FAYDALI MATERİALLAR

XXI əsr incəsənət əsridir

18.11.2019

XXI əsrin tələb etdiyi iş bacarıqları ilə tanışlığa və “art smart” valideynlərə niyə ehtiyac var?

XXI əsrdə iş yerinə sahib olmaq üçün lazım olan bacarıqlar haqqında təhsil sferasında mütəmadi olaraq müzakirələr aparılır.

 XXI əsrin əsas bacarıqları

 Öyrənmə və innovativ bacarıqlar

  • Yaradıcılıq və innovasiya

  • Tənqidi düşünmə və problemlərin həlli

  • Kommunikasiya və əməkdaşlıq

 İnformasiya, media, texnoloji bacarıqlar

  • İnformasiya savadlılığı

  • Media savadlılığı

  • Texnoloji bacarıqlar

Həyati və karyera bacarıqları

  • Çeviklik və asan adaptasiya

  • Təşəbbüskarlıq və özünü idarəetmə

  • Sosial və tolerantlıq bacarıqları

  • Məhsuldarlıq və cavabdehlik

  • Liderlik və məsuliyyət

Daniel Pink “Tam yeni düşüncə” (A Whole New Mind) adlı kitabında XXI əsrdə yaradıcı, sağlam düşüncəli insanlara böyük tələbat olacağını proqnozlaşdırır. Elə isə uşaqlara XXI əsr üçün hansı bacarıqlar vermək lazımdır? Niyə bu bacarıqlar “art smart” valideynlər üçün vacibdir və bu yolla uşaqlarımıza necə kömək edə bilərik?

XXI əsrin Bacarıqları üçün Tərəfdaşlıq (P21) hər bir uşağı XXI əsrə hazırlamaq üçün biznes, təhsil və hökumət rəhbərlərinin təşviqedici fəaliyyət göstərdiyi milli təşkilatdır. Onların məqsədi: “ABŞ-da hər bir uşağın özünü faydalı vətəndaş, işçi və lider kimi doğrultması üçün onlara XXI əsr bilik və bacarıqlarını verməkdir”. Təşkilat üzvləri iş tələblərinin kəskin şəkildə dəyişdiyini başa düşür, buna görə də şagirdlərin qlobal iqtisadiyyatda uğur qazanması üçün onlarda yenilik və yaradıcılıq bacarıqlarını inkişaf etdirməyə səy göstərirlər. Dünyada bir çox məktəblər artıq bu yoldadır.

XXI  əsrin Bacarıqları üçün Tərəfdaşlıq Təşkilatı ilkin olaraq iş yerində, həmçinin həyatda uğur qazanmaq üçün lazım olan bilik və bacarıqları müəyyənləşdirdi. Şagirdlərin öyrənmə prosesi əsas akademik fənlərin tədrisi vasitəsilə aparılır ki, buraya incəsənət də daxil olmaqla riyaziyyat, kimya, fizika, coğrafiya kimi fənlər aiddir. Hazırda isə bu əsas biliklərə öyrənmə və innovasiya, informasiya, media və texnologiya, həyat və karyera da əlavə olunur. Məqsəd isə bu bilik və bacarıqlara yiyələnməklə, şagirdlərdə qlobal şüur, maliyyə, fəal vətəndaşlıq, sağlamlıq və ətraf mühit savadlılığı kimi beş vacib sahəni inkişaf etdirməkdir.

Bunlar nə məna kəsb edir və necə istifadə oluna bilər?

İncəsənət əsasdır. XXI əsrə hazırlıqda hər bir uşağın incəsənətlə məşğul olmasının nəzərdə tutulması sevindirici xəbərdir. Məqsəd isə uşağı peşəkar rəssam etmək deyil, sadəcə təsviri incəsənət haqqında əsas bilik və bacarıqlar verməkdir. Təhsil incəsənəti əhatə etməlidir.

Valideynlər nə edə bilərlər?

Məktəb rəhbərliyinə Təsviri incəsənət fənninin dərs müddətində digər fənlərlə əvəzlənməməsi üçün müraciət edə bilərsiniz. Əgər varsa, könüllü olaraq öz rəsm bacarıqlarınızı övladınızın sinfində nümayiş etdirə bilərsiniz.

İncəsənət yaradıcılıqdır. Yaradıcılıq lazımi bacarıqlar siyahısında ilk sıralardadır. İncəsənət təxəyyül və özünüifadə üçün ideal sahədir.

Valideynlər nə edə bilər?

Xüsusən ailəniz üçün yeni olacaq incəsənət sahələri haqqında daha geniş məlumat əldə etmək üçün araşdırmalar apara bilərsiniz. Belə ki, bir çox ictimai qurumlar insanları incəsənətlə tanış etmək üçün ucuz və pulsuz tədbirlər keçirir.

İncəsənət ünsiyyətdir. Hər bir uşaq özünü fərqli, özünəməxsus yollarla ifadə edir. Bu baxımdan müxtəlif incəsənət növləri ideal ünsiyyət vasitəsidir və XXI əsrin əsas bacarıqlarından biridir. Təsviri incəsənət uşaqların emosiya və ideyalarını ifadəetmə alətidir.

Valideynlər nə edə bilər?

Siz evdə sevdiyiniz mahnını zümzümə edirsiniz? Tozsoran işlədəndə heç rəqs edirsinizmi? Bu “incəsənət bacarıqlarınızı” uşaqlarınızla da paylaşa bilərsiniz.

İncəsənət texnologiyadır. Bir çox uşaq və yeniyetmələr öz yaradıcılıqlarını multimedia vasitələrindən istifadədə tapırlar. Yaradıcılıq tələb edən texnologiya, hətta smartfonunuzun videokamerası, kompüterdə musiqi redaktə proqramı hər bir gənc rəssam üçün vacibdir. İyirmi birinci əsrin bacarıqları media savadlılığına olan ehtiyacı özündə ehtiva edir və bir çox yaradıcı şagirdlər bu işdə liderdir.

Valideynlər nə edə bilər?

Uşaqlarınızı ailəvi media  layihələrində iştiraka cəlb edə bilərsiniz. Məsələn, bayramlarda kiçik videoçarxlar hazırlaya bilərsiniz. Soyuducunuzun üzəri uşaqlarınızın əl işləri ilə dolubmu? Övladlarınızın əl işləri və hazırladıqları videoların nümayişi üçün onlayn qalereya yarada bilərsiniz.

XXI əsr incəsənət əsridir. XXI əsrdə incəsənət lazımi həyati bacarıqları formalaşdırmağa kömək edir.

  • Problemlərin həlli. Uşaqlarımız öz yaradıcı məqsədlərinə çatmaq üçün tez-tez yeni həll yolları tapmalı olurlar.

  • Adaptasiya. İncəsənət adaptasiyaya kömək edir. Uyğunlaşma məkandan başlayır. İncəsənət isə məkandan asılı olmayaraq uşaqda adaptasiya və çevikliyi artırır.

  • Əməkdaşlıq şəraitində işləmək XXI əsrə hazırlığın vacib bir hissəsidir. İncəsənət uşaqlarımıza bu bacarıqları inkişaf etdirmək üçün fürsət verir.

Valideynlər nə edə bilər?

Bütün bu bacarıqlar praktika tələb edir. Əməkdaşlığa, birgə fəaliyyətə, problemlərin həll modellərinə zaman ayıra bilərsiniz. Məsələn, uşağınız çəkdiyi şəkli bitirdikdən sonra onunla birgə gördüyü iş, bu yolda üzləşdiyi problemlər barədə refleksiya edə bilərsiniz. Bu onlara nə öyrəndiklərini və nə edə biləcəklərini müəyyənləşdirməyə kömək edəcək.

Materialın ingilis dilində orijinal variantını buradan oxuya bilərsiniz:

https://artsedge.kennedy-center.org/families/at-school/all-for-arts-education/raising-smart-art-students?fbclid=IwAR0zgEg4ONgiGzmQolUeO5aLIiZRK3dQtP4aKjPUjiCHkVNUWHPE5FHbato

Hazırladı: TİPİİ-nin əməkdaşı Gülbəniz Nəcəfova