FAYDALI MATERİALLAR

Ailə və uşaqların tərbiyəsi (A.Makarenkonun mühazirəsindən çıxarışlar)

30.04.2019

...İnsanlar bu məsələ üzərində əsirlərlə işləyirlər. Sizin hər biriniz müəyyən dərəcədə öz həyatınızı bu məsələyə həsr etmişsiniz. Mən də həyatımı bu məsələyə həsr etmişəm. Mən valideynlər üçün kitab yazmalıyam, onu 4 cilddə yazmaq fikrindəyəm. Bir cildini yazmışam, ikincisini isə hey yazır, yazıram. Bilirsinizmi, pedaqoji problemləri işləmək çox çətin vəzifədir. Amma burada mənə deyirlər – bir saat ərzində bütün prinsipləri izah edin, sadalayın: “Siz, yoldaş Makarenko, mühazirə oxuyacaqsınız, valideynlər isə evə gedib düzgün tərbiyə verməyə başlayacaqlar”.

Gördüyünüz kimi, hətta bu məsələlər haqqında mühazirələrin təşkilində belə hər cürə anlaşılmazlıq çoxdur, çünki ailədə uşaqların tərbiyəsinə aid olan mövzuları təkcə sadalasan belə, bir saatdan artıq vaxt lazım olar.

...“Valideynlər üçün kitab”dan sonra mənim yanıma müvəffəqiyyətsizliyə uğramış valideynlər gəlməyə başladılar. Uşaqları yaxşı olan valideynin mənim yanimda nə işi var? Mənim yanıma valideynlər gəlir və deyirlər:

- Biz ikimiz də işləyirik. Mən mühəndisəm, o pedaqoqdur. Bizim yaxşi oğlumuz vardı, indi isə onun öhdəsindən gələ bilmirik. Anasını söyür, evdən çıxıb gedir, şeylər yox olur. Nə edək? Biz ona yaxşı tərbiyə veririk, diqqət və qayğı göstəririk, otağı da ayrıdır, həmişə istədiyi qədər oyuncaqları olmuşdur, geyindirmişik, vaxtında ayaqqabı almışıq, heç bir əyləncədən məhrum etməmişik. İndi də (onun on beş yaşı var) kinoya, teatra istəyirsən, buyur get, velosiped istəyirsən, al, bu da sənin velosipedin. Bizim özümüzə baxın; normal adamlarıq, heç bir irsi xəstəliyimiz yoxdur. Nə üçün oğlumuz belə pisdir?

Mən anadan soruşuram:

- Siz uşağın yatağını yığışdırırsınızmı? Həmişəmi özünüz yığışdırırsınız?

- Həmişə.

- Yatağını yığışdırmasını ona təklif etmək heç ağlınıza gəlibmi?

Ataya sual verirəm:

- Bəs siz necə, oğlunuzun çəkmələrini silirsinizmi?

- Silirəm.

Mən deyirəm:

- Xudahafiz. Gedin, bulvarda, sakit bir skamyada oturun, oğlunuza nələr etdiyinizi bir-bir yadınıza salın, onun belə vəziyyətə düşdüyünə kimin müqəssir olduğunu özünüzdən soruşun, o zaman siz cavab tapacaq və oğlunuzu islah etmək yollarını görəcəksınız.

Doğrudan da oğulun çəkmələrini silirlər, hər səhər anası onun yatağını yığışdırır. Belə ailədə necə oğul yetişə bilər?

Nə üçün sağlam düşünən, yaxşı işləməyi, oxumağı bacaran, hətta ali təhsil almış, deməli, normal zehinli və qabiliyyətli olan adamlar, bütöv bir müəssisəyə, böyük idarəyə, hər hansı bir fabrikaya, yaxud başqa bir idarəyə rəhbərlik etməyi bacaran adamlar, ən müxtəlif insanlarla həm yoldaşlıq, həm dostluq, həm də istədiyiniz normal münasibətləri saxlaya bilən adamlar öz doğma oğulları ilə üz-üzə gəldikdə sadə məsələlərdən baş çıxara bilməyən adamlara çevrilirlər? Çünki bu halda onlar öz həyatları boyu topladıqları həmin sağlam kamalı, həmin həyat təcrübəsini, həmin zehni, həmin müdrikliyi itirirlər. Öz uşaqları qarşısında onlar ən boş məsələlərdən baş çıxarmağa qabil olmayan “qeyri-normal” adamlar kimi əllərini sallayıb dayanırlar. Nə üçün? Sən demə, yeganə səbəb öz uşağına məhəbbətdir. Sevgi, ümumiyyətlə, möcüzələr yaradan, yeni insanlar yaradan, ən böyük bəşəri sərvətlər yaradan olduqca böyük bir hissdir.

Bizim nəticəmizi dəqiq ifadə etsək, sadəcə və açıq deməliyik: sevgi kinə (dərman) kimi, qida kimi müəyyən ölçü tələb edir. Heç kəs on kiloqram çörək yeyib belə yaxşı yeyə bilməsi üçün öyünə bilməz. Sevgi də ölçü tələb edir.

Tərbiyə işində biz nəyə əl atsaq, həmişə bu məsələyə - ölçü məsələsinə, daha dürüst desək, orta mövqe məsələsinə gəlib çıxarıq. Bu söz bizim üçün xoşa gəlməyən tərzdə səslənir. Orta mövqe nədir, orta adam nədir? Həmişə belə “gözəl” yaşayıb düşünən bir çox pedaqoqlar bunu mənim səhvim kimi qələmə verirdilər: siz orta mövqeyi məsləhət görürsünüzsə, demək, orta adam tərbiyə edəcəksiniz, o, nə pis, nə xoşrəftar, nə istedadlı, nə küt, nə o yanlıq, nə bu yanlıq olacaqdır.

Belə etirazlar məni çaşdırmırdı. Mən özümü yoxlamağa başlayırdım, səhv etmirəm ki, belə orta adamlar tərbiyə etmirəm ki, hərgah mən öz pedaqoji üsulumda orta mövqe olmalıdır deyirəmsə, mənim əlimin altından orta adamlar, maraqsız, ürək darıxdıran, bir təhər salamat yaşamağı bacaran, lakin heç bir böyuk şey yaratmağa qabil olmayan, həqiqi yüksək insan həyəcanları keçirməyə qabil olmayan adamlar çıxmazlar ki? Mən bunu işdə yoxladım və otuz iki illik müəllimlik və pedaqoji fəaliyyətim ərzində, Dzerjinski adına əmək kommunasında işlədiyim son 8 il ərzində bu nəticəyə gəldim ki, həmin üsul düzgündür və ailə tərbiyəsində tətbiq edilə bilər.

“Orta” sözü başqa sözlə əvəz edilə bilər, lakin bir prinsip kimi uşaqları tərbiyə edən zaman bunu nəzərdə tutmaq lazımdır. Biz böyük qəhrəmanlıqlara, böyük işlərə və böyük hisslərə qabil olan, bir tərəfdən dövrümüzün qəhrəmanı olmağa qadir olan adam yaratmalıyıq, o biri tərəfdən biz heç də “əməzək”, yəni hər şeyini paylaya bilən, heç bir şeysiz qalan və - görün mən nə qədər mərhəmətli insanam - deyən adam tərbiyə etməməliyik. Hətta bizim heç kəsin mübahisəyə qoya bilməyəcəyi idealımızda belə müəyyən bir orta mövqe, müəyyən bir ölçü prinsipi vardır. Sonralar mən “orta” sözünün məni nəyə görə qorxutmadığını başa düşdüm. Əlbəttə, “Orta” ağ və qara rənglərin qatışığıdır” desək, doğrudan da, bu rənglərin qatışığından boz rəng alınar. Belə orta şey dəhşətli görünür. Lakin siz quru sözlərin arxasınca qaçmayıb, sadəcə insan haqqında düşünsəniz, hansı adamı öz uşaqlarınıza nümunə kimi ən yaxşı, ən ideal adam hesab etdiyinizi dərhal görərsiniz və hərgah heç bir tərəfə əyməsək, heç bir artıq sözçülük “fəlsəfəsinə” uymasaq, həmişə “öz uşaqlarımız necə olmalıdırlar?” sualına cavab verə bilərik.

...Gördüyüm budur: ən yaxşı uşaqlar xoşbəxt valideynlərdə olur. Mən xoşbəxt valideynlər deyəndə mənzilində qaz, vanna və hər cür rahatlıq olan valideynləri nəzərdə tutmuram. Heç də yox. Mən 5 otağı, qazdan yanacağı, isti və soyuq suyu olan və iki ev qulluqçusu saxlayan bir çox adamlar görmüşəm ki, uşaqları yaxşı tərbiyə edilməmişdir. Ya arvad evi tərk edib getmiş, ya kişi ailədən getmiş, ya idarədə işlər pis olmuş, ya ayrıca bağ almaq xəyalına düşmüşlər. Bununla bərabər, mən bir çox şeyləri çatmadığına baxmayaraq xoşbəxt olan xeyli adamlar görürəm. Mən bunu öz həyatımda da görürəm, mən çox xoşbəxt adamam və mənim səadətim heç bir maddi nemətdən asılı olmamışdır. Ən gözəl vaxtlarınızı yadınıza salın - elə bil ki, çox şeylər çatmır, hələ çox şeylər yoxdur, lakin mənəvi ruh yüksəkliyiniz sizi qanadlandırır və irəli aparır.

Uşaqlarınızın yaxşı olmalarını istəyirsinizsə, xoşbəxt yaşayın. Özünüzü parça-tikə edin, bütün istedadlarınızdan, qabiliyyətlərinizdən istifadə edin, lakin əsl bəşəri səadətlə xoşbəxt olun. Bəzən belə olur: insan xoşbəxt olmaq istəyir və yalnız gələcəkdə səadət qurmaq  üçün yararlı olacaq daşlardan yapışır. Mən özüm də bir zaman belə səhv etmişəm. Mənə belə gəlirdi ki, budur, mən bu şeydən yapışsam, bu hələ səadət deyil, lakin sonralar bu şeyin üzərində səadət qurmaq mümkün olacaqdır. Qətiyyən belə deyil.

Təsəvvür etmək çətin deyil ki, öz ictimai fəaliyyəti, mədəniyyəti, öz həyatı ilə xoşbəxt olan, bu səadəti tənzim etməyi bacaran xoşbəxt valideynlərin uşaqları həmişə yaxşı olacaqlar və belə valideynlər öz uşaqlarını həmişə düzgün tərbiyə edəcəklər.

Ən çətin məsələ olan (mən görürəm ki, insanlar bunu ən çətin məsələ hesab edirlər) intizam məsələsini götürək. Ciddiyyət və nəvaziş - ən çətin məsələdir.

Lakin əksər hallarda insanlar nəvaziş və ciddiyyəti normallaşdıra bilmirlər, halbuki tərbiyə işində bu tamamilə zəruridir. Çox vaxt insanlar bu işdən baş çıxardıqları haqda fikirləşirlər: bu, doğrudur, ciddiyyətin norması olmalıdır, nəvazişin norması olmalıdır, lakin bu norma uşaq altı-yeddi yaşına çatanda lazımdır, altı yaşınadək normasız keçinmək olar. Həqiqətdə isə tərbiyənin bünövrəsi beş yaşınadək qoyulur və siz beş yaşınadək nə etmişsinizsə, bu artıq tərbiyə prosesinin 90 faizidir, bundan sonra da insanın tərbiyə edilməsi davam edir, insan üzərində işləmək davam edir, lakin bundan sonra ümumiyyətlə siz artıq meyvələri dadırsınız, onların çiçəklərini isə beş yaşınadək artıq bəsləmişsiniz. Ona görə uşaq beş yaşına çatanadək ciddiyyət və nəvazişin ölçüsü həddi məsələsi ən mürəkkəb məsələdir. Çox vaxt uşağın şıltaqlıq etməsinə çox yol verirlər və o bütün günü çığırır. Bir başqası çox hərəkət edir, hər şeydən yapışır. Öz sualları ilə adamı cana gətirir, bir dəqiqə dinc oturmur. Üçüncü tam itaətlə kukla kimi gəzir, ancaq bizdə belələrinə az rast gəlmək olur.

Bütün bu hal ciddiyyət və nəvaziş normasının pozulması ilə izah  edilir. Əlbəttə, beş yaşında da, altı yaşında da, yeddi yaşında da bu norma, bu qızıl orta mövqe, ciddiyyət və nəvazişi tənzim etməkdə müəyyən bir ahəngdarlıq həmişə olmalıdır.

Bu barədə mənə etiraz edirdilər: siz ciddiliyin ölçüsündən danışırsınız, lakin uşağı heç bir ciddilik olmadan da tərbiyə etmək olar. Siz hər şeyi düşüncə ilə və nəzakətlə etsəniz, bütün həyatınız da belə gəlib keçər və heç bir zaman uşaqla ciddi rəftar etməli olmazsınız.

Mən ciddiyyət deyəndə hirslənməyi, yaxud çılğıncasına çığır-bağır salmağı nəzərdə tutmuram. Qətiyyən yox. Ciddiyyət yalnız o zaman yaxşıdır ki, onda heç bir çılğınlıq əlaməti olmasın.

Mən öz təcrübəmdə də çox nəzakətli ahəngi saxlamaqla bərabər ciddi olmağı öyrənmişəm. Mən böyük hörmət, nəzakət və sakitliklə elə sözlər deyə bilirdim ki, adamlar - mənim kolonistlərim sap-sarı saralırdılar. Ciddiyyət mütləq çığırtı, yaxud zingilti  tələb etmir. Bu, artıqdır. Halbuki sizin təmkinliyiniz, sizin inamınız, sizin möhkəm qərarınız siz bu qərarı nəzakətlə ifadə etdikdə daha çox təsir bağışlayır. “Rədd ol” - bu təsirli ifadədir, lakin “Xahiş edirəm, buradan gedəsiniz” sözləri də təsir edir və hətta daha artıq təsir göstərir.

Birinci qayda müəyyən norma qaydasıdır; xüsusilə uşağın həyatına nə dərəcədə müdaxilə etməyinizin müəyyən norması olmalıdır. Bu, ailədə çox vaxt düzgün həll edilməyən son dərəcə mühüm məsələdir. Uşağa nə dərəcədə müstəqillik, sərbəstlik vermək lazımdır, onu nə qədər “əlindən tutub gəzdirmək” lazımdır, ona nəyi və nə dərəcədə icazə vermək olar, nəyi qadağan etməli və nəyi onun öz ixtiyarına qoymalı?

Oğlan küçəyə çıxmışdır. Siz çığırırsınız: ora qaçma, o tərəfə getmə. Bu nə dərəcədə düzgündür? Uşağa hədsiz sərbəstlik vermək təhlükəlidir. Lakin hərgah uşaq hər şeyi soruşmalı, həmişə sizin yanınıza gəlməli, həmişə sizdən icazə almalı və sizin dediyiniz kimi etməlidirsə, o zaman uşaqda təşəbbüs göstərmək, müstəqil çıxış yolu tapmaq və şəxsən risk etmək üçün heç bir imkan qalmayacaqdır. Bu da pisdir.

Mən “risk” sözünü işlətdim. Yeddi-səkkiz yaşında uşaq öz davranışında artıq bəzən risk etməlidir, siz bu riski görməlisiniz və müəyyən dövrdə risk etməyə yol verməlisiniz ki, uşaq cəsarətli olsun, hər şeyi sizin məsuliyyətiniz altında etməyi öyrənməsin: anam dedi, atam icazə verdi, onlar hər şeyi bilirlər, ixtiyar onlarındır, onlar necə deyirlərsə, mən elə edərəm. Siz hər şeyə belə hədsiz dərəcədə müdaxilə etsəniz, oğlunuz böyüyüb həqiqi insan olmayacaqdır. Bəzən ondan iradəsiz, heç bir qərara  gəlməyə qadir olmayan, heç bir riskə və yaradıcılıq cəsarətinə qabil olmayan adam çıxar. Bəzən isə bunun əksini müşahidə edirik, o tabe olur, müəyyən həddə kimi sizin təzyiqinizə tabe olur, lakin daxildə qaynayan və özünə çıxış yolu axtaran coşğun qüvvələr birdən partlayır və iş ailə qalmaqalı ilə qurtarır: “Gül kimi oğlan idi, sonra bilmirik başına nə gəldi, niyə bu günə qaldı”. Həqiqətdə isə onun başına təzə şey gəlməmişdir, o tabe olub qulaq asdıqca həmin şeylər onun başına gəlirdi, lakin o, böyüdükcə və təhsil gördükcə təbiətin ona verdiyi qüvvə artaraq öz təsirini göstərmiş və nəticədə o, əvvəlcə gizli, sonra isə açıq müqavimət göstərməyə başlamışdır.

Tez-tez təsadüf edilən başqa cür əyinti də olur. Bəzi valideynlər zənn edirlər ki, uşaq öz təşəbbüskarlığını tamam ifadə etməli, istədiyi kimi hərəkət etməlidir. Belə valideynlər uşaqların necə yaşadıqlarına, nə etdiklərinə qətiyyən fikir vermirlər və uşaqlar nəzarətsiz həyata, nəzarətsiz təfəkkürə və heç bir kontrolsuz qərar çıxarmağa öyrəşirlər. Bir çoxları belə düşünürlər ki, bu cür hallarda uşaqda böyük iradə inkişaf edir. Xeyr, belə hallarda heç bir iradə inkişaf etmir; çünki həqiqi böyük iradə heç də bir şeyi arzu etmək və ona nail olmaq deyildir. Böyük iradə yalnız bir şeyi arzulayıb ona nail olmağı bacarmaqdan ibarət deyil, həm də lazım gəldikdə özünü bir şeydən çəkindirməyə məcbur etməyi bacarmaqdan ibarətdir. İradə yalnız sadəcə arzu və onun ödənilməsi demək deyildir, iradə həm arzu etmək, həm də onun icrasını dayandıra bilmək, həm arzulamaq, həm də bu arzudan imtina edə bilməkdir. Hərgah sizin uşağınız yalnız öz arzusunu həyata keçirməkdə təmrin olunur, lakin tormozlaşdırmaqda təmrin olunmursa, onda böyük iradə olmayacaqdır. Tormozsuz maşın ola bilməz, tormozsuz heç bir iradə ola bilməz.

Mənim kommunarlarım belə bir sualla çox yaxşı tanış idilər: “Sən nə üçün özünü tormozlaşdırmadın? Axı sən burada dayanmaq lazım olduğunu bilirdin” – deyə mən onlardan təkidlə soruşurdum. Eyni zamanda tələb edirdim: “Nə üçün sən arxayın oldun, nə üçün sən özün müəyyən qərara gəlmədin, mənim deməyimi gözləyirdin?”. O, burada da müqəssirdir.

Uşaqda özlərini dayandırmaq, saxlamaq bacarığı tərbiyələndirmək lazımdır. Əlbəttə, bu elə də sadə iş deyildir.

Bununla yanaşı olaraq, tərbiyə edilməsi o qədər də çətin olmayan son dərəcə mühüm bir qabiliyyət aşılamaq lazımdır: bu, vəziyyətdən cəld baş çıxarmaq – bələdləşmək qabiliyyətidir. Bu, addım başı ən cüzi işlərdə, ən kiçik məsələlərdə özünü göstərir. Lap kiçik yaşlarında uşağınızın diqqətini vəziyyətdən necə cəld baş çıxarmaq məsələsinə cəlb edin. O, bir şey danışır. Bu zaman yad bir adam gəlir, yaxud o qədər də yad olmayan bir adam, sizin cəmiyyətinizin, sizin ailənizin əlavə bir ünsürü – qonaq, xala, yaxud nənə gəlir. Uşaqlar indi nədən danışmaq mümkün olduğunu və nədən danışmaq lazım olmadığını bilməlidirlər (Məsələn, yaşlı adamların yanında qocalıqdan danışmaq lazım deyil, çünki bu, onların xoşuna gəlmir. Əvvəlcə adama qulaq asmaq, sonra danışmaq lazımdır və i.a.). Uşaqlarda hansı şəraitdə olduqlarını hiss etmək və bunu dərhal hiss etmək bacarığı tərbiyə etməyin son dərəcə böyük əhəmiyyəti vardır və bu heç də çətin bir şey deyildir. Onların diqqətini iki-üç belə hadisəyə cəlb etmək və uşaqlarla söhbət aparmaq kifayətdir. Bu yaxşı təsir bağışlayar. Bələdlik qabiliyyəti həm ətrafdakı adamlar üçün, həm də bu qabiliyyətə malik olan adamlar üçün çox faydalıdır.

Kommunada bu mənim üçün ailədə olduğundan daha çətin iş idi. Kommunada uşaq çox idi və şərait daha mürəkkəb idi. Həmişə adamlar gəlib gedirdilər; özümüzünkülər də gəlirdilər, özgələri də, mühəndislər də, fəhlələr də, inşaatçılar da; kommunaya daima qonaqlar, ekskursantlar və başqaları gəlirdilər. Buna baxmayaraq, mən bu sahədə xeyli yaxşı nəticə əldə edirdim, ailədə isə belə nəticələrə daha tez nail olmaq mümkündür. Ətrafında dəyişən şəraiti hiss etmək bacarığı özünü hər yerdə göstərir. Oğlan küçədə bu taydan o taya keçkən kimin və nəyin haradan getdiyini görməlidir; işdə də o, ən təhlükəli və ən salamat yerlərin harada olduğunu görməlidir. Belə bələdlik qabiliyyəti insanın harada cəsarət və iradə göstərmək lazım olduğunu, harada tormozu işə salmaq lazım gəldiyini cəld təyin etməsinə yardım göstərir.

Belə bir misal gətirək. Uşaqlarınız sizi sevirlər və bu məhəbbəti ifadə etmək istəyirlər. Məhəbbəti ifadə etməyin özündə də fəaliyyət və tormoz haqqında eyni qanun böyük rol oynayır. İki qız bir-biri ilə görüşür: biri bir məktəbin 8-ci sinfində, o biri isə başqa məktəbin həmin sinfində oxuyur. Onlar ömürlərində ikicə dəfə yaylaqda görüşüblər, amma bir-birinə rast gələndə elə öpüşürlər, bir-birinə məhəbbətlərini elə ehtirasla ifadə edirlər ki, siz elə bilirsiniz onlar bir-birini doğrudan da sevirlər (bu, çox vaxt qızlar arasında olur). Halbuki çox vaxt bu hiss aldadıcıdır, hissiyat oyunudur, bəzən isə hisslərin belə qeyri-səmimi ifadəsi vərdiş halına keçir.

Sizə tanış olan ailələr vardır, bu ailələrdə uşaqlar vardır, siz uşaqların öz məhəbbətlərini valideynlərə ifadə etdiklərini bilirsiniz. Bəzi ailələrdə bu daimi nəvaziş, öpüşlər və incə sözlər, hissləri daima nümayiş etdirmək şəklində təzahür edir, bütün bunlar o dərəcədə arasıkəsilməz olur ki, adamda şübhə əmələ gəlir: bu zahiri təzahür formalarının arxasında doğrudan da müəyyən bir məhəbbət vardırmı, yoxsa bu, adətə çevrilmiş bir oyundur?