş aparmaqdır. Sinif və ev tapşırıqlarını yoxlayarkən buraxılan səhvlərin aydın şəkildə sadalanması və həmin səhvləri təkrarlamamaq üçün hansı addımların atılması ilə bağlı tövsiyələrin tapşırıq dəftərində yazılması şagirdin öz fəaliyyətinə tənqidi yanaşması üçün mühüm əhəmiyyətə malikdir. Bu nümunələr şagirdlə yazılı əks-əlaqənin ən səmərəli üsullarındandır, şagirdin biliyini möhkəmləndirmək üçün əhəmiyyətlidir. Bu yolla şagird, nəinki səhvlərini görür, eyni zamanda həmin səhvləri düzəltmək üçün tövsiyələr alır.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, formativ qiymətləndirmə həqiqətən öyrənməni təşkil və təhlil edən, istiqamətləndirən prosesdir. Deməli, yalnız təhlil etmək, əlaqələndirmək, ümumiləşdirmək bacarığına malik olan müəllim səmərəli öyrənməni təşkil edə bilər. Buna görə də müəllimin formativ qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsinə onun peşəkarlığının artırılması yollarından biri kimi baxmaq və bu sahədə müəllimlərin səriştəliliyinin artırılması imkanları haqqında düşünmək lazımdır.
Mənbə:
3. Assessment and classroom learning. By Black Paul, Wiliam Dylan. Assessment in Education. Principles, Policy&Practice, 1998, Vol. 5.
4. https://www.wssu.edu/about/assessment-and-research/niloa/_files/documents/assessmentmethods.pdf
Hazırladı: TİPİİ-nin əməkdaşı Nəzakət Mehdiyeva