Yaxşı müəllimi necə hazırlamalı?
07.03.2017
Məktəbdə ən vacib məsələ müəllimlərdir. Xoşbəxtlikdən öyrətməyi öyrətmək mümkündür.
11 iyun 2016, “The Economist” jurnalının həftəlik sayında çap olunmuş eyni adlı məqalənin onlayn versiyasından çıxarış. Məqalənin tam versiyasnı BURADAN oxuya bilərsiz.
Əla qiymətlərin və müvəffəq şagirdlərin sirri müəllimlərdir. Amerikada aparılmış tədqiqatların birində aşkar edilmişdir ki, bir tədris ilində ən yaxşı 10% müəllim öz şagirdlərinə ən pis 10% müəllimdən üç dəfə çox öyrədə bilir. Digər bir tədqiqat isə müəyyən edir ki, əgər qara dərili şagirdlər ən yaxşı müəllimlərin dörddə biri tərəfindən öyrədilsəydilər, ağ dərili həmyaşıdları ilə aralarında olan müvəffəqiyyət fərqi aradan qalxa bilərdi.
Lakin hər bir müəllimin öyrətmə qabiliyyətini təmin etmək cəhdləri qəlibləşmiş bir “yaxşı müəllim hazırlanmır, doğulur” mifi ilə axsayır. “Ölü şairlər dərnəyi” və ya “Təhlükəli şüurlar” filmlərinin qəhrəmanları Robin Uilyams, Maykl Pfayfr fövqəladə, fitri, ilhamlandırıcı gücə malik insanlar kimi qəbul edilirlər. Bir çox hallarda eyni fərziyyəyə söykənən hökümət proqramları da öyrətmə standardlarını yüksəltməklə yüksək nəticəli məzunları cəlb etməyə, pis müəllimləri işdən getməyə təşviq etməyə çalışır. Bununla yanaşı müəllimlərin bir çoxu hesab edir ki, mükəmməlliyə çatmaq üçün onlar mərkəzləşdirilmiş təlimatlardan azad edilməlidir.
Öyrətmə qabiliyyətinin ya var, ya yox olması fərziyyəsi isə yanlışdır. Yeni formalaşan müəllim-təlimçilər pedaqogika elminə ciddi töhfələr verir. Məqsəd idman məşqçilərinin idmançıları bütün bacarıqlarının zirvəsinə nail olmaq üçün çalışdırdıqları kimi adi müəllimləri təlimçilər vasitəsi ilə gücləndirmək, güclü etməkdir. Bunu düzgün edin - bu, məktəblərdə inqilab edəcək, həyatı dəyişəcək!
Müəllimlik kütləvi bir peşədir: o ildənilə ən güclü məzunları cəlb edə bilməz. Zəif müəllimlər işdən kənarlaşdırıldıqda onları yeniləri əvəz etməlidir, bu yenilər isə elə öz xələflərindən yaxşı müəllimlər yetişdirə bilməyən eyni sistem tərəfindən yetişdirilir. Bunun əksinə olaraq, orta statistik bir müəllimi inkişaf etdirmək yanaşması bütöv bir peşədə inqilab edə bilər. Dünyada az sayda müəllimlər uşaqlarla üz-üzə qalana qədər kifayət qədər yaxşı hazırlıqlı olur. Kasıb ölkələrdə isə müəllimlər, ümumiyyətlə, çox az təlim görürlər. Son hesabatlardan biri göstərir ki, 31 ölkədə ümumiyyətlə ibtidai sinif müəllimlərinin dörddə birindən çoxu minimal milli standartlara cavab vermir. Varlı ölkələrdə isə problem daha dərindədir. Müəllimlər uzun ixtisaslaşmış kurslardan keçirlər. Bu kurslar çox zaman “ekopedaqogika” və ya “vicdaniləşdirmə” kimi xəyali nəzəriyyələrin müzakirəsini əhatə edir. Bu kursların bəziləri, təhsil sahəsində magistr proqramları da daxil olmaqla, məzunların gələcək şagirdlərini necə öyrədəcəklərinə heç cür təsir etmir.
Müəllimlər universitetlərdə və kolleclərdə öyrənə bilmədiklərini nadir hallarda iş zamanı istifadə edir. Onlar yalnız işə başladıqları ilk illərdə, real sinif otaqlarında, real şagirdlərlə işləyərək yaxşı müəllimə çevrilirlər, lakin daha sonra bu inkişaf da azalaraq, dayanır. Bu, əsasən ona görə baş verir ki, məktəblər özlərinin ən vacib şagirdlərini yəni, müəllimlərini unudurlar. Müəllimlər bilikləri necə çatdırmaq lazım olduğunu öyrənməli və gənc beyinləri biliyi mənimsəməyə hazırlamalıdır. Yaxşı müəllimlər aydın hədəflər qoyurlar, yüksək davranış standartlarını təşviq edir və dərs vaxtlarını səmərəli idarə edirlər. Onlar yoxlanılmış təlimat üsullarından istifadə etməklə, beyinlərin bütün dərs ərzində iştirakını təmin edirlər, məsələn, sinifdə şagirdlərin “soyuq çağırışlar” adlanan suallar soruşmağını təşviq etməyi şagirdlərinin əllərini üstüstə qoyub oturtmaqdan üstün tuturlar.
Bu üsulları aşılamaq heç də asan deyil. Digər kompleks qabiliyyətlər kimi öyrətmə prosesində, tədrisdə ustalığa gedən yol hansısa mücərrəd nəzəriyyə yox, təməl mövzu biliklərə və pedaqoji metodlara söykənən intensiv, istiqamətlənmiş təcrübədən keçir. Müəllim sinifdə daha çox vaxt keçirməlidir. Şagirdlərin çox yaxşı nəticələrə malik olduğu Finlandiya, Sinqapur, Şanxay kimi yerlərdə təcrübəsiz müəllimləri ciddi praktika prosesinə cəlb edirlər. Amerikada yüksək nəticələr göstərən müstəqil dövlət məktəbləri müəllimlərə sinif otaqlarında kouçinq və rəy əsaslı təlimlər keçir.
Əsrlər əvvəlki sistematik kurikulum və klinik təcrübə ilə həkim yetişdirən tibb universitetlərindən fərqli olaraq, müəllimlərin təlimi ilə məşğul olan qurumların daha təkmilləşmiş, güclü olmasına ehtiyac var. Müəllimlərin təlimi ilə məşğul olan qurumların öz məzunlarının siniflərdə necə işlədiyinə dair məlumatları toplaması və nəşr etməsi vacibdir. Öz şagirdlərinin öyrənmə səviyyələrini inkişaf etdirmək üçün çox az və ya heç nə etməyən müəllimlər yetişdirən qurumlar subsidiya almamalı və onların məzunları müəllim olmamalıdır. Yalnız bu halda onlar xilas olmaq üçün özlərini inkişaf etdirəcəklər.
Müəllimlərin karyera boyunca inkişaflarını təmin etmək üçün məktəblərdə böyük dəyişikliklər edilməsinə ehtiyac var. Әn yaxşı müəllimlər öz qabiliyyətlərini müşahidə və kouçinq vasitəsi ilə cilalayırlar. Təcrübəli müəllimlər daha az təcrübəlilərə yüksək keyfiyyətli dərs icmalları verməklə, mentorluq etməklə kömək edə bilər.
Pul fikirləşdiyimiz qədər vacibdirmi? Məsələn, bu sahədə ən birincilərdən olan Finlandiyada müəllimlərin maaşı İӘİT ölkələri üzrə orta sayılan miqdardadır. Lakin bir çox yerlərdə siniflərdə ən yaxşıların qalmasını təmin etmək daha çox ödənişdən asılıdır. Şagirdlər qarşısında çalışan, inkişaf edən insanlar məvacib artımı əldə etmək üçün menecer olmamalıdır. Məvacib dəyişkənliyi ən yaxşı müəllimləri ən pis məktəblərə cəlb etməyə kömək edə bilər.
Orta statistik bir müəllimin keyfiyyətini artırmaq bu peşənin nüfuzunu artıra bilər. Daha istedadlı məzunları prosesə qoşulmağa sövq edə bilər. Ən böyük qazanc yeni müəllimləri daha yaxşı hazırlamaqdan və artıq siniflərdə olan müəllimləri təkmilləşdirməkdən əldə olunacaq.
Dərs aydındır, indi sadəcə öyrətmək qalır.