Şagirdlərdə imtahan stressinin aradan qaldırılması
27.04.2021
Stress
Stress şəxsin neqativ hadisə olacağı düşüncəsinin səbəb olduğu narahatlıq halıdır. Gündəlik həyatımızda stress yaradan bir çox situasiya ilə qarşılaşırıq. Uzunmüddətli və güclü stress beyin və digər bioloji sistemlərin strukturuna və inkişafına mənfi təsir göstərir, bununla da öyrənmə, davranış, fiziki və zehni sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur. Əgər stress beyin inkişafının həssas dövrlərində yaşanarsa, xüsusilə təhlükəli ola bilər.
Stress çətin fiziki və ya emosional vəziyyətə normal bir cavabdır. Bizdə əsəb, həyəcan və ya narahatlıq hissi yaradan hər bir hadisədən yarana bilər. Stress, həmçinin tələblərin öhdəsindən gəlmək üçün resurslarınızdan daha artıq olan hallara bədənimizin reaksiyasıdır.
İmtahan stressi
İmtahan stressi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq halıdır. İmtahan stressi stressin digər formalarında olan vəziyyətlə eynidir, lakin bu cür stressin yaranma səbəbi imtahanla bağlı narahatlıqlardır. Bu hal qəbul imtahanlarında və ya ondan əvvəlki dövrdə, buraxılış imtahanı və ya ondan əvvəlki dövrdə, summativ qiymətləndirmə zamanı və s. situasiyalarda müşahidə olunur. Yəni bizdə narahatlıq hissi yaradan istənilən imtahan və ya qiymətləndirmə ilə bağlı ola bilər.
İmtahan stressinin əlamətləri
İmtahan stressi şəxsdə bir çox sferada öz əlamətlərini göstərə bilər. Xüsusən də, emosional, fizioloji, zehni və davranışla bağlı dəyişikliklərin olmasına səbəb olur. Aşağıdakı şəkildə stressin bu sferalarda özünü göstərən əlamətləri verilmişdir.
Ola bilər ki, bir uşaqda burada sadalanan əlamətlərdən çoxu müşahidə olunsun, digər uşaqda bir neçəsi olsun. Bu hal stressin səviyyəsini göstərir. Nə qədər çox əlamət varsa deməli stress bir o qədər güclüdür.
Şəxsiyyət xüsusiyyətlərindən asılı olaraq bəzi uşaqlarda stressin əlamətlərini müşahidə etmək asan olduğu halda, digərlərində (xüsusən də “introvert” xarakter tipli uşaqlarda) bunu müəyyənləşdirmək nisbətən çətin olur.
İmtahan stressinin səbəbləri
-
Ətrafda olan insanların təzyiqlərinə məruz qalmaq – Valideynlərin, müəllimlərin etdiyi təzyiqlər stressin artmasına səbəb olur.
-
Qeyri-real hədəflər qoymaq – Şagirdlərin öz bilik və bacarıqlarını düzgün qiymətləndirməmələri nəticəsində yanlış hədəflər müəyyənləşdirmələri sınaqda və ya imtahanda uyğun bal toplamamalarına səbəb olur ki, bu da stressi artırır.
-
Vaxtı düzgün təşkil etməmək və imtahana kifayət qədər hazır olmamaq – İmtahana vaxtında və kifayət qədər hazırlaşmamaq stress yaradan amillərdəndir.
-
Fizioloji tələbatları vaxtında və düzgün ödəməmək – Yuxu rejimi və düzgün qidalanmadıqda həm orqanizm zəifləyir, həm də psixoloji olaraq gərginlik yaranır.
-
İmtahan haqqında formalaşdırılan mənfi düşüncələr – Qaydalarla bağlı dəyişikliklərin olması və ya bununla bağlı söz-söhbətlərin olması, imtahanın gərginlik yaradan amil olması ilə bağlı danışıqlar və s. stress və gərginliyi artırır.
-
Özünü başqaları ilə müqayisə etmək – Şagird özünü başqaları ilə müqayisə edirsə və ya valideynlər və müəllimlər bunu edirsə, bu hal stressin yaranmasına səbəb olur. Uşaqları müqayisə etmək olmaz, müqayisə yalnız uşağın özünü əvvəlki günləri ilə müqayisə etməklə ola bilər. Çünki biz hər birimiz fərdi və fərqliyik.
Şagirdlərlə psixoloji iş zamanı stressin aradan qaldırılması üçün psixoloji texnikalar:
- Həyat tortu. Bu metod şagirdlər üçün imtahanın nə qədər əhəmiyyətli olduğunu müəyyənləşdirməyə kömək edir. Həmçinin şagird imtahandan da vacib amillərin olduğuna diqqət edir.
Həyatınızda ən çox dəyər verdiyiniz 5 məqamı sizin üçün əhəmiyyətlilik dərəcəsinə görə sıra ilə yazın. Bunu tortun dilimləri şəklində göstərin. Ən çox dəyər verdiyiniz amili digərlərindən daha böyük dilim formasında çəkin.
1.
2.
3.
4.
5.
2. Zaman maşını. Bu metod şagirdlərdə imtahanla bağlı pozitiv məqamlara diqqət etməyə kömək edir ki, bu da imtahan stressinin azalmasına kömək edir.
Təsəvvür edin ki, düyməsinə vurduğunuz zaman istənilən vaxta gedə biləcəyiniz bir texnikanız var. Biraz düşünün. Bu texnika necə bir əşyadır? Nə rəngdədir? Ölçüsü, forması necədir? Necə işləyir?
«Zaman maşını» istifadəyə hazırdır. İştirak edəcəyiniz əhəmiyyətli imtahanı düşünün. İmtahana görə çox narahatsınız və bu texnikadan istifadə etmək istəyirsiniz. «Zaman maşınının» vaxtını imtahanın bitdiyi vaxtdan 1 saat sonraya qurun. İmtahandan 1 saat sonradasınız. İmtahan uğurlu keçib.
Hardasınız?
Yanınızda kimlər var?
Nə edirsiniz?
Nə düşünürsünüz?
Nə hiss edirsiniz?
3. Nəfəs texnikaları. Düzgün nəfəs almaqla bağlı (sinə ilə yox, diafraqma ilə) məlumat vermək və uşaqlarla görüş zamanı nəfəslə bağlı texnikaları icra etmək şagirdlərdə düzgün nəfəs almaq vərdişini formalaşdırır. Nəfəs texnikaları stressin azalmasına kömək edir. Həmçinin uşaqlara məlumat vermək lazımdır ki, özlərini stresli hiss etdikləri istənilən situasiyada bunları tətbiq edə bilərlər.
Əlimizi qarnımızın üzərinə qoyuruq. Burnumuzla yavaş və dərindən 3 saniyə müddətində nəfəs alırıq. Bu zaman əlimizlə qarnımızın şişdiyini hiss etməliyik. 3 saniyə nəfəsimizi saxlayırıq. Daha sonra 6 saniyə boyunca ağzımızla nəfəsimizi veririk. Hər dəfə nəfəsimizi verdikdən sonra 3 saniyə fasilə edirik.
Bunu ilk dəfə üçün 6-7 dəfə icra edə bilərik.
4. Bədən gərginliyinin azaldılması. Relaksasiya üçün nəzərdə tutulmuş çalışmaların icra edilməsi əzələ gərginliyinin azalmasına səbəb olur. Aşağıda bədən gərginliyinin azaldılması üçün relaksasiya nümunəsi verilmişdir.
Gözlərinizi yumun.
Yavaş və dərindən nəfəs alın. Düzgün nəfəs aldığınıza diqqət edin.
İndi ayaqlarını yerə paralel olacaq şəkildə uzadın və dartın. Gərginliyi hiss edin. Ayaqlarınızı sərbəst buraxın.
Növbə qarnımızdadır. Qarnınızı mümkün olduğu qədər sıxın. Gərginliyi hiss edin. Və yavaş-yavaş qarnınızı sərbəst buraxın.
Diqqətinizi əllərinizə verin. Əllərinizi yumruq şəklində mümkün olduğu qədər sıxın. Gərginliyi hiss edin. Yavaş-yavaş əllərinizi sərbəst buraxın.
Başınıza diqqəti yönəldin. Alnınızı hərəkət etdirin. Gözlərinizi sıxaraq yumun. Ağzınızı açın. Çənənizi sıxın. Gərginliyi hiss edin. İndi hamısını sərbəst buraxın.
Rahatlığı hiss edin.
Artıq gərgin olduqda necə rahatlayacağınızı bilirsiniz.)))
5. Sən psixoloq rolunda. Bu çalışmanı şagirdlərlə icra etdikdə onlar həm özlərini (stresli olan insanın nümunəsində) kənardan görə bilirlər, həm də onların başqasına verəcəyi istiqamətlə onlara necə dəstək verə biləcəyimizi müəyyənləşdirə bilərik.
Təsəvvür edin ki, otağınızdasınız. Qapı döyüldü və içəriyə kədərli görünən bir şagird girdi. Sizə sabah girəcəyi imtahanla bağlı çox narahat olduğunu və imtahana kifayət qədər hazırlanmasına baxmayaraq stresdən uzaqlaşa bilmədiyini deyir. İmtahanda uğursuz olacağını düşündüyünü və buna görə gərgin olduğunu ifadə edir.
Ona nə deyəcəksiniz?
Əgər əyani görüş keçirirsinizsə, bu çalışmanı cütlüklərlə də işləyə bilərsiniz.
Şagirdlərdə imtahan stressinin ölçülməsi üçün aşağıdakı materialdan istifadə edə bilərsiniz:
Hazırladı: TİPİM-in əməkdaşı Aynur Rəhimova