FAYDALI MATERİALLAR

"Sezam küçəsi"nin kuklaları dünyanı necə dəyişdilər?

27.12.2019

50 il bundan əvvəl ABŞ-da maraqlı bir təşəbbüs yarandı: məktəbəqədər təhsili bütün uşaqlar üçün əlçatan etmək məqsədilə televiziyanın imkanlarından istifadə etmək. Və beləcə ötən illər ərzində əfsanəvi uğur qazanmış “Sezam küçəsi” şousu yarandı. Verilişin yaranmasına bir mübahisə səbəb olmuşdur: “Uşaqlar televizordan öyrənə bilərmi?” Əvvəllər daha çox öyrətməyə (məsələn, “n” hərfinə və ya “5” rəqəminə) həsr edilən veriliş, sonralar daha böyük ambisiyalara can atmağa başladı. Uşaqlara yalnız akademik biliklərin əsası deyil, həm də sosial-emosional bacarıqlar, davranış və ünsiyyət qaydaları, inklüziya mədəniyyəti və s. təklif edildi.

Şou böyük şəhər həyatından bəhs edən, cəsarətli, mübahisələrdən çəkinməyən, irqi müxtəlifliyi qəbul edən (bu isə ilk izləyiciləri ən çox narahat edən məsələ idi) və bununla fəxr edən bir şou idi.  “The New York Times” qəzetinə görə, proqramın həqiqi hədəf auditoriyası “şəhərdə yaşayan 4 yaşlı qara dərili uşaq” idi və “Sezam küçəsi” oxumaq və saymağı cəlbedici formada öyrətməklə yanaşı, yenilikçi ideyaları da yaymağa başlamışdı.  

Elə indi də, özünün 50 yaşında “Sezam küçəsi” heyranedici şəkildə inklüziv olaraq qalır. HİV/AİDS, mənzil hüququndan məhrumetmə, irqçilik, neyromüxtəliflik və əlilliyi olan uşaqlar mövzusu böyüklər üçün verilişlərdə müzakirəyə çıxarılmazdan çox əvvəl “Sezam küçəsi” körpələrdən ibarət auditoriyasında bu məsələləri işıqlandırırdı. “Anası” narkomaniyaya qurşanmış sarı qıvrım saçlı 6 yaşlı kuklanı şou səhnəyə gətirəndə çoxları təkidlə dedi ki, bu, uşaqlarla danışmaq üçün mövzu deyil. “Sezam küçəsi”nin istehsalçıları da bundan əmin deyildilər, amma  50 illik tarix onları haqlı çıxartdı.

60-cı illərin ortalarında Coan Qanz Kuni mövcud vəziyyəti dəyişməyə çalışan, yalnız üstünlüklərə malik olan (məsələn, məktəbəqədər təhsil almaq imkanı olan) uşaqların deyil, bütün uşaqların məktəbə hazırlaşmasına kömək etməyə səy göstərən çox gənc bir prodüser idi. Uşaqlara ilkin bilikləri televizor vasitəsilə verməyin mümkünlüyünə əmin olduqdan sonra o, 4 yaşlı uşaqlara münasib tədris proqramını tərtib etmək üçün rejissorları, yazıçıları, animatorları, musiqiçiləri təhsil işçiləri ilə birgə fəaliyyətə dəvət etdi. Verilişin hədəf auditoriyası 4 yaşlılar olsa da, ona böyüklər də həvəslə baxır. Öyrədici şou üçün bu çox əhəmiyyətlidir, çünki tədqiqat göstərir ki, otaqda böyük şəxsin olması öyrənməni gücləndirir. Müəlliflərin də istəyi bu idi ki,  böyüklər də verilişi izləsinlər. Həm də 60-cı illərin sonu, 70-ci illərin əvvəllərini yada salın. Fərqli bir dövr idi – o zaman bütün ailə televizorun ətrafına toplaşırdı. Və Sezam küçəsində yaşayanların – çox rəngarəng icmanın həyatını seyr edirdilər. Bu şouda böyükləri cəlb edən zəruri  həyat “dərs”lərinin uşaqlara siraətedici formada verilməsi idi. Bu küçənin sakinləri Qrover, Qurabiyə Canavarı, Elmo, Culiya, Mister Huper, Big Bird və başqaları tezliklə uşaqların da, böyüklərin də sevimlisinə çevrildilər.

Məsələn, Qrover. O, tərbiyə etmək və qayğı göstərmək üçün həm haqqı, həm də qabiliyyəti olan bir kukladır, lakin kömək etməyə cəhd etdikdə adətən hər şeyi korlayır. Qroverin qəribə xüsusiyyəti odur ki, o, səhv etməyi və səhvlərindən öyrənməyi bacarır. O, öyrənir və öyrənməkdə israrlıdır.

“Sezam küçəsi”nin yaradıcılarından biri deyir ki, “biz pozulmuş prosesə müdaxilə etmirik, əksinə, pozulmanın qarşısını almaq üçün doğru işlər görürük.” Məsələn, əvvəllər Qurabiyə Canavarı qurabiyə yeməkdən həzz alırdısa, o indi tərəvəz yeməkdən zövq alır. Uşaqlarda kiçik yaşlarından düzgün qidalanma, fəal həyat, sağlam yuxu barədə təsəvvür formalaşdırır. Uşaqlar 2 yaşından etibarən bu barədə öyrənirlər. Qurabiyə Canavarı da uşaqlara “Bəzən yemək yaxşıdır” (şirniyyat və digər cəlbedici qidaları) və “Həmişə yemək yaxşıdır” (meyvə, tərəvəz, dənli bitkilər və s.) haqda zəruri ismarış göndərir. Qeyd etmək vacibdir ki, “Sezam küçəsi”nin yaradıcıları hər epizoda, hər replikaya pedaqoji nöqteyi-nəzərdən yanaşırlar, hər yeni seriyanın izləyicilərə göstərdiyi təsiri araşdırırlar. Məsələn, tədqiqatçı Debora Linebargerin araşdırmaları göstərdi ki,  “Sezam küçəsi”nə baxan uşaqlar məmnunluğa nail olmanı dörd dəqiqəyədək uzada bilirlər, yəni gözləməyi bacarırlar. Kiçik yaşlı uşaqlar üçün bu, böyük nailiyyətdir.

“Sezam küçəsi”nin personajları uşaqlar üçündür və uşaqlar da onlara çox bağlıdır. Uşaqlar Elmo, Qurabiyə Canavarı və Qroverlə dostdurlar. İnsanlar (eləcə də uşaqlar) dost bildikləri şəxslərə qulaq asırlar, və deməli, məhz bu personajların uşaqlara təsir etmək şansı vardır. Parasosial əlaqələrin gücü ilə bağlı çox sayda araşdırmalar bunu təsdiq edir.

Verilişin yaradıcıları “Elmo uşaqları brokkolinin dadına baxmağa cəlb edə bilərmi?” sualını verib  sınaqdan keçiriblər.  Tədqiqatçılar şokolad qutusuna Elmonun, brokkoliyə isə naməlum qırmızı bir kuklanın şəklini yapışdırıblar. Uşaqların seçimində çox az dəyişiklik olub. Sonra isə tədqiqatçılar Elmonun şəklini brokkoliyə, naməlum qırmızı personajı isə şokolad qutusuna yapışdırıblar və brokkoli istəyən uşaqların sayında ciddi artım müşahidə olunub. Niyə? Çünki Elmo brokkolini sevir. Parasosial münasibətlərin gücü budur: “Mən Elmonu çox istəyirəm, Elmo mənim dostumdur. Əgər o, brokkolini xoşlayırsa, mən də brokkolinin dadına baxmağa hazıram.”

2015-ci ildə ilk dəfə autist sindromlu kukla Culiya “Sezan küçəsi”ndə göründü. Bu, inklüziya mədəniyyətini təmin etməyin yeni zirvəsi oldu. Autizmdən əziyyət çəkən balaca uşaqlar üçün özlərini görünməz hiss etmək əvəzinə, onlara oxşar xarakteri televiziyada görmək daha faydalı oldu. Şouda “Zibilyığan ovu”nu əks etdirən bir epizod var. Heyrətamiz vizual bacarığa sahib olan Culiyanın köməyi ilə komandası “ov”da qalib gəlir. O, digər komanda üzvlərinin görə bilmədiklərini görür və dostları Culiyanın xüsusi bacarığına görə qalib gəlir. Bu epizod fərqliliyi qəbul etmək bacarığı haqqında bir nümunədir.  

Verilişin yaradıcıları uşaqlara hörmət etməyin necə vacib olduğunu vurğulayır və uşaqlarla həssas mövzularda necə danışmağın lazım olduğunu nümayiş etdirir. Məsələn, 1982-ci ildə Mister Huperi səsləndirən aktyor dünyasını dəyişəndə, rejissor onu başqası ilə əvəz etmədi  və uşaqlara ölüm, itki haqqında danışmaq qərarına gəlindi. Valideynlər bu barədə necə danışmağı bilmirlər. Prodüser istəyirdi ki, bu hekayə eyni mövzuda uşaqlarla danışmaq üçün valideynlərə bir nümunə olsun.

50-ci mövsümündə də “Sezam küçəsi” uşaqlara emosiyalarını idarə etməyi, həvəsli olmağı, özünün və yoldaşlarının səhvlərindən öyrənməyi öyrətmək üçün səhnəciklər fikirləşir.

İnternetdə “Sezam küçəsi” şousunun xeyli epizodları vardır. Onlara baxmağı və şounun öyrədici effektini dəyərləndirməyi sizə də tövsiyə edirik.

Materialın ingilis dilində orijinalını aşağıdakı keçidə daxil olaraq oxuya bilərsiniz:

https://www.edutopia.org/article/how-sesame-streets-muppets-became-revolutionaries?utm_source

Hazırladı: TİPİİ-nin əməkdaşı Nəcibə Abbasova