FAYDALI MATERİALLAR

MƏNTİQİ TƏFƏKKÜRÜ İNKİŞAF ETDİRMƏYİN QISA YOLU

10.08.2019

MİNN – şagirdlərin refleksiya və mühakimə qabiliyyətini formalaşdırmaq üçün səmərəli və optimallığına görə əvəzedilməz olan bu üsul Cənubi Afrika Respublikasından hüquq üzrə professor Devid Makkoyd-Meyson tərəfindən yaradılmışdır. İngiliscə belə yazılır: PRES –  Position – Reason – Explanation or Example – Summary.  Rus dilinə isə POPS – (Позиция – Обоснование – Примеры – Следстивие) kimi tərcümə olunur. Bu texnoloji üsulun əhəmiyyəti ondadır ki, hər hansı mövzuyla bağlı qısa zaman çərçivəsində  şagirdlərə öz mövqelərini dörd-beş cümlə ilə əhatəli şəkildə bildirmək imkanı verir.    

Müəllim öyrənilən materialın şagirdlər tərəfindən necə mənimsənildiyini dərsin sonunda yoxlamalıdır. Suallar, sərbəst işlər, testlər ya çox vaxt tələb edir, ya da şagirdin materialı hansı səviyyədə şüurlu mənimsədiyini müəyyənləşdirməyə imkan vermir. Bu zaman şagirdlərə MİNN formulunun dörd məqamını əks etdirən dörd cümlə yazmaq təklif edilir:

– mövqe

İ – izah

N  – nümunə

N – nəticə

Əgər bu üsulda biz strukturu təklif etməsək, bunu texnoloji üsul adlandırmaq olmaz. Bunun üçün də MİNN-in strukturunun şagirdlərə təqdim edilməsi vacibdir.

MİNN-in strukturu

Birinci cümlə (məsələyə öz münasibətini bildirir): "Mən düşünürəm ki, ..."

İkinci cümlə  (mövqeyinin səbəbini izah edir): “Çünki...”

Üçüncü cümlə (mövqeyinin doğruluğunu sübut etmək üçün faktlara, sitatlara, şəxsi təcrübəsinə və s. istinad edir): “Mən bunu ..................................................... nümunələrlə isbat edə bilərəm”.

Dördüncü cümlə (fikirlərini ümumiləşdirir, qənaətini bir cümlə ilə ifadə edir): “Bundan çıxış edərək belə qənaətə gəlirəm ki, ....................”

Beləliklə, biz az müddət ərzində şagirdin resursla təmin edilməsinin, təqdim edilmiş mövzunun qavranılmasının, faktların, təzahürlərin, hadisələrin dəyərləndirilməsi  səviyyələrini öyrənmək üçün unikal imkan qazanmış oluruq.

MİNN üsulu debat və müzakirələrin aparılmasında da istifadə edilir.

MİNN şifahi mühakimə üsulu kimi tətbiq olunmaqla yanaşı, yazı işinin təşkilində də unikal texnologiyadır.

MİNN formulu – mühakimə xarakterli essenin sxemidir. Tədris prosesində bu üsulun tətbiqi vasitəsilə esse yazı işinin alqoritmi daha səmərəli və tez mənimsənilmiş olacaq. MİNM yuxarı sinif şagirdlərinin esse yazı işinə hazırlaşması prosesində ən səmərəli üsullardan biridir.

Essenin strukturu MİNN üsulunun aspektləri ilə üst-üstə düşür.

MİNN üsulunun praktikada istifadəsindən nümunə

J.Joresin deyimi haqqında esse

                                                                        İnqilab – inkişafın barbar üsuludur.

J.Jores

Mən J.Joreslə razılaşıram. Zorakılığa və öz xalqı üçün faciəli aqibətə əsaslanmış ictimai inkişaf sivil ola bilməz. Çünki ilk növbədə tarixin təbii davamı pozulur. İkincisi, inqilablar dəhşətli ölümlərə səbəb olur, xalqları vətəndaş müharibəsinə sövq edir, taleləri qırır və çox zaman da bir neçə günə yekunlaşmır.

Nümunə olaraq, Böyük Fransız inqilabının nəticəsində 5 illik hakimiyyəti və Rusiyada Oktyabr inqilabının nəticəsində 72  illik rejim altında insanların həyatını düşünmək kifayətdir. Həmçinin inqilab dövrünün “kəşf”ləri və metodları da – saysız-hesabsız insanların həyatını əlindən almış gilyotinlər, repressiyalar da unudula bilməz. İstənilən inqilabın nəticəsində nə zamansa cəmiyyət yenidən öz inkişafında geriyə  –  zorən qoparıldığı dövrə dönür.

Buna görə də Jores qeydsiz və şərtsiz haqlıdır. İnsanlıq öz inkişafı üçün evolyusiya yolunu seçməlidir. Zorakı yolla sosial inkişaf isə demokratiya və sülh uğrunda yaşayan cəmiyyətə deyil, barbarlara məxsusdur.

Materialın rus dilində orijinalını aşağıdakı linkə keçid edərək oxuya bilərsiniz:

https://multiurok.ru/files/pops-formula-chto-soboi-priedstavliaiet-i-kak-ispo.html

Hazırladı: TİPİİ-nin əməkdaşı Könül Nəhmətova