FAYDALI MATERİALLAR

Tarix müəllimləri üçün 8 sadə göstəriş

28.06.2020

Tarix fənnini öyrətmək və şagirdlərə sevdirmək müəllimlərə çətin görünə bilər. Çünki gənc və fəal şagirdlərin çoxu maraqsız dərslərin onlarda yaratdığı yanlış təsəvvürlərə görə dərs kitablarından və tarixin qədim səhifələrindən uzaq qalmağa çalışır. Halbuki tarix insana ilham və zövq verən maraqlı fəndir. Tarix dərsi keçməyin standart proseduralarından olan müvafiq adları, tarixləri və döyüşləri əzbərlətmək də şagirdlərin fənnə olan marağını azaldır. Nəzərə almaq lazımdır ki, əzbərləndikdən sonra bu biliklər təsnif edilir və bir hissəsi yaddan çıxır.

Dərsi daha maraqlı və interaktiv etmək üçün Tarix müəllimlərinə kömək olacaq 8 sadə göstərişi sizə təqdim edirik:

1. Texnologiyadan mütəmadi olaraq istifadə edin.

Müasir dövrdə gənclər vaxtlarının çoxunu elektron cihazlarla keçirir. Xüsusilə yuxarı sinif şagirdlərinə dərs deyirsinizsə, şagirdlərin çoxunun noutbukda və ya mobil telefonda qeydlər aparmaq istədiyini müşahidə edəcəksiniz.

Başqa bir yanaşmaya görə, bu üsulu uzun müddət davam etdirmək düzgün deyil. Elmi tədqiqatlar göstərir ki, əl yazısı ilə qeydlər aparmaq yadda saxlamağa daha yaxşı kömək edir (yenə də, istəsəniz, texnoloji vasitələrlə qeydlər aparılmasına icazə verə bilərsiniz).

2. Maraq yaratmaq və ilhamlandırmaq üçün hekayələrdən istifadə edin.

Rəqəmləri, xronologiyanı dərsin mərkəzi etməyin. Bunun əvəzinə, real tarixi şəxsiyyətlərin hekayələrinə daha çox üstünlük verin.

Yaxşı tədris vəsaiti real hadisələrə istinad edən tarix kitabıdır. Bu kitablar tarixin real dövrləri haqqında yazılmışdır və çox vaxt real şəxslərdən bəhs edir. Baş qəhrəman, adətən, bu dövrdə asanlıqla yaşaya biləcək, uydurma bir obraz olur.

Tarixi fantastik romanlar hər sinif  və məzmun sahəsi üçün münasibdir. İxtisasınıza uyğun bir roman seçin və hər gün müəyyən bir müddət ərzində sinifiniz üçün ucadan oxuyun. Standart yanaşmadan fərqli olduğuna görə bir çox şagird bu tədris formasını yüksək qiymətləndirəcək.

Daha intellektual və ya yuxarı siniflər üçün G.A.Henty romanlarından istifadə edə bilərsiniz. Fakt və detallarla zəngin olduğuna görə bəzən bu romanlar çətin qavranılır. “Cəsur ürək”, “Ben-Hur” və “Qladiator” kimi filmlər maddi detalları və real həqiqəti əks etdirdiyinə görə yuxarı siniflərə tarixi prosesləri anlamaqda kömək ola bilər.

3. Yadda saxlama üsullarından istifadə edin

Mnemonik üsullar qafiyəli bəndlər formasında istifadə olunur. Kristofor Kolumbun nə vaxt dünya səyahətinə çıxdığını hamı bilir. Bunu həmin il dünyada baş vermiş müxtəlif hadisələrlə əlaqələndirmək tarixi yaddaşın artırılmasına kömək olacaq.

4. Fərdi ideyalara fokuslanın

Şagirdlərin önəmli tarixi şəxsiyyətlər haqqında məlumatları yadda saxlamağını istəyirsinizsə, tədris prosesinə adlar, tarixlər və tarixi hadisələrlə yanaşı, maraqlı faktlar da daxil etməlisiniz. Əlavə məlumatlar cəlbedicidir və şagirdlər tarixi şəxsiyyətlərin bilinməyən xüsusiyyətlərini eşitməyi daha çox sevirlər.

Tarixin iki ölçülü olmadığı təəssüratını gücləndirmək üçün şagirdlərinizlə birgə dərs materialını tamamlayan əl işləri hazırlamağa çalışın. Krallığın nəsil şəcərəsini cədvəl formasında hazırlamaq və ya məşhur memarlıq abidələrinin, məsələn, Böyük Çin səddinin maketini düzəltmək adların, tarixlərin, fikirlərin və tarixi hadisələrin əlaqələndirilməsinə kömək edəcəkdir. Bunların hamısı zehnin aktiv işləməsi və məzmunun daha uzun müddət yadda saxlanması ilə nəticələnir.

5. Böyük ideyalogiyaların əhəmiyyətini vurğulayın (səbəb-nəticə əlaqəsi, inqilablar, təhrif və perspektivlər, ehtimallar, faktlar və s.).

6. Şagirdlərin empatiya hissini inkişaf etdirmək üçün tarixi şəxsiyyətləri obrazlı canlandırmalarına şərait yaradın. Şagirdlərdən II Dünya müharibəsi ərəfəsində Uinston Çörçill və Franklin Ruzveltin danışıqları ilə bağlı bir debat keçirmələrini xahiş edin.

7. Mübahisəli fikirləri sınaqdan keçirmək üçün video oyunlardan istifadə edin (məsələn, mədəniyyətlərlə bağlı “Civilization VI” və ya təbii ehtiyatların əhəmiyyəti və yerləşməsi ilə bağlı “Age of Empires” və s. kimi oyunlardan).

8. Mübahisəli fikirləri və onlar arasındakı əlaqəni göstərmək üçün məzmun xəritəsindən istifadə edin. Bu üsulla konsepsiyaları diaqramlar, klasterlər və ya qrafiklər vasitəsilə daha aydın şəkildə izah etmək mümkündür.

Tarixin tədris planını hazırlayarkən diqqət etməli olduğunuz vacib məqamlardan ən önəmlisi isə özünüzü daim inkişaf etdirməyinizdir. Çünki təqdim olunan material nə qədər zəngin və maraqlı olsa, şagirdlər onu daha uzun müddət yadda saxlayacaqlar.

 

Materialın ingilis dilində orijinal variantını buradan oxuya bilərsiniz:

https://www.teachthought.com/pedagogy/5-tips-for-history-teachers-in-2017/

Hazırladı: TİPİM-in əməkdaşı Nərgiz Kərimova