Autizm və beyin
01.04.2019
Autizmin əlamətləri: oyuncaqlara qeyri-adi yanaşma, digər insanlarla ünsiyyət qurmaq bacarığının olmaması, yersiz gülüş və ya ağlama, hiperaktivlik və ya passivlik, səslərə qarşı yüksək və ya az həssaslıq, obyektlərə bağlılıq, nitqin zəif və ya heç olmaması, təhlükəyə qarşı qeyri-adekvat reaksiya, dəyişikliklərə qarşı həssaslıq və s.
Son vaxtlar belə bir tendensiya var ki, hər hansı psixi pozuntusu olan adamı autist hesab edirlər. Ssenaristlər sosial adaptasiyası zəif olan, lakin mürəkkəb tapmacaları tapan, adi insanları məntiqsiz görünməyə məcbur edən qeyri-adi obrazları hekayələrə daxil etməyi sevirlər. Bu stereotip reallığa nə qədər uyğundur? Bəziləri autizmi film qəhrəmanının kibrid qutusunda olan kibridlərin miqdarını bir baxışla hesablamaq bacarığına bərabərləşdirir. Başqaları isə fikirləşir ki, sosial bacarıqların yoxluğu və ya butulka qapaqlarının böyük kolleksiyası autizmdən xəbər verir. Düzünü desək, autizm təxminən ortadadır: autizm çox geniş anlayışdır (onun “autizmin spektr pozuntuları” adlandırılması təsadüfi deyil) və bu sahədə iki eyni diaqnoz olmur. Gəlin baxaq, əslində autizm nədir və bu məsələdə beyin hansı rolu oynayır.
Autizmin spektr pozuntuları (ASP). Autizmin spektr pozuntuları beynin inkişaf pozuntuları qrupuna daxildir. Bu cür pozuntulara tez-tez rast gəlinir: 1% insanda bu pozuntu var (qadınlara nisbətən kişilərdə 4-7 dəfə daha çox müşahidə edilir). Ünsiyyət və sosillaşma problemləri, qəribə və təkrarlanan davranışlar, bağlılıq (xüsusən də əşyalara) kimi xüsusiyyətlər müşahidə edilir. Bu problemlərin səviyyəsinə görə spektr pozuntusunun növünü müəyyən edə bilərik. Autizmi olan bir insan saatlarla sakitcə eyni fəaliyyətlə məşğul ola bilər, digəri isə fasiləsiz öz maraqları haqqında danışar, dayanmaq lazım gəldiyinə vurulan eyhamları anlamadan.
Autizmin spektr pozuntusu bütün hallarda yüksək intellektin olması demək deyil. Autizm zamanı koqnitiv funksiyaların səviyyəsi əqli geriliklə yüksək intellekt arasında dəyişə bilər. Autizmi aşağı İQ səviyyəsi ilə assosiasiya etmək artıq dəb deyil (alimlər etiraf etməyə başlayıblar ki, bu onunla bağlı ola bilər ki, standart İQ testləri autizmi olan uşaqların koqnitiv funksiyalarını adekvat əks etdirmir). Son tədqiqatlar göstərir ki, autizmin spektr pozuntuları olan uşaqların yarısı orta və ya ortadan yüksək intellektə malikdirlər. Bundan başqa müəyyən tədqiqatlarda autizmin yaranma riskini gücləndirən genləri yüksək intellektlə də əlaqələndirirlər.
Autizmin spektr pozuntularının yaranma səbəbi məlum deyil. Hesab edilir ki, genetika burada əsas rol oynayır (autizmə qohumlarda rast gəlinir, bir yumurta əkizlərinin hər ikisində olma ehtimalı müxtəlif yumurta ekizlərindən daha çoxdur və s.). Nə baş verdiyi aydın deyil: “autizm geni” olan bir gen yoxdur, yalnız mürəkkəb əlaqələr kompleksi vardır. Lakin məlumdur ki, ASP zamanı bəzi genlər beynin anormal inkişafına cavabdehdir.
Autizm sindromu zamanı beyin. Autizm zamanı beyin tipik beyindən bir çox aspektlərə görə fərqlənir. Birincisi, ASP olan uşaqların beyni daha böyükdür. Səbəblərdən biri budur ki, beyindəki ağ maddənin miqdarı sağlam insanlarla müqayisədə daha çoxdur. Adətən, uşaqlar 6-14 aylığında sinapsların (sinir hüceyrələri arasında əlaqə) sürətli artım fazasından keçir, ondan sonra “təmizləmə” prosesi başlanır ki, bu zaman lazımsız əlaqələr itir. Hesab edilir ki, ASP olan uşaqlarda bu “təmizləmə” düzgün getmir və onlarda informasiyanın düzgün paylanmasına maneə olan sinaptik əlaqələr həddən çox olur. Müxtəlif yaşlı və fərqli şərtlərdə ölən autizmi olan uşaqlarla tədqiqat keçirilmişdir. Tədqiqatın nəticəsində məlum oldu ki, uşaqlıq dövrünün sonunda beyində sinapsın miqdarı 16% azalır (əslində isə normada 2 dəfə azalmalıdır).
ASP-nin əsas əlamətlərindən biri sosial əlaqələrdə pozuntudur. Autizmi olan şəxslər sosial siqnallara maraq göstərməyən və ya onları başa düşməyən insanlar kimi görünə bilərlər. Başqa insanların üz ifadələrini, hiss və mövqelərini başa düşməmək ən çox rast gəlinən problemlər arasındadır. Beyində bu vəziyyəti izah edəcək bir neçə amil var. Sosial bacarıqların inkişaf modellərindən birinə görə, üzləri tanımaq üçün anadangəlmə bacarığımız var və emosional mərkəzlərdən biri olan amiqdala körpə uşaqlarda bu qabiliyyəti artırır və onlara qayğı göstərən insanların üzünə baxarkən xoşbəxtlik verir. Nəticədə, biz üzlərə fikir veririk, təcrübə qazanırıq və üz ifadələrini təhlil etmək bacarığımız artır. Modelə görə, bu təcrübə qeyri-verbal kommunikasiya və mürəkkəb sosial əlaqələrin dərk edilməsində baza rolu oynayır. Autizmi olan uşaqlarda amiqdala və üz ifadələrinin analizi qabiliyyəti düzgün inkişaf etmir və bu da sosial təcrübənin yaranmasını ləngidir.
Bu ideyanın sübutları var. Göz hərəkətlərinin izlənilməsi göstərir ki, ASP olan insanlarda müəyyən bir sxem var: onlar sağlam insanlardan fərqli olaraq insanlar olan videolara baxdıqda sifətə az diqqət yetirirlər; ya da sifəti öyrənəndə gözlərə yox, ağıza baxırlar. Digər araşdırma göstərir ki, autizm sindromu olan şəxslər digər insanlardan gözlərini qacırmağa meyillidirlər, göz kontaktı nə qədər uzun çəkərsə, o qədər amiqdala aktiv olur - bu isə naxoş hissiyyatlardan qacmaq cəhdləridir (amiqdala həm də xoş olmayan təcrübədən qorunmağa cavabdehdir).
Autizm sindromu olan şəxslərin empatiya (iki cür olur: koqnitiv, yəni “Mən başa düşürəm ki, insan nə hiss edir” və emosional, yəni “Mən eynisini hiss edirəm”) və “insan psixikası modeli” (İPM) problemləri ola bilər. İPM digər insanın öz fikirləri, düşüncələri və emosiyalarının olmasını başa düşmək deməkdir. İnsanların hiss və emosiyalarını başa düşmək bizə digərlərinin davranışını proqnozlaşdırmaq imkanı verir. “Autizm sindromu olan şəxslər digər insanların öz fikirlərı, inancları olmasını başa düşmürlər və s.” demək çox primitiv olardı. Spektr pozuntusunun növündən asılı olaraq, onlardan çoxu bunu başa düşür. Sadəcə bu fikirlər onlar üçün çox vaxt sirr olaraq qalır. Uşaqda İPM çatışmazlığını müəyyən etmək ücün şəkildə təsvir olunmuş “Salli və Enn” tipik testdir.
Autizm sindromu olan uşaqlar onu düzgün həll edə bilmir.
Adətən autizm sindromu olan uşağa başa düşmək çətindir ki, əvvəlcə Salli topu qoyduğu səbətdə axtaracaq.
Empatiya ilə bağlı problemlər o qədər də asan deyil. Bir çox təcrübələrə görə, İPM ilə bağlı problemləri olan şəxslərdə koqnitiv empatiya ilə də problemlər olur (onlara özünü digər insanın yerinə qoymaq və onun nə hiss etdiyini başa düşmək çətindir). Lakin emosional empatiya ilə problem daha azdır (əgər digər insanın nə hiss etdiyini başa düşsələr, onlar eyni hissləri keçirib, eyni reaksiyanı verə biləcəklər). Psixi pozuntuları olanlar tamamilə əksini nümayış etdirirlər: onlar digər insanların nə hiss etdiklərini gözəl anlayırlar, amma heç bir halda empatiya göstərə bilmirlər.
Mənbə: https://habr.com/ru/post/402453/
Hazırladı: TİPİİ-nin əməkdaşları Aynur Rəhimova və Gülbəniz Nəcəfova